“Bir gün bu xalqın da səbri daşacaq”

Gözəl Bayramlı: «Ilham Əliyev Əli Kərimlinin fikirlərinə diqqət edib, başqa diktatorların aqibətini göz önünə gətirməlidir»

«Hakimiyyət xalqın hər an püskürə biləcək qəzəbi qarşısında necə duruş gətirəcəyini düşünsə, yaxşı olar»

Misir xalqının əzmkar mübarizəsi nəticəsində otuz illik diktator Hüsni Mübarək istefaya getdi. Amma yaşanan proseslərin fonunda Azərbaycanda maraqlı hadisələr cərəyan etməyə başladı. Misirin Azərbaycandan kifayət qədər uzaqda yerləşməsinə baxmayaraq istər ictimai nəqliyyatda, istərsə də internetdəki ictimai şəbəkələrdə bu ölkədə baş verənlər ciddi müzakirə predmetinə çevrilmişdi. Hətta hadisələrin kuliminasiya nöqtəsi zamanı Azərbaycan vətəndaşları Misir xalqının qalib gəlməsi münasibəti ilə bir-birlərini təbrik edirdi. AXCP sədrinin müavini Gözəl Bayramlı ilə müsahibəmizə məhz bu suala cavab almaqla başlamaq qərarına gəldik. G.Bayramlının fikrincə, bu tendensiyanın müşahidə olunması təsadüfi deyil və bu Azərbaycan xalqının da demokratik dəyişikliklər istəməsinin təzahürü sayılmalıdır:

Avtoritar rejimlərin ömrü uzun olmur

– Bu Azərbaycan xalqının ruh yüksəkliyindən irəli gəlir. Çünki Misirdəki mübarizədə xalq qələbə qazanmışdı. Bu hadisələri xalqın zəfəri kimi dəyərləndirə bilərik. Çünki xalq 30 illik diktatura rejimindən xilas olmaq üçün ayağa qalxmışdı. Xalqın ardıcıl olaraq meydanlarda mübarizə aparması bir son söz idi. Ona görə də, nəticədə Hüsnü Mübarək istefa vermək məcburiyyətində qaldı. Azərbaycan xalqı üçün də bunlar tanış hislərdir. Azərbaycanı da uzun illərdir ki, avtoritar bir rejim idarə edir. Həm də bizim insanlar özlərində belə bir fikri təlqin etmək istəyirlər ki, demək avtoritar rejimlərin ömrü uzun ola bilməz. Nə vaxtsa Azərbaycanda da avtoritar rejimin sonu olacaq.
Bu baxımdan Azərbaycan xalqı Misir xalqının sevincini öz sevincləri kimi ifadə ediblər. Əslində bu məqam oxşar sevinci yaşamaq istəyindən qaynaqlanır.

– Sizcə Azərbaycan xalqının bu əhval-ruhiyyəsindən hakimiyyət hansı dərsləri çıxarmalıdır?
– Hakimiyyət ciddi nəticələr çıxarmalıdır. Biz Azərbaycan müxalifəti olaraq arzulayardıq ki, bizdə Misirdəki hadisələrin insani ölüm tərəfləri təkrarlanmasın. Azərbaycanda normal şəkildə demokratik rejimə keçid olsun. Bu baxımdan Azərbaycan hökumətinin üzərinə çox ciddi vəzifələr düşür. Məsələn, güman edirəm ki, Azərbaycan hakimiyyəti gözləmədən, dərhal ciddi siyasi-iqtisadi islahatlara başlamalıdır. Mən hazırda şou kimi aparılan korrupsiyaya qarşı mübarizəni nəzərdə tutmuram. Korrupsiyanın başında duran adamların yığışaraq korrupsiyanın qarşısını necə alacağı sual doğurur. Təbii ki, xalq bu addımlara heç cür inana bilməz. Mən çox ciddi islahatları nəzərdə tuturam. Məsələn, çox yaxın bir zamanda keçirilən 2010-cu il parlament seçkilərinin nəticələrinin ləğvi belə bir ciddi addım ola bilər. Əgər hakimiyyət həqiqətən də ciddi islahatlarda maraqlıdırsa, ilk olaraq qanunsuz parlamenti buraxmaqdan başlaya bilər.

