Müxalifət də iqtidara bu adları yaraşdırır
Azərbaycan hakimiyyəti və onun nəzarətində olan KIV-lər illərdir ölkə müxalifətini öz adı ilə çağırmır. Özünün yaratdığı və nəzarət etdiyi müxalifətə konstruktiv, prinsipial fəaliyyəti ilə seçilən müxalifətə isə radikal adını qoyan hakimiyyət son vaxtlar Ziyalılar Forumuna da yeni ləqəb taxıb. Artıq rəsmi qəzetlərdə forumun üzvləri “aqressiv müxalifət” adı altında təqdim olunur. Maraqlıdır, bəs, Azərbaycan müxalifəti hakimiyyətə hansı adları yaraşdırır?
AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, Azərbaycan hakimiyyəti 93-cü ildən bu yana həqiqi müxalifəti qəbul etmir: “Onların məntiqinə görə, müxalifət ancaq bunları tərifləməli, heç bir tənqid etməməli və sifarişlə fəaliyyət göstərməlidir. Həqiqi müxalifət dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da hakimiyyəti tənqid edir və bu, normal bir haldır. Hakimiyyət bu tənqidlərə dözümsüz yanaşdığı üçün hər vəhclə müxalifəti cəmiyyətin gözündən salmağa çalışır. Bu adların qoyulması da bununla bağlıdır. Əslində hakimiyyətin bu davranışı onlara olan mənfi münasibəti bir az da dərinləşdirir”.
G.Bayramlı deyir ki, bu illər ərzində hakimiyyət öz faəliyyəti ilə bütün pis adları qazanıb: “Korrupsioner, rüşvətxor, yırtıcı, cinayətkar, kriminal, dözümsüz, avtoritar və başqa bu kimi adlar bizim hakimiyyətə çox yaraşır”.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə hesab edir ki, bu hakimiyyətə korrupsioner, rüşvətxor və görməmiş adları daha çox uyğun gəlir: “Onların müxalifəti necə adlandırmasından asılı olmayaraq Azərbaycanda Müsavat və AXCP-nin simasında real müxalifət var. Xalq hər şeyi, kimə hansı adın yaraşdığını gözəl bilir. Ona görə də bu cür adlarla həqiqi müxalifəti gözdən sala bilməzlər”.