Rayonda zəlzələdən ziyan çəkənlər icra hakimiyyətinin qarşısına axışdılar
Balakəndə ötən ilin oktyabrında baş verən zəlzələdən sonra evləri yararsız hala düşən və hökumətdən heç bir kompensasiya ala bilməyən yüzlərlə sakin fevralın 11-də rayon icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirdi.
“Deyirlər ki, komissiya şikayətinizə baxacaq. Baxan idisə…”
Sakinlər deyir ki, zəlzələdən təxminən 4 ay vaxt ötməsinə baxmayaraq, onlara heç bir yardım edilməyib. Onların sözlərinə görə, zəlzələdən ziyan çəkənlərə yardım məqsədilə dövlət büdcəsindən ayrılan vəsait mənimsənilib.
İcra hakimiyyətinin binası qarşısında etiraz aksiyasını əsasən Hənifə və Qazma kəndlərinin sakinləri keçirib. Ancaq onlara az sayda da olsa da, başqa kənd və qəsəbələrdən də qoşulanlar olub.
Hənifə kənd sakini Teymur Ramazanov deyir ki, heç kim onları qəbul edib problemlərilə maraqlanmır: “Bizə nə kompensasiya verən var, nə də uçuq evimizi tikən. Niyə uçuq-sökük evlərdə qorxa-qorxa yaşamalıyıq? Haqqımızı tələb edirik, ancaq bizə diqqət yetirmirlər”.
Qazma kənd sakini Namiq Abdullayev də biganəlikdən şikayətçidir: “Deyirlər ki, komissiya gəlib şikayətinizə baxacaq. Komissiya belə baxan idisə, niyə indiyə qədər baxmırdı? Bu vaxta qədər harada idi? İndiyə qədər etdiyimiz heç bir şikayətə baxılmayıb”.
Namiq Abdullayev deyir ki, nə icra hakimiyyətindən, nə də komissiyadan onlara siyahını verirlər: “Deyirlər ki, ərizələrinizi yazın, komissiya gəlib baxacaq. Komissiya bizim şikayət yazmağımızı niyə gözləyir? Burada elə evlər var ki, tamamilə yararsızdır”.
Bedağa kənd sakini Səməd Atayev isə bildirir ki, onlar komissiya tələb edirlər, ancaq icra strukturları yolu azdırır: “Kənd sovetinə deyir ki, camaatı apar kəndə, orada söhbət elə. Yəni, icra hakimiyyətinin binası qarşısında heç kim olmasın”.
“Nə qədər qorxa-qorxa yaşamalıyıq?”
Başqa bir zərərçəkən Vaqif Poladovun sözlərinə görə, onlardan dağılışmağı tələb ediblər. Söz veriblər ki, komissiya gəlib evlərə baxış keçirəcək: “Həm mənim, həm də anamın evi yararsız hala düşüb. Evləri yenidən tikmək lazımdır. Ancaq baxış keçirib deyiblər ki, təmir olunsun. Təmirə də 3700 manat pul ayrılıb. Bu pulla yalnız tavanı dəyişmək olar. Tavanı dəyişilən ev isə qəzalı vəziyyətdən çıxa bilməz”.
Hənifə kəndinin sakini Oruc Məmmədov da “Azadlıq” radiosuna açıqlamasında deyib ki, zəlzələdən sonra evində qorxa-qorxa yaşayır. Ancaq yerli icra strukturlarından səsinə səs verən tapılmır: “Zəlzələdə dağılmış evlərlə bağlı yeni komissiya tələb edirik. Heç nə etmirlər. Adımızı zərərçəkən siyahısına salmırlar. Evimin neçə yerində çat var. Heç bərpaya da salmayıblar. Nə qədər qorxa-qorxa yaşamalıyıq? Kənddə bəzilərində çadır var. Mənim heç çadırım da yoxdur”.
Balakən sakinləri onu da qeyd ediblər ki, birinci dəfə komissiya gələndə hamının evini yoxlayıb. Ancaq zərərçəkənlərə yardım eləməyiblər. Sakinlərin sözlərinə görə, elə qəzalı evlərdə yaşayırlar ki, yaxınlığından maşın keçəndə silkələnir.
“Bu cür vəziyyətdə olan 100-dən çox ev var. Ancaq cəmi 3-4 evi təmirə yazmışdılar…”, – deyə zərərçəkmişlər əlavə edib.
“Komissiya onların müraciətlərinə baxır”
Hənifə bələdiyyəsinin sədri Oqtay Mehdiyev isə etirazçıları narahat edən məsələlərin araşdırıldığını deyir: “Fövqəladə Hallar Nazirliyinin komissiyaları vəziyyəti müəyyənləşdirir. Hərəsinin bir dərdi var, mən bilmirəm, hələ araşdırırıq”.
Camaatın qarşısına Balakən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Babayev çıxıb. Azad Babayev “Azadlıq” radiosuna deyib ki, yeni komissiya yaradılıb və komissiya artıq araşdırmalara başlayıb: “Bura gələnlər 30-40 nəfər olardı. Bəziləri komissiyanın rəyindən razı deyil, bəziləri deyirdi güzəşt edin. Komissiya təşkil etdik. Hazırda komissiya işləyir, onların müraciətinə baxır. Yerlərdə də müraciətlər olur. Fövqəladə Hallar Nazirliyi bizə siyahılar verib, biz də dürüstləşmə aparırıq. Ondan sonra maliyyələşmə aparılacaq”.
Ramin DEKO