Siyasi partiyaların maliyyələşdirilməsilə bağlı ilginc məlumat
Milli Məclisdə təmsil olunan siyasi partiyaların maliyyələşdirilməsinə start verilməsi əslində hakimiyyətin məcburi şəkildə atdığı addımdır. Bu barədə qəzetimizə hakimiyyətdaxili mənbə bildirib. Mənbənin sözlərinə görə, əslində hakimiyyət bu partiyaların dövlət tərəfindən maliyyələşdirilməsində maraqlı olmayıb. Iqtidar ideoloqları hesab edib ki, onsuz da bu addım beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanmayacaq. Səbəb isə həmin partiyaların əslində siyasi güc olmadıqlarının, hakimiyyətin əlində oyuncağa çevrildiyinin beynəlxalq təşkilatlara da bəlli olmasıdır. Bəs nədən hakimiyyət fikrini dəyişərək həmin partiyaların maliyyələşdirilməsinə razılıq verib?
Mənbəmiz bunu belə izah edir: “Həmin partiyaların ayrı-ayrı oliqarxların nəzarətində olduğu bəllidir. Hakimiyyət ölkədə vəziyyətin gərgin olduğu, eyni zamanda daxildə ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə həmin partiyaların oliqarxların nəzarətində olmasından ehtiyat edir. Bu baxımdan həmin partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini təmin etməklə onları oliqarxların nəzarətindən çıxarır”.
Mənbənin sözlərinə görə, artıq oliqarxlara da tapşırılıb ki, həmin partiyalara maliyyə verməyi dayandırsınlar. Əgər bu hal baş verərsə, həm partiyanın rəhbəri, həm də sponsor ciddi şəkildə cəzalandıralacaq.
Informasiya şöbəsi