“Hüquq siyasəti və dövlət quruculuğu komitəsi yanlış və korrupsiyaya tövhə verən bir mövqe tutdu”
Azərbaycanda sahibkarlıqla məşğul olan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələ parlamentə tövsiyə olunmayıb. Bir neçə gün əvvəl Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deputat İlyas İsmayılovun bununla bağlı hazırladığı layihə müzakirə olunub. Onun qanuna təklif etdiyi dəyişikliyə görə, qanunvericilik ilə sahibkarlıq fəaliyyətilə məşğul olması qadağan edilən vəzifəli və digər şəxslər tərəfindən bu qanunun pozulması iki ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin deputatlar hesab ediblər ki, istənilən vəzifəli şəxs əgər vəzifəsindən sui-istifadə etmirsə, dövlət büdcəsinə qanuni gəlir gətirirsə, onun bizneslə məşğul olması ciddi cinayət faktı törətmir.
Əksər məmurların və deputatların bizneslə məşğul olduğu bir ölkədə belə bir layihənin qəbulunu gözləmək olmazdı.
Layihənin müəllifi, millət vəkili İlyas İsmayılov bu layihənin parlamentin müzakirəsinə tövsiyə olunmamasını korrupsiyaya tövhə kimi qəbul etdiyini bildirdi: “Qəzetlərdə də oxudum ki, müzakirədə cəmi dörd deputat olub. Onlardan biri deyir nə olar, məmurlar sahibkarlıq fəaliyyəti ilə məşğul olsunlar, dövlətə də vergi versinlər. Ancaq “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 9.3 maddəsində deyilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Biz də buna istinad edərək qanun layihəsi hazırlamışıq ki, vəzifəli şəxslərin belə hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulsun”.
İ.İsmayılovun fikrincə, millət vəkilləri layihəyə hüquqşünasa və deputata yaraşmayan izahat veriblər. Onların o mövqeyi də şübhəsiz ki, korrupsiyanın çiçəklənməsinə kömək edir: “Ölkənin dörd böyük problemi var. Bunlardan biri Dağlıq Qarabağ, ikincisi – korrupsiya, üçüncü – yerlibazlıq, qohumbazlıq, dördüncü – ictimai fikrə əhəmiyyət verməməkdir. Korrupsiya ilə ciddi mübarizə aparmalıyıq. O erməni qəsbkarlarından daha dəhşətlidir. Ağac qurdu kimi içəridən yeyir. Kim bununla mübarizə aparmaq istəmirsə, özü bilər. Prezident də həmişə deyir ki, bu respublikamız üçün böyük bəla və ləkədir, onunla mübarizə aparmaq lazımdır. Ancaq çox təəssüf ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi yanlış və korrupsiyaya tövhə verən bir mövqe tutdu”.
Fizzə