akarimli-yeni4

“Hakimiyyət tanımadığı rəqiblə üz-üzə gəlib” (VİDEO)

akarimli-yeni4“Son etiraz aksiyaları yeni xalq hərəkatının başlamağının siqnallarıdır”

“Hakimiyyət geniş düşünə bilsə müxalifətin əl-qolunu bağlamaqla nə qədər böyük səhvə yol verdiyini anlayar”

AXCP sədri Əli Kərimli Türkiyədən yayımlanan “Azərbaycan saatı” TV proqramına müsahibə verib. Müsahibə proqramın 10 fevral buraxılışında yayımlanıb.
Əli Kərimli son etiraz aksiyalarına qiymət verərək ölkədə demokratiya və azadlıqlar uğrunda mübarizənin mahiyyətcə yeni mərhələnin başladığını deyib, hakimiyyətin düşdüyü vəziyyəti təsvir edib və bu mərhələdə müxalifətin üzərinə düşən vəzifələrdən danışıb.
Müsahibənin video-yazısını və mətnini (videopəncərədən sonra) təqdim edirik:

– Əli bəy, ötən ay Azərbaycanda çox gərgin gündəm oldu- Ismayıllı hadisələri, “Binə”də baş verənlər və s. Bu hadisələrlə bağlı  sizin  dəyərləndirməniz necədir?
– Həqiqətən də biz çox gərgin bir ay yaşadıq. Yəqin ki, son 20 ildə yanvar ayı heç zaman belə gərgin və hadisələrlə zəngin olmamışdı. Fikrimcə, sizin sadaladığınız hadisələrin hamısı ümumi qaynunauyğunluğa tabedir. Baş verənlərin əvvəlki illərdəki proseslərin mexaniki davamı olduğunu düşünmək yanlışlıq olardı. Artıq Azərbaycanda demokratiya uğurunda mübarizənin keyfiyyətcə yeni bir mərhələsinin başlanmasından danışmaq olar.

– Nələri nəzərdə tutursunuz?
– Əliyevlərin hakimiyyətdə olduğu bütün bu illər ərzində demokratiya uğurunda mübarizə davam edib. Amma həmişə əsas ağırlıq daha çox partiyaların üzərinə düşüb. Indisə birinci dəfədir ki, fenomenal hadisə baş verir. Dünənə qədər heç bir siyasi partiyanın üzvü olmayan insanlar kütləvi şəkildə siyasi tələblərlə çıxış edirlər, müəyyən mənada siyasi etirazların mərkəzi paytaxtdan əyalətlərə keçir. Bu yeni mərhələdir və onu şərtləndirən səbəblər var.
Birincisi, Azərbaycan gəncliyinin prosesdə mütəşəkkil qaydada iştirak etməsidir. Artıq yeni nəsil siyasət və ictimai həyat meydanına qədəm qoyur. Bu insanlar 2003, 2005-ci illərin seçki mübarizəsində iştirak etməmiş insanlardır. Burada söhbət onminlərlə təhsilli, düşüncəli, Azərbaycanda dəyişiklik istəyən gənclərdən gedir.
Ikincisi, bu mərhələdə önəmli məqam Azərbaycanın rayonlarının fəallığıdır. Siyasi mənsubiyyəti olmayan sadə vətəndaşlar, zəhmətkeş insanlar bu gün qorxmadan çəkinmədən öz haqlarını tələb edirlər.
Üçüncüsı, indi etiraz hərakatının informasiya dəstəyi çox güclüdür. Uzun illər biz müxalifətçilər rejimlə mübarizə aparanda yalnız bir neçə qəzetin dəstək verəcəyini güman edə bilərdik. Amma indi internet elə bir qüvvəyə çevirilib ki, atrıq protest hərəkat barədə məlumatlar cəmi bir neçə gün ərzində milyonlara çatır. Əvvəllər də Azərbaycanda lokal etirazlar olmuşdu – Nardaranda, Şəkidə, Nehrəmdə. Amma onlardan nə qədər insan xəbər tutdu? Çox az. Televiziyalar orda baş verənləri yaymadı, qəzetlərin tirajı məhdud olduğundan bu işi tam yerinə yetirə bilmədilər. Amma indi “Binə” Ticarət Mərkəzində, Ismayıllıda baş verənlərdən hər kəs xəbər tutdu.
Nəhayət, indiyə qədər etiraz hərəkatının ünvanı tam bəlli idi. Indi isə hökumət tanımadığı bir rəqiblə üz-üzə gəlib. Hökumət bilmir ki, kim və nə vaxt etiraz edəcək. Buna görə də hökumət aksiyadan qabaq “profilaktik həbslər” həyata keçirə bilmir.
Bütün bunların hamısına görə hesab edirəm ki, yanvarda baş verənlər sadəcə xalqın lokal aksiyaları deyil, yeni xalq hərəkatının başlamasını göstərən ilk SOS siqnallarıdır.

