ismayilli-rayonu

İsmayıllıda hansı məmurların villaları var?

ismayilli-rayonuRayonun turizmə yararlı kəndlərini oliqarxlar zəbt edib

Qoşun Ismayıllıdan çıxarıldı. Bu barədə “Azadlıq”a məlumatı rayon sakinləri verib. Onların sözlərinə görə, ötən gündən artıq Daxili Qoşunların və Çevik Polis Alayının 200-ə yaxın əməkdaşı rayonu tərk edib. Səbəb kimi guya Ismayıllıda gərginliyin olmamasıdır.
Rayon sakinləri deyirlər ki, Ismayıllıda gərginlik hələ də qalmaqdadır. Onlar bildirirlər ki, rayonda gərginlik olmasaydı qonşu rayonlardan da polis qüvvələri çıxarılardı. Məlumata görə, Qəbələdə və Ismayıllıya qonşu başqa rayonlarda hələ də polis qüvvələri var. Ismayıllıda isə mülki geyimli şəxslər gözə dəyməkdədir. Onlar vətəndaşlarla söhbət edir, ümumi vəziyyəti öyrənirlər. Rayon sakinlərindən aldığımız məlumata görə, Ismayıllı olayına görə həbs olunan sakinlərin vəziyyəti yaxşı deyil. Onlar deyirlər ki, həbs olunan şəxsləri polis bölmələrində döyürlər və onlardan özlərinə sərf edəcək ifadə almaq istəyirlər.
Ismayıllıdan “Azadlıq”a ünvanlanan məktubda başqa mətləblərə də toxunulub. Onlar yazırlar ki, rayonu başdan-başa oliqarx-məmurlar zəbt edib.
Belə ki, rayonun Ivanovka kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun 10-dan çox malikanəsi var. Nazir kolxozçuların evlərini ələ keçirərək özünə göz oxşayan imarətlər ucaldıb. Ismayıllı Ələkbərovların kurasiyasında olsa da, ancaq bu o demək deyil ki, buradakı bütün imarətlər bu iki qardaşındır. Ivanovkada və rayonun başqa kəndlərində də digər məmurların villaları var. Belə ki, Ivanovkada Nəqliyyat naziri Ziya Məmmədovun, onun deputat qardaşı Elton Məmmədovun, Ədliyyə naziri Fikrət Məmmədovun, Qubanın icra başçısı Mübariz Ağayevin, Füzuli Ələkbərovun müavini olmuş Nəbi adlı şəxsin də sözügedən kənddə villası var.
Rayon sakinlərinin məlumatına görə, zəbt olunmuş ərazilərin siyahısında Ismayıllının Basqal kəndi də var. Bu kənddə isə aşağıda adları hallanan məmur-oliqarxların malikanələri var. Daxili işlər naziri Ramil Usubov, Təhsil naziri Misir Mərdanov, Nəqliyyat naziri Ziya Məmmədov, Qafqazın şeyxi Allahşükür Paşazadə, Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, AZAL-ın prezidenti Cahangir Əsgərov, “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova, Diplomat Akademiyasının rektoru, (Mehriban Əliyevanın əmisi) Hafiz Paşayev, xalq şairi Zəlimxan Yaqub və başqa şəxslərin Basqalda imarətləri ucaldılıb.
Ismayıllının Buynuz kəndində isə rayonun polis rəisi Nizami Qocayevin, Səbayel rayon polis idarəsinin rəisinin villaları var.
Ismayıllının Çayqovuşankənd deyilən ərazisində Füzuli Ələkbərovun, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun, Milli təhülkəsizlik nazirinin müavini Hilal Əsədovun malikanələri ucaldılıb.
Ismayıllıda tikilən obyektlərin çoxu isə Ələkbərovlara məxsusdur. Belə ki, Ivanovkada çörək sexi, rayonun mərkəzinə yaxın ərazidə tikilən kərpic zavodu nazirin kurasiyasındadır.
Füzuli Ələkbərovun Məmmədağlı kəndində xaricdən gətirdiyi xarici cins heyvanları bəsləyən ferması var. Məlumatlara görə, nazir fermanın inşasına görə yaxınlıqda yaşayan bütün sakinləri bir az uzağa köçürməli olub.
Rayonun Vələsin yaylağı adlanan ünvanda Füzuli Ələkbərovun daha bir böyük imarəti var ki, ilin çox vaxtını burada keçirir. Buradan ova gedən nazirin və onun yaxınlarının bu imarətə gəlmək üçün vertolyotdan istifadə etdiyi söylənilir.

Ramin DEKO