Xalqa fikrini ifadə etməsi üçün imkan yaradılmalıdır

– AXCP-nin keçirdiyi son müşavirədə partiya üzvlərinin böyük ruh yüksəkliyi nəzərə çarpırdı. Bu toplantıda partiya sədri Əli Kərimli dövlət başçısı Ilham Əliyevə xitabən belə bir açıqlama da verdi ki, “səndən daha güclülər məğlub oldu, sən də məğlub olacaqsan”. Sizcə, ölkədə ciddi dəyişikliklərə nədən başlamaq gərəkdir?
– Cəmiyyətdə hazırda böyük ruh-yüksəkliyi var. Əslində hesab edirəm ki, Ilham Əliyev Əli Kərimlinin bu fikirlərinə diqqət edib, başqa diktatorların aqibətini göz önünə gətirməlidir. Amma təəssüflər olsun ki, Ilham Əliyev bu açıqlamanın cavabını AXCP-nin gənc fəalını həbs etdirməkləÿ verdi. Bu, təbii ki, hakimiyyətin Azərbaycanda da analoji proseslərin başlaya biləcəyi ilə bağlı narahatçılığının ifadəsidir. Müxalifət analoji proseslərin Azərbaycanda da başlaya biləcəyi ilə bağlı ciddi əsasların olduğunu qeyd edir. Xalqın rəyi də bundan ibarətdir. Azərbaycan xalqı üçün öncə fikirini ifadə etməsi üçün imkan yaradılmalıdır. Uzun müddətdir ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığının ifadə olunması ilə bağlı hakimiyyət qeyri-rəsmi qadağa qoyub. Bir gün bu xalqın da səbri daşacaq və öz fikrini ifadə etmək üçün küçə və meydanlara çıxacaq. Müxalifət olaraq təbii ki, belə bir vaxtda üzərimizə böyük məsuliyyət və vəzifə düşəcək. Biz bu hadisələrin xaosa sürüklənməsini, qeyri-qanuni addımların atılmasını istəmirik. Biz hadisələrin sivil yolla inkişafının tərəfdarıyıq. Bir təşkilat olaraq da bu proseslərin önündə getməyə hazırıq.

Azərbaycanı korrupsiya bəlasından rejimin istefası xilas edə bilər

– Bu gün həm daxildə, həm də xaricdə demokratik inqilabın növbəti dayanacağının Azərbaycan ola biləcəyi vurğulanır. Norveçin də kifayət qədər tanınmış qəzeti Azərbaycanı inqilabların gözlənildiyi ölkələrin sırasına salıb. Amma bütün bunlara baxmayaraq, hətta krallıq qurmuş ərəb ölkələrinin liderləri siyasi islahatlara gedəcəklərini bəyan etdiyi vaxtda Azərbaycanda əksi yaşanır. Hakimiyyətin korrupsiyaya qarşı mübarizə şousu istisna olmaqla ciddi addım atılmır. Iqtidarın bu cür davranışı ilə daha çox cəmiyyətdəki süstlüyə arxayın olduğu vurğulanır. Bu nə dərəcədə düzgün yanaşmadır?
– Bu yanlış fikirdir. Azərbaycan hakimiyyəti xalqın hər an püskürə biləcək qəzəbi qarşısında necə duruş gətirə biləcəyi barədə düşünsə, yaxşı olar. Azərbaycan adının inqilabların baş verə biləcəyi ölkələrlə yanaşı çəkilməsi doğru yanaşmadır. Azərbaycanı hansı rejimin idarə etdiyi bütün dünyaya məlumdur. Artıq dünya düzəni dəyişir. Azərbaycan xalqı demokratiyaya nail olmaq üçün bir gün gələcək var gücü ilə ayağa qalxacaq. Sual ondadır ki, Azərbaycan hakimiyyəti bunun qarşısında duruş gətirə biləcəkmi? Hakimiyyətin indiki kimi korrupsiya ilə mübarizə şousu düzəltməklə bunun altından çıxacağını düşünmürəm.
Bir çox ərəb ölkələri Misirdən dərs götürərək ciddi islahatlara başladığı halda Azərbaycan hakimiyyəti yenə gözləmə mövqeyi tutur.