– Siz xalqın, gənclərin fəallığından fərəhlə danışırsınız, amma bəziləri deyir ki, qeyd etdiyiniz faktor ənənəvi müxafilətin önəminin azaldığının göstəricisidir. Siz bu qənaəti bölüşürsünüz?
– Bu yeni mərhələ öz-özünə yaranmayıb ki?! Bu yeni məhrələnin meydana çıxmasının səbəbini araşdırmaq lazımdır. Burda bir neçə faktor var. Bu barədə açıq danışmaq lazımdır. Bu qədər insanların qorxusunun, xofunun dağılmasında, kütləvi mübarizəyə qoşulmasında əsasən 3 amilin olduğu fikirindəyəm.

– Hansı amillərdi?
– Birincisi şübhəsiz ki, internetdir. Internetlə informasiyanın tez və sürətlə yayılması yeni fenomendir. Bilirsiniz, texnoloji inkişaf siyasi münasibətlədrə də müəyyən dəyişikliklərə səbəb olur. Internet artıq bizə yeni imkanı yaradıb ki, Azərbaycanın istənilən rayonunda, kəndində insanlar baş verənlərdən xəbər tuta bilsin.
Ikincisi 2011-ci ildən başlayaraq, diktatorların bir- bir məğlubiyyətə məhkum olması, tarixin səhnəsini tərk etməsi, Əliyevlərdən daha güclü rejimlərin xalqın qarşısında məğlub olmasıdır.
Üçüncü faktor demokratik qüvvələrin 20 il ərzində apardığı mübarizədir. Biz bir gün də olsun bu rejimlə mübarizəni dayandırmamışıq. Biz bir gün də olsun hakimiyyətə özünü tam sərbəst hiss etmək imkanı verməmişik. Qüvvələr nisbəti fərqli olub, rejimin müxalifətdən daha qüvvətli vaxtları olub. Əzilmişik, təqib olunmuşuq, həbs olunmuşuq, amma bir gün də olsun həqiqəti deməkdən, azadlıq uğurunda mübarizədən dayanmamışıq. Məhz həmin o ənənəvi, prinsipial müxalifətin apardığı uzun müddətli mübarizə, yaratdıqları şəxsi nümunələr yeni mərhələni yetişdirib.
Təkcə “2 aprel” məhbuslarının məhkəmələrdə göstərdiyi dəyanəti götürün. Və ya bu gün AXCP rəhbərliyinin 50 faizi keçmiş siyasi məhbuslardır. Onların hər biri cəmiyyət üçün bir fenomendir. Onlar öz həyatları ilə sübut ediblər ki, təqib olunmaq, həbs olunmaq dünyanın sonu deyil, ona sinə gərmək, həbslərdən, döyülmələrdən sonra da şəstlə mübarizəni davam etdirmək olar.
Müstəqil qəzetlərin – “Azadlıq”, “Yeni Müsavat”ın, “Azərbaycanm saatı” proqramının insanların maarifləndirilməsində, yeni mərhələnin yetişdirilməsində böyük rolu var. Bunları sadalamaqla onu vurğulamaq istəyirəm ki, bu gün baş verənlər milli demokratik qüvvələrin apardığı mübarizənin nəticələrindən biridir.
Indi də müxalifət olaraq kənarda deyilik. Biz bütün baş verənlərin içindəyik və avanqardıyıq. Siz bu etiraz aksiyalarında həbs olunanların, cərimələnənlərin siyasi kimliyinə baxın. Hə, o başqa məsələdir ki, bir çoxları müxalifət haqqında bitkin anlayışa malik deyil. Elə bilirlər ki, müxalifət xalqla əlaqəsi olmayan ayrıca qurumdur, guya onun özünün döyüşən mitinqçiləri, ordusu var. Belə adamlar sizin dediyiniz kimi düşünə bilərlər. Amma əslində müxalifət xalqın etiraz edən, narazı təbəqələrinin təmsilçisidir. Xalq meydanlara çıxıdıqda müxalifət də güclənir. Ona görə də bu başlanan proses nəinki müxalifətin rolunu azlatmır, əksinə müxalifətə güc verir. Bizim uzun müddət sönməyə qoymadığımız, həqiqət, azadlıq məşəli indi alovlanıb tonqala çevirilib. Biz bunun üçün cəmiyyətin ən üxtəlif təbəqələrindən dəstək aldıqca, sadə insanlarımızı, ziyalıları, gəncləri meydanda gördükcə özümüzü daha rahat, daha inamlı hiss edirik.

