Ilham Əliyevin iki yolu

Ərəb ölkələrində baş verən hadisələr Azərbaycan iqtidarını bərk rahatsız edib. Açıq etiraf etməsələr də, hakimiyyət strukturlarında çalışanların abdominal sancıya düçar olması sezilir.

Dünyanın işinə baxın, bəzi məmurlar rüşvətdən imtina edirlər. Imtina edirlər, eşidirsinizmi?
Rüşvətdən yana sinov gedənlər bu gün rüşvətdən imtina edirlər.

Nə baş verib ki?

Bir gecəyə bu haramzadələr tövbə etdilərmi?
Rüşvət aludəçisi yalnız bir halda rüşvətdən imtina edə bilər.
Yuxarıların qorxusundan.

Vəssalam.

Başqa bir amil pulu mənəviyyatdan üstün tutanları öz yolundan çəkindirə bilməz.
Hər kəsə bəllidir ki, Ilham Əliyev Davosdan komandasına təpindikdən sonra məmurlar qanunları tanımağa başlayıb.
“QAI”-filan bir yana, təsəvvür edin ki, VTEK sistemində rüşvətin yığışdırılmasına göstəriş verilib.
Gömrük sistemində sanki inqilab baş verib, adamlar gördüklərinə inanmaq istəmirlər.
Ilham Əliyev hakimiyyətdə olduğu bu yeddi ildə nədən ilk dəfə məmurlara belə təpindi?
Bunun da səbəbləri bəllidir.
Ölkə prezidenti kimi onun dünyada baş verənlərdən daha geniş informasiyası var.
Ilham Əliyev həm də idarə etdiyi məmləkətdə görəv sahiblərinin hansı əməllərdən çıxdığını da çox gözəl bilir.
Və Afrika qitəsində illərlə yuxulu vəziyyətdə olan ərəblərin oyanmasından əndişələnir.
Ki, o oyanma Azərbaycana da sirayət edə bilər.
Elə ona görə də oyanmanın qarşısını almaq üçün profilaktik tədbirlərə əl atıb.
Məmurlar bir müddət rüşvət məsələsində ehtiyatla davranacaq, bu, şəksizdir.
Ancaq bu prosesin davamlı olması sual altındadır.
Piramida şəklində olan rüşvət mexanizmini birdən-birə dayandırmaq əslində mümkün deyil.
Bu çox ciddi fəsadlar verə bilər.
Həm iqtidar üçün, həm də cəmiyyət üçün.
Iqtidardakılar rüşvətdən tamamən imtina etsə (etiraf edək ki, nəzəri cəhətdən bu mümkün deyil), YAP iqtidarı sürətlə dağılacaq. Nədən ki, fəlsəfəsinin kökündə rüşvət dayanan bir rejimin rüşvətsiz nəfəs alması absurddur.
Az qala bir əsr rüşvətlə nəfəs alan cəmiyyət bir gün görsə ki, bu ölkədə rüşvət alan yoxdur, yaranacaq eyforiyadan psixi xəstəliklərin epidemiyası baş verər.
Bəs nə etmək lazımdır?
Öncə cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olmaq gərəkdir.
Sonra ciddi islahatlar aparılmasına start verilməlidir.
Fikrimcə, bu iki yolun tutulması həm Ilham Əliyevə, həm də Azərbaycan cəmiyyətinə sərf edir.
Prezident Ilham Əliyevin Misirdə, Tunisdə, Yəməndə, Sudanda, Əlcəzairdə, Iordaniyada baş verənlərdən mükəmməl məlumatı var.
Adları çəkilən ölkələrdə məmur özbaşınalığı pik həddinə çatmışdı.
Azərbaycanda da məmurlar istədiklərini edir, qanunları tapdalayır, özlərini qanunun fövqündə sayırlar.
Yəni Afrika ölkələrində baş verənlər bizim Azərbaycanda da təkrarlana bilər.
Və etiraf edirəm ki, əsla bizim məmləkətdə inqilabi dəyişikliklərin baş verməsinin tərəfdarı deyiləm.
REVOLYUSIYA yox, EVOLYUSIYA yolu bizlər üçün daha səmərəlidir.
Nədən ki, son 17 ildə cəmiyyətdə formalaşmış lal qarşıdurma dil açsa, Allah uzaq eləsin, qan su yerinə axar.
Azərbaycana VƏTƏNDAŞ HƏMRƏYLIYI hava-su kimi gərəkdir.
Buna yalnız prezident Ilham Əliyev nail ola bilər.
Azərbaycanda ciddi islahatlar aparılmasına ehtiyac var.
Buna da yalnız Ilham Əliyev start verə bilər.
Kəsəsi, Ilham Əliyevdən çox şey asılıdır.