– Yeri gəlmişkən, hakimiyyətin korrupsiyaya qarşı başlatdığı kampaniya sizcə, nə dərəcədə səmimidir?
– Bu kampaniya uzun müddətli ola bilməz. Bu xalqın gözündən bir pərdə asmağın yoludur. Korrupsiyanın başında duran şəxslər buna qarşı necə mübarizə apara bilərlər? Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanda korrupsiyanın necə yığışdırıldığı ilə bağlı suala “mən almadım və bitdi” cavabını vermişdi. Azərbaycanda da hər şey başdan piramida şəklində aşağı doğru gedir. Artıq bu ölkədə hər bir sahə üzrə rüşvət qiymətləri müəyyənləşdirilib və sanki elə belə də olmalıdır. Xalqı aldatmağa ehtiyac yoxdur. Azərbaycanda korrupsiyanı yaradan hazırkı hakimiyyət və onun başında duran Ilham Əliyevdir.
Ona görə də korrupsiyanın qarşısının alınması üçün bu hakimiyyətin ən yaxşı yolu bütövlükdə istefaya getməkdir. Azərbaycanı bu korrupsiya bəlasından yalnız bu avtoritar rejimin siyasət aləmindən getməyi xilas edə bilər.

Azərbaycan da sosial partlayışın astanasındadır

– Misirdə baş verən hadisələrin fonunda hakimiyyətin səsləndirdiyi bir arqument də bundan ibarətdir ki, Azərbaycanda bu cür hadisələr baş verə bilməz, çünki bizim dövlət iqtisadi baxımdan güclüdür. Amma məsələ burasındadır ki, axı Misir də kasıb ölkə deyildi?
– Bu arqument heç bir tənqidə dözmür. Mən bilmirəm hakimiyyət təmsilçiləri Azərbaycanı varlı ölkə adlandırarkən nəyə istinad edirlər. Varlı ölkənin orta təbəqəsi olur. Azərbaycanda isə bu təbəqə tamamilə sıradan çıxarılıb. Əslində Azərbaycanda beş faiz korrupsiya hesabına varlanmış təbəqə mövcuddur. Yerdə qalan əhali isə kasıb təbəqədir. Yəqin Misirin varlı dövlət olması Hüsnü Mübarəkin trilyona yaxınlaşan varidatı ilə hesablandığı kimi Azərbaycanın da varlı olmağı Ilham Əliyevin ailəsinin varlı olması ilə ölçülür. Varlı dövlət o dövlətdir ki, onun vətəndaşı normal şərtlərdə yaşayır. Azərbaycan da Misir kimi həmin o sosial partlayışın astanasındadır.
Digər tərəfdən, ölkədə bu hakimiyyətdən narazılar ancaq kasıb təbəqə deyil. Sahibkarlar da bu hakimiyyətin yürütdüyü siyasətdən narazıdır. Sahibkarlar hər hansı işi həyata keçirmək üçün gərək mütləq rüşvət versinlər. Büdcə təşkilatlarında işləyənlər də hakimiyyətdən narazıdır.