– Baş verən hadisələrə hökumətin yanaşmasını necə qiymətləndirirsiniz?
– Hökumətin tərəddüdü var. Hökumət hələ necə hərəkət etməyi tam qətiləşdirməyib. Fikir verdinizsə “Binə”dən və Ismayıllıdakı aksiyalardan sonra Imişli və Zaqatalada lokal etirazlar başladı. Hökumət nazir müavinləri səviyyəsində ora nümayəndələrini yolladı. Onlar orada dedilər ki, sizin ayağınıza gəlmişik. Yəni, qorxudan  xalqın tələblərini yerinə yetirmək istəyirlər. Eyni zamanda bu qorxunu nəzərə çarpdırmırlar. Digər təfəfdən bunların kompleksləri var axı. Onlar həmişə zor gücü ilə hakimiyyətlərini bərqərar etdikləri üçün xalqın qarşısında onunla hesablaşan qüvvə kimi görünmək istəmirlər. Fikir verin, əslində dünyanın bütün normal hakimiyyətləri xalqla hesablaşdığını sübut etməyə çalışır, hətta öz marağı üçün gördükləri işi “xalq səni eşitdim, sənin üçün elədim” formasında təqdim edir, Azərbaycan hökuməti isə buna getmir, düşünür ki, birdən xalqa elə gələr ki, ondan qorxdum, onunla hesablaşıram.
Onlar deyir ki, xeyr, zalım, qəddar imicimiz qalmalıdır. Ona görə də həbslərə başladılar. Bu həbslərdə məqsəd qorxunun, xofun dağılmasına imkan verməməkdir. Amma situasiyanın dəyişməsi həm də onda özünü göstərir ki, repressiyalar, qorxunun dağılmaması üçün atılan addımlar effektsiz qalır.
Yanvarın 19-u mətbuat “Binə”də etiraz edənlərə qarşı zəhərli qazlardan, rezin güllələrdən istifadə olunduğunu yazdı. Həbslər barədə xəbərlər yayıldı. Bəs nə oldu? Cəmi 4 gün sonra Ismayıllı ayağa qalxdı. Ismayıllıda repressiyalar həyata keçirildiyi və bundan hamının xəbər tutduğu vaxtda Imişli və Zaqatalada etirazları gördük. Deməli, artıq insanlarımız qorxmur, onlar başa düşür ki, bu həbslərin məqsədi qorxu yaratmaqdır.

