Kobianı məhkəməyə buraxmadılar
AŞPA həmməruzəçiləri Azərbaycan hakimiyyətindən hər iki şəxsi azad etməyə çağırıb
Dünən Bakı Apelyasiya Məhkəməsi Ismayıllı olaylarına görə tutulan Müsavat başqanının müavini Tofiq Yaqublunun və REAL hərəkatının sədri Ilqar Məmmədovun şikayətinə baxıb. Vəkil Akif Əlizadənin sözlərinə görə, şikayətlər təmin olunmayıb: “Biz Tofiq Yaqublu və Ilqar Məmmədov barəsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbirinin ləğvini istəmişdik.
Amma həbs qərarları qüvvədə qaldı”. T.Yaqublu və I.Məmmədov barəsində 2 aylıq həbs-qətimkan tədbirini fevralın 4-də Nəsimi Rayon Məhkəməsi seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunurlar(“Media forum”).
Qeyd edək ki, apelyasiya şikayətinə saat 15.00-da baxılıb. Məhkəmədə iştirak etmək istəyənlər zala buraxılmayıblar. Avropa Birliyinin Bakı ofisinin rəhbəri Roland Kobianın da məhkəməni izləməsinə imkan verilməyib və o, binanın qarşısında prosesin sonunu gözləyib.
R.Kobia məhkəmə binasının qarşısında jurnalistlərə açıqlamasında Tofiq Yaqublu və Ilqar Məmmədovun həbsindən narahatlığını ifadə edib və həbsləri pisləyib.
Dünən Avropa Şurası siyasi araşdırmalar məktəblərinin direktorları birgə bəyanatla qurumun Bakı məktəbinin direktoru Ilqar Məmmədovun həbsini pisləyiblər. Onlar yanvarın 23-24-də Ismayıllı rayonunda iğtişaşların təşkilində ittiham olunaraq tutulmuş I.Məmmədovun dərhal azadlığa buraxılmasını tələb ediblər: “Həqiqi demokratiyanın aparıcı müdafiəçilərindən olan Ilqar Məmmədova qarşı irəli sürülmüş ittihamlar siyasi motivlidir və məhkəmə təqibləri yolu ilə onu susmağa məcbur etməyə yönəlib”.
Avropa Şurasının keçmiş baş katibi, Avropa Siyasi Araşdırmalar Məktəbləri Assosiasiyasının direktoru Katrin Lalyumyer Avropa Şurasından, Avropa Ittifaqından və onların üzvlərindən insan hüquqları və demokratiyanın müdafiəsinə qalxmağı xahiş edib: “Ilqar Məmmədovun yeganə ”cinayəti” Avropa layihəsinin əsasını təşkil edən dəyərləri və ideyaları müdafiə etməsindən və irəlilətməsindən ibarətdir”.
Assosiasiyaya Şərqi Avropa və keçmiş SSRI ölkələrindən 16 məktəb daxildir(“Turan”).
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono da dinc aksiya iştirakçılarının saxlanması və onlara hökm oxunmasından, müxalifətdə olan siyasətçilərin həbsindən narahatlıqlarını ifadə ediblər. Həmməruzəçilərin bununla bağlı bəyanatında qeyd edilir ki, onlara yanvarın 26-da Bakıda, daha sonra isə Ismayıllıda keçirilən aksiyalarda 80-ə yaxın nümayişçinin saxlandığını barədə məlumat daxil olub: “Azərbaycan hakimiyyətini aksiyalarda saxlanan şəxslərin və fəalların işlərinə yenidən baxmağa çağırırıq”.
Həmməruzəçilər I.Məmmədov və T.Yaqublunun da həbsindən narahatlıq keçirdiklərini bildiriblər: “Azərbaycan hakimiyyətini bu müxalif siyasətçilərin azadlığa buraxılması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq”.
“Heç bir beynəlxalq təşkilatın, o cümlədən AŞPA-nın Azərbaycanın daxili işlərinə müdaxilə etməsi düzgün deyil”. Bunu isə YAP sədrinin müavini, deputat Əli Əhmədov AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin T.Yaqublu və I.Məmmədovun həbsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
AŞPA və digər beynəlxalq təşkilatlarla Azərbaycanın normal əməkdaşlıq etdiyini söyləyən Ə.Əhmədov bildirib ki, həmməruzəçilərin ölkənin daxili problemlərinə belə kobud şəkildə müdaxilə etməsi təqdirəlayiq hal deyil: “Azərbaycanın bir bölgəsində iğtişaş baş verib və bunu törədənlərlə bağlı araşdırmalar aparılıb. Bunun nəticəsində iğtişaşın törənməsində şübhəli bilinən şəxslər, o cümlədən, Ilqar Məmmədov və Tofiq Yaqublu həbs olunub. Indi araşdırmalar nəticəsində onların bu iğtişaşda nə qədər günahkar olduqları aşkarlanacaq. Əgər təsdiq olunsa ki, onlar iğtişaşın törədilməsində günahkardırlar, o zaman buna hüquqi qiymət veriləcək. Təsdiq olunmasa, başqa reallıqlar ortaya çıxacaq”.
Ə.Əhmədovun sözlərinə görə, daxili hadisələrdə törədilən əməllərə hüquqi qiymət verilməsinə beynəlxalq təşkilatların etiraz etməsi ürəkaçan deyil: “Hər hansı bir dövlətin hansısa beynəlxalq təşkilata üzv olması onun hüququnun əlindən alınması demək deyil”(APA).