Prezident Administrasiyasının “qara siyahı”sı açıqlandı

prez aparatDaha çox şikayət gələn rayon və dövlət qurumlarının adları bəlli oldu

Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun dövlət qəzeti “Azərbaycan”da çıxan məqaləsində bir sıra maraqlı faktlar var. Məqalədən aydın olur ki, 2012-ci ildə bir sıra rayonlardan müraciətlərin sayı azalsa da, bəzi rayonlar var ki, bunun əksi baş verib.
Süleyman Ismayılov müraciətlərin çoxaldığı rayonlardan aşağıdakılarının adalarını qeyd edib: Balakən, Qax və Zaqatala. “Bu rayonlardan daxil olan müraciətlərin çoxalmasının əsas səbəbi keçən il baş vermiş güclü zəlzələnin nəticələri ilə əlaqədardır”, – deyə məqalədə qeyd olunur.
Məlumatlara görə, Zaqatala və Balakən rayonları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. Digər tərəfdən “fövqəlnazir” tutduğu vəzifəyə uyğun olaraq zəlzələ bölgəsində təbi fəlakətin nəticələrinin aradan qaldırılması sarıdan sorumludur. PA-nın şöbə müdirinin məqaləsindən  aydın olur ki, adıçəkilən müraciətlərin çoxalması zəlzələnin nəticələrilə əlaqədardır. Bu Kəmaləddin Heydərovun fəlakət zonasında görülən işlərlə bağlı verdiyi açıqlamaların yalan olduğunu üzə çıxarır. Əgər yüksək səviyyədə iş gedirsə, bu halda müraciətlərin sayı artmamalı idi.
Süleyman Ismayılov polisin fəaliyyəti ilə bağlı PA-ya müraciətlərin daxil olduğunu bildirib: “Polis orqanlarının fəaliyyəti ilə bağlı Bakı şəhəri və rayonlarından, Gəncə,  Mingəçevir, Naftalan, Yevlax, Astara, Cəlilabad, Gədəbəy, Göyçay, Göygöl, Imişli, Tərtər, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub. Bu müraciətlərdə vətəndaşlar daha çox dələduzluq hallarının vaxtında araşdırılmamasından, sahə müvəkkillərinin hərəkətlərindən, oğurluq hadisələrinin vaxtında aşkar edilməməsindən, avtomobillərin texniki baxışında bəzi nöqsanlara yol verilməsindən narazılıq bildirirlər”.
Bununla da şöbə müdiri faktiki olaraq polisin fəaliyyətində ciddi nöqsanların olması barədə deyilənləri təsdiq edib.
Şöbə müdiri prokurorluq orqanlarından da xeyli şikayətin daxil olduğunu deyir: “Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı daxil olmuş şikayətlər Bakının bəzi rayonlarından, həmçinin Şəki, Balakən, Biləsuvar, Qazax, Qobustan, Saatlı, başqa şəhər və rayonlardan daha çox olub”.
Bundan başqa məqalədən aydın olur ki, məhkəmə qərarlarının icrası, sosial müdafiə məsələləri mövzusunda və icra hakimiyyətlərindən də xeyli şikayətlər var. Süleyman Ismayılov qeyd edir ki, icra hakimiyyətlərindən daha çox şikayətlər Bakı və onun rayonlarından, Şəki, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Ismayıllı, Kürdəmir, Laçın, Lerik, Saatlı, Tərtər Zərdab, başqa şəhər və rayonlardan daha çox daxil olub.