– Bir çox ekspertlər vurğulayırlar ki, Misirdəki kimi sosial partlayışın siyasi tələblərə keçməsi üçün bir sıra amillərin üst-üstə düşməsi vacibdir. Sizcə, Azərbaycanda necə bu amillər üst-üstə düşürmü?
– Azərbaycanda da ciddi dəyişikliklərin baş verməsi üçün kifayət qədər səbəblər var. Biz sosial məsələləri artıq qeyd etdik. Azərbaycanın taleyini həll edən parlament formalaşdırılmalı olduğu halda hakimiyyət tam başqa cür siyasət yürütdü. Əgər əvvəllər parlamentdə real müxalifəti təmsil edən qüvvələr təmsil olunurdusa, bu dəfə fərqli addım atıldı. Bununla da Azərbaycan hakimiyyəti xalqla özü arasında uçurumu dərinləşdirdi. Artıq cəmiyyətin bütün təbəqələri tərəfindən ciddi narazılıq ifadə olunur. Bu baxımdan hakimiyyətin siyasəti Azərbaycanda ciddi dəyişikliklər üçün əsaslar yaradır.

Xalq necə Cvaid Qurbanova, onun kimilərinə səs verə bilər?

– Bir müddət əvvəl ictimai fəal qadınlar parlamentin buraxılması ilə bağlı xüsusi bəyanatla çıxış etdilər.  Nəyə görə məhz parlamentdən başladınız?
– Biz də istəyirik ki, proseslər islahatlar yolu ilə həyata keçirilsin. Parlament Azərbaycan xalqının iradəsini ifadə edən bir qurum olmalı və orada xalqın təmsilçiləri əyləşməlidirlər. Azərbaycan hakimiyyəti isə növbəti dəfə seçkiləri saxtalaşdıraraq xalqın nümayəndələrinin orada oturmasına imkan vermədi. Ona görə biz bu addımı atdıq ki, bəlkə hakimiyyət Yaxın Şərqdəki proseslərin fonunda ictimai fəal qadınların mövqeyini nəzərə alaraq parlamentin yenidən formalaşdırılmasına getdi. Indiyə qədər heç bir cavab gəlməyib. Lakin bizim fəaliyyətimiz bununla yekunlaşmayacaq. Əgər hakimiyyət islahatlar istiqamətində hər hansı addımlar atmasa, etiraz proseslərinin önündə gedən qruplardan biri də xanımlar olacaq. Azərbaycan xanımları ölkənin gələcəyi baxımından çox narahatdır. Güman edirəm ki, baş verəcək proseslərdə Azərbaycan xanımları da önəmli yer alacaqlar.

– Parlamentin ləğvi üçün əlinizdə kifayət qədər sübutlar varmı?
– Nüfuzlu beynəlxalq təşkilatların reaksiyası da göstərdi ki, Azərbaycandakı son seçkilər ciddi saxtalaşdırma şəraitində keçib. Son parlament seçkilərində xalqın iradəsinə zidd parlament formalaşdırıldı. Heç bir rəqabət mühiti yaradılmadı. Amma bütün bunlara baxmayaraq əhali səsini müxalifət nümayəndələrinə verdi. Mən özüm seçki hüquqlarımın pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət etmişəm. Seçkinin qalibi olduğum halda YAP namizədi Əli Əhmədov mənim mandatımla parlamentdə gedib əyləşir.
Digər dairələr haqqında da bunu demək olar. Azərbaycan hakimiyyətinin xalqın sərvətləri ilə varlanan adamlarının parlamentə düşməyi nə dərəcədə realdır? Sizcə, xalq Azərbaycanın sərvətini talayan Cavid Qurbanova, onun kimi digər oliqarxlara səs verə bilərmi? Bu insanlar Azərbaycan xalqının hesabına külli miqdarda sərvətə sahib olan adamlardır. Ona görə bu şəxslərin dairələrində əhali xalqını dərdini deyənlərə, müxalifət təmsilçilərinə səs verib. Amma nəticələr saxtalaşdırılıb. Ona görə parlament heç bir halda legitim sayıla bilməz.

– Artıq AXCP kütləvi aksiyaların keçirilməsi ilə bağlı qərar verib. Cəmiyyətdən gözləntiləriniz nədir?
– Toplumdan buna böyük dəstək gözləyirik. Cəmiyyət artıq bu aksiyalara başlamağın vaxtıdır deyir. Biz də partiya olaraq buna hazırıq. Artıq mart ayından kütləvi aksiyalara başlamaq qərarına gəlmişik.

Xəyal