Əkrəm Əylislinin Azərbaycana bomba salmış romanıyla bağlı fikirlərdən biri də bu oldu ki, yuxarıdan aşağı yönələn linç, qızışdırma, təhrik etmə kampaniyası gündəmi dəyişmək üçün nəzərdə tutulub. Ancaq gündəm elə adından da göründüyü kimi günlə bağlıdı, heç vaxt köklü, illərin problemlərini problemləri unutdura bilməz. Deyək ki, bir az aralıda bomba partlatmaqla, qısaqapanmadan, ya hansısa ciddi texniki nasazlıqdan, ya məsuliyyətsizlikdən alışıb yanan binaya yönəlmiş diqqəti bir neçə dəqiqəliyə və ya saatlığa yayındırmaq olar. Bundan sonra baxışlar yenə də cayır-cayır yanan evə yönələcək.
Maraqlıdı ki, bu əsərin törətdiyi fikirləri ancaq iki yerə bölmək olar – ağ və qara. Ağın içində qara var, qaranın içində ağ yoxdu. Qaralar – Əylislinin özünü də, əsərini də mürtəd elan edir, Ağlar isə, gözəl yazıçı olsa da, bu romanında xətaya yol verdiyini deyir (Əkrəm yaxşıdı, əsəri pis), ardıyca da “amma və lakin” sicilləməsi düzür və ya hər şeyi bir qırağa qoyub hadisənin “37″ mahiyyətini tənqid edərək yazıçıya qahmar çıxırlar. Mətni ciddi bədii təhlil edərək əsərdəki bütün rəng çalarlarını göstərib, küyə gedənləri sakitləşdirən, qisasçıların niyyətini fiaskoya uğradan, ermənilərə isə ”sevinməyə tələsməyin” deyənlərdən isə hələ də xəbər yoxdu.
Axı ola bilməz ki, bir əsər məna və məzmunca ancaq ağ və qaradan ibarət olsun. Hər kəs Əkrəmin ürcah olduğu süni və şişirdilmiş “hakimiyyət tərkibli xalq qəzəbi”ndən qorxub ağzına su alacaqsa, ya da dilini sürüyəcəksə, heç nəyə nail ola bilməyəcəyik. Hələ dövlət başçısının məlum məhrumetmə sərəncamlarından sonra susmağa üstünlük verənlər də söyüş dağarcıqlarının ağzını gen-gen açdılar.
Bəlkə doğrudan da əsərdə elə bir fənd işlədilib ki, onun ciddi təhlilə, izaha ehtiyacı var. Bəlkə yazıçı, üzdən bu cür qıcıqlandırıcı görünən əsərində elə bir fənddən, elə bir açardan istifadə edib ki, onu hətta dara çəksələr də, o açarın nə olduğunu deyə (ən azı indi) bilməz, zira onu desə, əsəri heç, nəzərdə tutduğu missiya puç olacaq, həm də o zaman hətta guya millətlərin, milli münaqişələrin fövqündə durmaq iddiasında olan bir türk yazıçınınsa hiyləgər olduğu üzə çıxacaq, erməniləri, sabah vətəndaşımız olmalarına çalışdığımız o erməniləri daha da küskün salacaq və bu, dünya ermənilərinin əlində bizə qarşı “Daş yuxular”dan daha güclü silaha çevriləcək. Bax, yazıçının demək istəmədiyi bu “pünhan nöqtə”ni (axı o tez-tez deyir ki, “əsəri anlamayıblar”) bədii mətndən başı çıxan biri açmalıdı, ya yox? Niyə kimsənin cəsarəti çatmır? Mən bu məqamda özlərini dahi sayan, mətni beş barmağı kimi bildiyini iddia edən ədəbi tənqidçilərdən danışıram. Qeyri-səlis məntiqin dünyanı idarə elədiyi bir çağda Aristotelin bivalent məntiqinə bu vurğunluq hardandı, anlamıram… Bəlkə də bu hücumları, qara təbliğatı məhz hakimiyyətin təşkil etdiyinə görə.
Bu qədər münasibətlər içində yalnız Etibar Əliyevin o cür dərinə, alt şüura dayanaraq izah verdiyini gördüm, o da yarımçıq idi, çünki əsərin ancaq bir parçasını oxumuşdu və sonradan o da susdu. ITV-yə çağırıldığı debatdan imtina elədi.
Fəxri adlara gələndə… Əsil yazıçı mükafatı o ünvandan qəbul edər ki, içində qaytarılmaq və borclu qalmaq ehtimalı olmasın. Əylisli o adları alanda xalq bunu istəmirdi. Onu sevmədiyinə görə yox. Sevdiyindən. Çünki mükafatı kimdən almaq məsələsi vardı. Ümumiyyətlə, Nitsşenin sözüylə desək: “Dövlət öz şirin dilləriylə hər nə söylərsə, yalan söylər”. Siyasi olan hər bir tərəfin az da olsa toplumdan qorxusu var. Çünki istənilən məqamda biri bu silahdan o birinə qarşı istifadə eləyə bilər. Demək, bu cür bəd ayaqlarda tərəflər birləşəcək. Toplumdan qorxanların əlindən mükafat alan yazıçıya isə nə olursa… belə çıxır ki, haqq olur. Bir-birinin acığına hökmdardan mükafat qoparmaq üçün yüz fənddən çıxan yazıçıları olan xalqa nə yazıq. Yazıçılar düzələn deyil, barı dövlət ağıl işlədib bu ad-san məsələsini bir yolluq ləğv edə ki, bəlkə bu ölkədə də əsil yazıçılar yetişə.

“Daş yuxular”ın sirri
•
•