– Belə gərgin şəraitdə müxalifətin vəzifələri nədən ibarətdir?
–  Bu ciddi bir məsələdir. Birincisi biz öz planlarımızda mübarizəyə yeni qoşulan geniş xalq kütlələrini nəzərə almalıyıq. Yəni, meydanda artıq təkcə müxalifət deyil, öz hüquqları uğurunda mübarizə aparan xalq var. Eyni zamanda bir deyil, çoxlu sayda etiraz ünvanları var. Bizim taktika və strategiyamız bu şəraitə uyğun olmalıdır.
Ona görə də biz çalışmalıyıq ki, bu vəziyyətdən müxalifətin və demokratik qüvvələrin birliyinə nail olmaq üçün maksimum çalışaq.
Baxın, xalq bu hadisələr zaman bütün qüvvələrə sosial sifariş verdi. O sifariş bundan ibarət idi ki, birləşmək lazımdır. Çünki başlanan yeni xalq hərəkatını idarə etmək üçün yaxşı təşkilatlanmış güclü müxalifətə ehtiyac var. Buna da nail olmaq üçün bütün ölkənin müxalifət və demokratik qüvvələrinin öz fəaliyyətini koordinasiya etməyə, birləşmiş müxaliət olaraq ortaya güc qoymağa ehtiyacı var.
Bir halda ki, yeni bir mərhələdən söz açırıq və hökumətin də nə qədər qəddar olduğunu bilirik, cəmiyyət, müxalifət buna hazır olmalıdır. Bunun üçün də çox ciddi şəkildə hüquq müdafiə sistemini qurmalıyıq. Əzilən insanların müdafiəsini təşkil edəcək mərkəzə ehtiyac var. Bu şərti olaraq Reperssiyalardan Müdafiə Fondu da adlandırıla bilər.

– Son həbslər Avropa Şurası Parlament Assambleyasındakı müzakirələrdən sonra baş verdi. Bu halda Azərbaycanda fəal kəsminin Avropa Şurasına yanaşması necə olmalıdır?
– Həqiqətən də almaniyalı deputat Ştrasserin hesabatı qəbul olunmadıqdan dərhal sonra müxalifətə qarşı təzyiqlər artdı. Açıq danışmalıyıq. Son repressiyalarda Ştrasserin hesabatına səs vermiş insanlar da məsuliyyət daşıyır. Biz Ictimai Palata olaraq Avropa Şurası Parlament Assambleyasına açıq məktub hazırlamışıq. Orada hesabatın əleyhinə səs verənləri ittiham etmişik, qınamışıq. Bu adamlardan biri kürüsevərdi, birinin başqa maraqları var. Onlar bu maraqlarını Azərbaycan xalqının hüquqlarının tapdalanması hesabına təmin etməməlidirlər. Bununla belə Avropa Şurasına Parlament Assambleyasında Ştrasser kimi həqiqi demokrat, insan haqlarını hər şeydən üstün tutanlar da var. Bu baxımdan AŞPA-da baş verənlər bizdə anti-Qərb əhval ruhiyyəsi yaratmamalıdır. Azərbaycanda oğrular, korrupsionerlər var, elə Ilham Əliyevin özü mütəşəkkil cinayətkarlığa və korrupsiyaya görə ilin adamı elan olunmuşdu, indi Avropa bunu bütövlükdə Azərbaycan xalqına şamil edə bilməz axı. Biz də həmin bir qrup kürüsevənlərə görə bütövlükdə Avropanı qınaya bilmərik. Biz korrupsioner avropalıya qırmızı işıq yandırmalı, demokrat, idealist avropalıya dəstək verməliyik. Və bu sahədə öz siyasətimizi gücləndirməli, açıq müstəviyə keçirməliyik.