YAP-ın ali toplantısının seçkiyə çox az qalmış keçirilməsi nəyə hesablanıb?
“Yeni Azərbaycan Partiyasının növbəti qurultayı avqust ayında keçiriləcək”. Bu barədə Modern.az saytına açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məlumat verib. Partiya qurultayının prezident seçkiləri ilə bağlı olduğunu deyən deputatın sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki kampaniyası rəsmən elan edildikdən sonra YAP hazırlıq prosesinə başlayacaq.
“Bizim qurultayımız seçki ilə bağlı olacaq. Ona görə də seçki prosesinə rəsmi start veriləndən sonra Yeni Azərbaycan Partiyası qurultayını keçirəcək”, – deyə YAP rəsmisi bildirib.
Hakim partiya budəfəki – V qurultayında 2013-cü il prezident seçkisində namizədini irəli sürməlidir.
Prezident seçkisi oktyabr ayının 15-də keçiriləcək. YAP-ın qurultayını seçkiyə çox az qalmış müddətdə keçirməsi bir sıra mülahizələrə yol açıb. Ehtimal olunur ki, hakim partiyanın bu addımının səbəbi həm iqtidar daxilində seçki ilə bağlı ziddiyyətlər, həm də beynəlxalq aləmin hansı mövqe tutacağının aydın olmamasıdır.
Məlumat üçün deyək ki, Ilham Əliyev hələ namizədliyini irəli sürüb-sürməyəcəyilə bağlı qəti fikir bildirməyib. Bu isə hakimiyyətdəki iki güclü qruplaşma arasında ziddiyyətləri şiddətləndirib. Naxçıvan klanı Ilham Əliyevin 3-cü dəfə prezident olması mövqeyindən çıxış edir, Paşayevlər isə seçkiyə başqa namizədlə qatılmağı üstün sayır və bu namizədi öz sıralarında görür. Elə bu səbəbdən Naxçıvan qruplaşması Paşayevlərin planını birmənalı olaraq qəbul etmir. Ilham Əliyevin sükutu isə Naxçıvan qruplaşmasını daha da narahat edir. Elə bu səbəbdəndir ki, vaxtaşırı Naxçıvan qruplaşmasında təmsil olunan YAP-çıların “Bizim namizədimiz Ilham Əliyevdir” şəklində bəyanatlarını eşidirik. Bu bir növ ölkə başçısına təzyiqdir. Seçkiyə bir neçə ay qalmış YAP-ın qurultayı keçiriləcəyi və namizəd elan olunacağı təqdirdə seçkiyə qədər hakimiyyət daxilindəki ziddiyyətlər fəlakətli həddə çata bilər. Digər tərəfdən beynəlxalq aləmin istər yeni namizədi, istərsə də, Ilham Əliyevi qəbul etməmək riski var. Biz hələ cəmiyyətin tutacağı mövqeyi demirik. Lakin seçkiyə çox az qalmış bir vaxtda iqtidari üçün, həm ölkə daxilindən, həm də xaricdən gözlənilən təhlükəni minimuma endirmək mümkün ola bilər. Bu baxımdan elə Ilham Əliyevin özünün YAP-ın qurultayının seçkiyə az qalmış müddətdə keçirilməsinə maraqlı olduğun düşünmək olar. Lakin cəmiyyətin ölkədə dəyişikliyə israr etməsi demokratik dünyanın da buna müsbət yanaşması hakimiyyətin “qurultay əməliyyatı”nın uğurla başa çatacağına inamı azaldır.
Namiq