Dünənki qəzetlərdə Xətai rayonunda, bir yataqxana sakinlərinin “qara bayraq” aksiyası haqqında oxudum.
Evsiz qalmaq təhlükəsi ilə üzləşən sakinlər yataqxanadakı mənzillərindən qara bayraqlar asıblar, bununla həm etirazlarını dilə gətiriblər, həm də toplumun, mətbuatın diqqətini çəkmək istəyiblər.
Bu cür aksiyalar ölkədə az qala hər gün keçirilir, bəzən onların sədası daha çox olur – Ismayıllıdakı kimi, bəzən səsi hər kəs tərəfindən eşidilmir – elə həmin yataqxanada olduğu kimi.
Hər bir halda insanlar arasında bir protest ruhu yayılmaqda, yayğınlaşmaqdadır. Hər gün haqqı tapdanan daha çox adam təpki göstərir, səsini ucaldır. Əlbəttə, könül istərdi ki, cəmiyyətin etiraz gücü bütünləşsin, xalq hərəkatına çevrilsin. Amma görünür, biz bunu hələ bir müddət də gözləyəcəyik. Olsun. Ən xırda etiraz belə, hər halda kütləvi sükunətdən yaxşıdır, faydalıdır.
Rejim telekanalları isə irili, xırdalı bu cür aksiyaları işıqlandırmağa tövbə edib. Daha doğrusu, tapşırıq belədir. Əvəzində hansısa xarici ölkədəki analoji aksiyalar böyük həvəslə işıqlandırılır. Guya bununla “dünyanın hər yerində ara qarışıb, məzhəb itib, it yiyəsini tanımır, amma bizdə sabitlikdir, qurd-quzuyla otlayır, hardasa kanalizasiya borusunun partlamasından böyük problemimiz isə yoxdur” təsəvvürü yaratmağa çalışırlar.
Amma fərqində deyillər ki, xaricdəki etiraz aksiyalarını gen-bol işıqlandırmaq özü belə, Azərbaycan insanlarının şüuraltına təsirsiz ötüşmür. Istər-istəməz fikirləşir adamlar: həyat səviyyəsi bizdən qat-qat yüksək olan Avropada belə, adamlar haqlarını aramaq üçün küçələrə, meydanlara çıxır, səslərini ucaldırlarsa, bəs biz hansı günümüzə susuruq, taleyimizə razı olub otururuq?
Elə yuxarıdakı “qara bayraq” aksiyası başda olmaqla, toplumdakı bu cür açıq, birbaşa təpkilərin bir qaynağı da budur. Insanlar rejim telekanallarında öz ölkələrinin həqiqətlərini görmürlər, amma başqalarının da həqiqətlərindən nələrsə öyrənirlər.
Bir sözlə, artıq heç nə yaptokratlara kömək etmir, nəyə əl atsalar, əleyhlərinə çevrilir.
Ağır dərddir, dərmanı isə yəqin heç qədim romalıların şəfa allahı Eskulapda da yoxdur.
Normal ölkə olsaydı…
Fəzail Ağamalıdan Ilqar Məmmədovun həbsi haqqında soruşublar, adam ya bilərəkdən, ya bilməyərəkdən, qaş qayırmaq istəyərkən vurub göz çıxarıb. Sitat: “Onun Milli Məclisi ”zoopark”a bənzətməsini mən hələ unutmamışam. Onu biz məhkəməyə vermək istəyirdik. Sonra düşündük ki, hay-küy qaldırıb, Azərbaycanı beynəxalq ictimaiyyətdə gözdən salmaq istəyəcək. Onun məqsədi əslində elə bu idi. Ancaq biz ona bu fürsəti vermədik. Əgər onu Milli Məclis üzvləri məhkəməyə versəydi, bu erməni lobbilərinin əlində bir fürsətə çevriləcəkdi” (“Bizim yol” qəzeti).
Bu nə deməkdir?
Bu o deməkdir ki, rəsmi ittiham filfilodur, Ilqar Məmmədovdan “zoopark” bənzətməsinin qisasını alırlar.
Bu o deməkdir ki, hakimiyyət Ilqar bəyi “zoopark” bənzətməsi üzərindən həbs etməyin ifadə azadlığına birbaşa təcavüz olduğunu və dünyanı üstünə qaldıracağını düşünərək, dolayı səbəblə həbs üçün fürsət gözləyib, balaca başı ilə də o fürsətin Ismayıllı hadisələri olduğunu düşünüb.
Qısası, bu ölkə normal, hüququn “h”sindən, demokratiyanın “d”sindən nəsibini almış ölkə olsaydı…
Məhkəmələr də qərar verərkən siyasi sifarişə deyil, hüququn üstünlüyünə, qanunun aliliyinə dayansaydı, bu açıqlamalardan sonra Ilqar Məmmədov bir dəqiqə də dəmir barmaqlıqlar ardında tutulmaz, onun ən azı həbssiz mühakimə edilməsinə qərar verilərdi.
Hanı mənim gəncliyim?
Gün gələr, Siyavuş Novruzovun müsahibəsini oxuyaram, “yəqin ki, bu qədər ağ yalan danışmağı, istəsə belə kimsə bacarmaz” deyə düşünərəm.
Gün gələr, Fəzail Ağamalının müsahibəsini oxuyaram, baxaram Siyavuşu “yalan çempionu” elan etməkdə tələsibmişəm.
Gün gələr, Mübariz Qurbanlının müsahibəsini oxuyaram, “artıq bu yalançılığın son həddidir, bundan o tərəfi olmaz, ola bilməz” deyə düşünərəm.
Gün gələr, Əli Əhmədovun müsahibəsini oxuyaram, baxaram Qurbanlını “yalan rekordsmeni” elan etməkdə tələsibmişəm.
Beləcə, iki yapçının yalanlarını yarışdırmaqda keçib gedər ömür.
Ömür keçər, gün keçər, mənsə bir daha cavan olmaram.

Eskulap və yapçılar
•
•