Əylislinin qulağını kəsməyə çağırış oldu, ara qarşıdı

Əkrəm Əylisli: «Hafiz Hacıyev səviyyəli adamlara qol-qanad verənlər Azərbaycan mənəviyyatının axırına çıxa bilər»

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev son günlər qalmaqallı “Daş yuxular” əsərinə görə hücumlara məruz qalan yazıçı Əkrəm Əylislinin qulağını kəsənə 10 min manat mükafat vəd edib. O, “Turan”a müsahibəsində də rəhbərlik etdiyi partiyanın belə bir qərar qəbul etdiyini təsdiqləyib. Hafiz Hacıyev bildirib ki, qərar qətidir və fikirlərindən daşınmayacaqlar. “Qərarın icra edilməsini də gənclər təşkilatının üzvlərinə həvalə etmişik. Bu qərarı kim yerinə yetirsə, ona 10 min manat mükafat veriləcək. Biz qərarımızdan geri çəkilən deyilik”, – deyə Hafiz Hacıyev əlavə edib.

“Tədbir görülməsə, terrordan qorunmaq üçün xaricə getmək məcburiyyətində qalacağam”

Əkrəm Əylisli bu bəyanatı şərh edərkən deyib ki, Hafiz Hacıyev səviyyəli adamlara qol-qanad verənlərÿAzərbaycan mənəviyyatının axırına çıxa bilər. Yazıçı bildirib ki, normal ölkələrdə hüquq-mühafizə orqanları belə bəyanatı verənÿ şəxsləri dərhal məsuliyyətə cəlb edər: “Amma bizdə hüquq-mühafizə orqanları bu ÿadamın illərdən bəri bu sayaq sərsəm bəyanatlarına münasibət bildirmir”.
Əkrəm Əylisli həmçinin hüquq-mühafizə orqanlarını onun təhlükəsizliyininÿ təminatı ilə bağlı tədbirlər görməyə çağırıb: “Hüquq-mühafizə orqanları təsirli ÿtədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getməkÿ məcburiyyətində qala bilərəm”.
Hüquq-mühafizə orqanlarının Hafiz Hacıyevin məlum bəyanatı ilə bağlı mövqeyi də maraqlı olub. Məsələ ilə bağlı Daxili Işlər Nazirliyinin mövqeyini öyrənmək istəyən “lent.az”a nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin cavabı belə olub: “Bizdə bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur. Cəmiyyətdə tutduğu mövqedən, sosial-siyasi mənsubiyyətindən aslı olmayaraq heç kimin hər hansı şəxsi özbaşına mühakimə etmək hüququ yoxdur. Bununla əlaqədar yayılmış məlumatlar tərəfimizdən araşdırılacaq və qanuna müvafiq formada araşdırmaların nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.
Əkrəm Əylisli də öz növbəsində bildirib ki, hökumətə məlum olan faktla bağlı onun təkrar ərizə yazmasına gərək yoxdur.

“Bu mükafat açıq-aşkar cinayətə təşviqdir”

Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı bu addımın cinayət hüququ baxımından ağır cinayətə təşviq olduğunu deyib. Hüquq-mühafizə orqanlarının buna cavab kimi, ciddi tədbir görməli olduqlarını vurğulayıb.
“Bu mükafat açıq-aşkar cinayətə təşviqdir və bu qərarı qəbul edənləri ağır cinayətə təşviq etməyə görə cinayət məsuliyyəti gözləyir. Ümid edək ki, hüquq-mühafizə orqanları bu şəxslərə qarşı hansısa addımlar atıb, informasiya vermirlər”, – deyə R.Hacılı “Turan”a açıqlamasında bildirib.
R.Hacılı qeyd edib ki, bu, insanın təhlükəsiz yaşamaq hüququ ilə yanaşı, həm də ifadə azadlığına qarşıdır. Hüquq müdafiəçisi həmçinin hüquq-mühafizə orqanlarının məsələyə ciddi yanaşmasının vacibliyini vurğulayıb.
Başqa bir hüquq müdafiəçisi Arzu Abdullayeva da Hafiz Hacıyevin məlum bəyanatını ölümə çağırış kimi qiymətləndirib. Hüquq müdafiəçisi mənəvi baxımdan bu addıma ad verməyin çətin olduğunu deyib: “Bu mədəniyyətsizlik, ölkəni orta əsrlərə çəkməkdir və təəssüf ki, ölkədə belə vətəndaşlar var”.
Son vaxtlar Ə.Əylislinin vətəndaşlıqdan məhrum olunması çağırışlarına gəlincə, A.Abdullayeva Əkrəm Əylisli kimi vətəndaşlardansa, “balıq Hafiz” kimilərin vətəndaşlıqdan məhrum olunmalı olduqlarını qeyd edib.

