Kim kimi bağışlamalıdır?

Musa Yaqub: «İsmayıllılar neyləyib ki, icra başçısı da onları bağışlayır?»

Ismayıllının icra başçısı Nizami Ələkbərovun “mən onları bağışlamışam” açıqlaması yəqin ki, bu sözləri oxuyan hər kəsdə təəccüb doğurub. Rayonda baş verən bu boyda etirazdan sonra icra başçısının çıxıb ismayıllıları günahkar çıxartması həqiqətən də heç bir əndazəyə sığmır.
N.Ələkbərovun dediyindən belə çıxır ki, günahkar məhz rayon camaatıdır. Əks halda başçı onları bağışladığını deyib öz aləmində yerli camaata “jest etməzdi”. Əslində kimin kimi bağışlamalı olduğu hər kəsə, elə icra başçısının özünə də gün kimi aydındır. Sadəcə, şərtlər hələ ki N.Ələkbərovu bu cür davranmağa vadar edir.
Ismayıllıdan olan tanınmış şair Musa Yaqub da hesab edir ki, icra başçısı əslində bunun əksini söyləməli idi: “Bağışlamaq böyüklükdür və çox yaxşı xüsusiyyətdir. Amma söhbət ondan gedir ki, kim kimi bağışlamalıdır? Ismayıllı camaatı Nizami Ələkbərovu, yoxsa icra başçısı onları? Mənə elə gəlir ki, icra başçısının dediyinin tərsi olmalıdır. Ismayıllılar neyləyib ki, onları bağışlayır? Qoy, ismayıllılar Nizami Ələkbərovu bağışlasın da”.

Mehman Cavadoğlu: «Əsas məsuliyyət ölkə başçısının üzərinə düşür»

Əslən Ismayıllıdan olan Müsavat başqanının müavini Mehman Cavadoğlu isə hesab edir ki, Ismayıllıda, eləcə də ölkədə baş verən məlum prosesləri fərdlərin üzərində lokallaşdırmağın tərəfdarı deyil: “Bütün bunlar ölkədə baş verən siyasi proseslərin, yanlış idarəetmənin nəticəsi kimi ortaya çıxır. Bu da bir gün Ismayıllıda, bir gün Qubada, bir gün də başqa bir regionda vurub üzə çıxır. Idarəetmədəki bu qüsurlara görə əsas məsuliyyət ölkə başçısının üzərinə düşür. Ölkəni bürümüş korrupsiyanın, məmur özbaşınalığının əsas səbəbkarı, bütün bunlara rəvac verən əsas fiqur elə ölkə başçısının özüdür”.