Elmar Vəliyevin yıxıldığı təsdiqləndi

Gəncənin icra başçısı Elmar Vəliyev prezidentin müşavirəsindən sonra Mərkəzi Klinikadan öncə  “Medi Club” özəl klinikasına gətirilib.  Bu barədə klinikanın əməkdaşı “bizimyolinfo.com” a məlumat verib. O deyib ki, Elmar Vəliyev dünən (12 fevralda) günorta saat 1-də  təcili yardım maşını ilə  klinikaya gətirilib. Klinikanın əməkdaşı icra başçısının huşunu itirdiyinə görə onlara çağırış edildiyini və xəstəxanada ona yardım göstərildiyini deyib. “Elmar Vəliyev vəzifəli şəxs olduğuna görə burada saxlamadılar, Mərkəzi Klinikaya apardılar” -klinikanın əməkdaşı bildirib.
Gəncənin icra başçısı Elmar Vəliyev prezidentin müşavirəsindən sonra Mərkəzi Klinikaya gətirilib. Klinikanın  stasionar şöbəsinin əməkdaşı “bizimyolinfo.com” a bildirib ki, 1960-cı il təvəllüdlü Elmar Rüstəm oğlu Vəliyev klinikada xəstə kimi qeydiyyata alınıb. Şöbə əməkdaşı Elmar Vəliyevə sistem taxılıb, dərman verildiyini desə də, daha sonra bir neçə yerə zəng etməli olduğunu bildirib. Zənglərindən sonra deyib ki, bu şəxs haqqında ancaq onun birinci dərəcəli qohumlarına məlumat verilə bilər. Şöbə əməkdaşı əlavə edib ki, Elmar  Vəliyevin adı qeydiyyata alınsa da, onun xəstəxanada stasionar (yatılı) xəstə olması qeyd olunmayıb. “Amma bizim kompyüterlərdə məlumat yığılarkən çox vaxt səhvlər gedir. Sizə dəqiq deyə bilmərəm ki, o burada yatılı müalicə alır, ya yox”. Elmar Vəliyevin həkimi ilə danışmaq istəsək də, şöbənin əməkdaşı qeyd edib ki, həkimlər toplantıdadır. Klinikanın mətbuatla əlaqələndiricisi Şəhla Bağırovanın da toplantıda olduğunu öyrəndik. Qeyd edək ki, Gəncənin icra başçısı Elmar Vəliyev dünən prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransından dərhal sonra xəstəxanaya qaldırılıb. “Bizimyolinfo.com”a daxil olan məlumata görə prezident tədbirdə Elmar Vəliyevi ayağa qaldıraraq sərt şəkildə tənqid edib, sahibkarların hüquqlarını tapdalamaqda, ayrılan vəsaitləri düzgün istifadə etməməkdə suçlayıb. Dövlət başçısı Elmar Vəliyevə sonuncu dəfə xəbərdarlıq etdiyini, işində dönüş yaratmasa, vəzifəsindən azad olunacağını, barəsində tədbir görüləcəyini vurğulayıb. Bundan sonra icra başçısı huşunu itirib və yerə yıxılıb.

***

Elmar Vəliyev haqqında yayılan xəbəri təkzib etdi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mətbuatda barəsində yayılan informasiyalara münasibət bildirib. Elmar Vəliyev APA-ya açıqlamasında bildirib ki, ötən gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səhhətinin pisləşməsi barədə yayılan informasiyalar həqiqəti əks etdirmir: “Barəmdə yayılan məlumatlar doğru deyil. Bir balaca qripəm, hamı qrip ola bilər. Lakin bu, səhhətimdə hər hansı ciddi problem yaratmayıb, mən müalicə üçün harasa müraciət etməmişəm. Mənim üçün ora təcilli yardım da çağırılmayıb. Hazırda iş başındayam və işləyirəm”.

Xatırladaq ki, dünən prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Gəncənin icra başçısı Elmar Vəliyevin səhhətinin pisləşməsi, təcili yardım maşını ilə xəstəxanaya yerləşdirildiyi barədə məlumatlar yayıımışdı.