“Hafiz Hacıyev məhdud ağlı ilə fikirləşsin ki…”

Deputatlar da Hafiz Hacıyevin təklifini etirazla qarşılayıb. Məsələn, Musa Quliyev hesab edir ki, hüquq-mühafizə orqanları buna reaksiya verməlidirlər: “Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş siyasi partiyanın rəhbəri belə xuliqan bəyanatlar verməli deyil. Bu, bütövlükdə Azərbaycan demokratiyasına bir qəsddir və əleyhimizə olan qüvvələrin əlinə dəstəvuz verməkdir. Əgər Əkrəm Əylisli özünün əsəri ilə xalqına ziyan vurursa, Hafiz Hacıyev də belə qeyri-qanuni hərəkətləri ilə onun gördüyü işi təkrarlayır. Hafiz Hacıyev oturub özünün məhdud ağlı ilə fikirləşsin ki, o bununla Azərbayacana nə qədər ziyan vura bilər. Hafiz Hacıyev və onun partiyasının Əkrəm Əylisliyə etirazı varsa, bunu aksiya və mətbuatda çıxışlar etməklə bildirə bilər”.
Digər deputat Asim Mollazadə də bildirib ki, bu bəyanat zorakılığa təhrikdir və Azərbaycan qanunvericiliyinin kobud surətdə pozulması deməkdir. Millət vəkili hesab edir ki, hüquq-mühafizə orqanları buna öz münasibətini bildirməlidirlər.
Çingiz Qənizadə də Hafiz Hacıyevin məlum bəyanatını yolverilməz hesab etdiyini söyləyib: “Hansısa partiya sədri kiminsə qulağının kəsilməsi barədə mükafat təyin edirsə və insanları buna şirnikləndirirsə, bu, artıq cinayətdir”.

“Istiqlal” və “Şöhrət” də onlara lazım olsa…”

Bu arada, Gəncədə bir qrup adam yığışaraq, şəhərin mərkəzində Əkrəm Əylislinin kitablarını yandırıb. Yazıçı “mediaforum”a müsahibəsində kitablarının yandırılmasıyla bağlı fikirlərini belə ifadə edib: “Kitablarımı yandırırlar, çəkib televiziyalara, başqa mətbuat orqanlarına verirlər və hamı bunu görür. Buna mənim münasibət bildirməyim nə qədər doğrudur? Bu münasibət kimə lazımdır? Buna Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi münasibət bildirməlidir. Onlar yazıçının əsərlərinin yandırılmasına münasibətlərinin necə olduğunu açıqlasınlar. Hər kəsin yaradıcı azadlığına konstitusiya ilə təminat verilən sivil bir ölkədə kitabın yandırılmasına Yazıçılar Birliyi, Mədəniyyət və Turizm Nazirliyi, başqa təşkilatlar niyə reaksiya vermir?
Təbii ki, kitablarımın yandırılmasına münasibətim yaxşı deyil. Çünki yandırılan kitablar mənimdir və onlara illərimi sərf etmişəm. Hesab edirəm ki, bunu edənlər kitablarla bərabər özlərini də yandırırlar. Əgər ədəbiyyatı həyata köçürsən, o kitablarda onlar haqda mənfi heç nə yoxdur, yalnız müsbət obrazları var. Ona görə də kitablarımı yandıranlar həm də özlərini yandırırlar.
Əylis kəndinin adamlarının kitablarımı yandırması mənə daha pis təsir edir. Çünki əsərlərimdə əylislilərin babalarının, atalarının, analarının bədii obrazları var. Birbaşa olmasa da, onların müsbət bədii obrazlarını yaratmışam, ali insani keyfiyyətlərindən, Əylisin həyat tərzindən, günəşinin işığından yazmışam, bütün dünyaya göstərmişəm. Bunları yandırmaqla qurtaran deyil. Belə bir məşhur söz var ki, kitab heç vaxt yanmır. Digər yazılar da həmçinin”.
Yazıçı onu da qeyd edib ki, onun kitablarını oxumaq istəyən onsuz da tapacaq: “Kitablarımı sevə-sevə evində saxlayanlar var və onlar oxuyacaqlar”.
Yazıçı doğulduğu Əylis kəndində onun əleyhinə aksiya keçirilməsindən də danışıb: “Orada iştirak edənlər arasında 5-6 nəfər Əylis adamı vardı. Amma əksəriyyəti ordan-burdan yığma komanda idi. Bir neçəsi də tanıdığım şəxslərdir. Adamları qızışdırıb ora yığmışdılar. Istər Əylisdən olanlar olsun, istərsə də başqa yerlərdən gələnlər. Əylis kəndində mənə münasibət heç vaxt pis ola bilməz. Sağlıq olsun, ora yenə gedərəm.
Prezident təqaüdündən məhrum edilməyinin dolanışığına təsiri haqda sualı cavablandıran Əkrəm Əylisli bildirib ki, o qədər də təmtəraqlı, xərcli, bahalı həyat yaşamayıb. Odur ki, bu təqaüd olmadan da yaşaya bilər.
Yazıçı onu da qeyd edib ki, “Istiqlal” və “Şöhrət” ordenlərini də ondan almaq istəsələr, qaytarmağa hazırdır: “Desələr bunlar bizə çox lazımdır, gətir ver, aparıb verərəm. Amma hələlik bunu deyən yoxdur”.