Masallıdakı partlayışla bağlı ilkin yalan

Hadisə yerin altına yığılmış qazın sızması nəticəsində baş veribsə, bina niyə çökməyib?

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Masallıda Telekommunikasiya Qovşağında baş verən partlayışın ilkin səbəblərini açıqlayıblar. Onların qənaətinə görə partlayış yerin altına yığılmış qazın sızması nəticəsində baş verib.
Mütəxəssislərin bu qənaətindən belə anlaşılır ki, qovşağın yerləşdiyi bina qaz xəttinin üzərində, yaxud ona çox yaxın yerdə inşa edilib. Lakin bu heç cür ağlabatan deyil. Çünki həmin bina sovet dönəmində inşa edilib. O dövrdə belə məsuliyyətsizliyə yol verilməsinə inanmaq çətindir. Sonradan binanın altından qaz xəttinin çəkilməsi də inandırıcı deyil. Digər tərəfdən, əgər partlayış qaz sızması nəticəsində, özü də binanın altında baş versəydi, o zaman bina yerə çökərdi. Lakin bu da baş verməyib.   
Əslində FHN-nin mütəxəssislərinin açıqladığı səbəb olayın əsl səbəblərini gizlətməyə yönəlik cəhddir. Çünki partlayış baş verən gündən hadisənin terror aktı olması barədə müxtəlif mülahizələr səsləndirilir.
Avropadan Asiyaya gedən rabitə xəttinin Masallıdan keçməsi, şahidlərin binanın məhz partladıldığını iddia etməsi bu versiyaları daha da gücləndirir. Bundan başqa Masallıdakı  ötən şənbə Rabitə və Informasiya Texnologiyaları Nazirliyində müəmmalı yanğın hadisəsi baş verib. Həmçinin Israil və ABŞ-ın xüsusi xidmət orqanları Azərbaycanda terror gözlənildiyi barədə ikinci dəfə məlumat yayıb. Hətta buna görə Israil səfirliyi artıq fəaliyyətini dayandırıb. Bütün bunlar da göstərir ki, Masallıdakı partlayış heç də texnogen səbəblərlə bağlı deyil. Yeri gəlmişkən, partlayışdan sonra qovşağın rəhbəri Əmanət Əzizovun işdən çıxarıldığı barədə “Azadlıq”ın xəbəri də rəsmən təsdiqlənib. Sual olunur, əgər partlayışa səbəb binanın altına sızan qazın yığılmasıdırsa, buna Əmanət Əzizov neyləsin? Onun işdən çıxarılması da rəsmi açıqlamanın uydurma olduğunu deməyə əsas verir.

İnformasiya şöbəsi