«Repressiyalarla etiraz dalğasını saxlamaq mümkün deyil»
Hikmət Hacızadə: “Cəmiyyətdəki etirazlar bir yerə toplanacaq və müəyyən nöqtədə partlacayaq”
Hakimiyyətin Ismayıllı olaylarından sonra sərgilədiyi mövqe iqtidarın cəmiyyətdəki aktivlikdən ciddi narahatçılıq keçirdiyini sübut edir. Elə bir neçə gün əvvəl Ismayıllı olaylarının təşkilində Müsavat başqanının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri Ilqar Məmmədovun təqsirləndirilərək həbs olunması bunu bir daha sübut edir. Hakimiyyət əslində bu addımı ilə cəmiyyətdəki etirazları ənənəsinə sadiq şəkildə yatırmaqda qərarlı olduğunu sübut etdi. Politoloq Hikmət Hacızadənin fikrincə, hakimiyyətin davranışlarında hiss olunan dəyişikliklər onun baş verənlərdən təşviş keçirdiyinin əyani sübutudur.
– Hakimiyyət isterika və stress vəziyyətindədir. Iqtidar bilmir nə etsin. Regionlardakı silsilə etirazlardan sonra hakimiyyət, ümumiyyətlə, başını itirib. Müxalifətə qarşı bu cür addımlarla sübut etməyə çalışırlar ki, onlar hər şeyə nəzarət edirlər və istənilən addımı ata bilərlər. Ona görə cəmiyyətə bir mesaj ünvanlanır ki, heç kim səsini çıxartmasın. Burada düşünülmüş, gələcəyə hesablanmış bir addım görmürəm. Təəssüf ki, arada kifayət qədər tanınmış iki ziyalımız həbs olundu.
– Müxalifət fəallarının həbsi zamanı əslində hakimiyyətin bu addımına qarşı sərt beynəlxalq təpkinin olacağı gözlənilən idi. Hazırda da biz bu təpkini müşahidə edirik. Eyni zamanda iqtidar xaricdən ola biləcək qrantlarla bağlı qanuna dəyişiklik etdi. Xatırladaq ki, Avropa Birliyi yaratdığı yeni fond vasitəsilə demokratiyanın bərqərar olunmasında problem yaşayan ölkələrə dəstək göstərməyi nəzərdə tutmuşdu. Belə olan halda hakimiyyət öz qərarları ilə beynəlxalq aləmə hansı mesajları çatdırmaq istəyir?
– Görünür, hakimiyyətdə belə bir təsəvvür yaranıb ki, beynəlxalq birliyin bəyanatları heç bir nəticə verməyəcək. Iqtidar öz siyasətini aparacaq, beynəlxalq birlik də qoy elə danışsın. Lazım gələndə iqtidar pul ilə özünə beynəlxalq imic formalaşdırmağa çalışır. Bu yanlış düşüncədir. Hakmimiyyət elə zənn edir ki, Azərbaycanın mövqeyinin əlverişli olması Qərbin bir sıra məsələlərdə güzəştə getməsinə səbəb olacaq. Belə təsəvvürlərlə siyasət aparılırsa, bunun ciddi fəsadları ola bilər.
Situasiya olduqca gərgindir
– Hakimiyyət cəmiyyəti qorxutmaq, müxalifət təmsilçilərinə qarşı repressiya yürütməklə öz niyyətlərinə nail ola bilərmi?
– Hakimiyyət bu yolla niyyətinə nail ola bilməz. Ictimai-sosialogiya və psixologiyada öyrənilən məsələlərdir. Əgər cəmiyyətdəki etirazlar müəyyən mərhələyə çatıbsa, insanın psixoloji vəziyyəti stress səviyyəsindədirsə, sən onu qorxu və həbslərlə dayandıra bilməzsən. Hakimiyyət bir neçə nəfəri tutmaqla düşünür ki, cəmiyyətin narazıları ayağa qalxmayacaqlar. Amma o da nəzərə alınmalıdır ki, artıq toplum o vəziyyətdədir ki, həbslərə məhəl qoymur. Belə repressiyalarla böyük şok vəziyyətində olan cəmiyyətin etiraz dalğasını saxlamaq mümkün deyil. Azərbaycanda hazırkı durum heç də ürəkaçan deyil.
– Ictimai Palatanın məlum “2 aprel” aksiyasında təşkilatın daha çox tərəfdarı həbs olunmuşdu. Amma buna baxmayaraq aksiyalar davamlı xarakter aldı. Yəni hakimiyyət bununla niyyətinə nail olmadı. Əksinə, aksiyalar daha izdihamlı keçirilməyə başladı. Budəfəki olaylarla bağlı proqnozlarınız necədir?
– Hakimiyyət tarixdən dərslər çıxarmağı, beynəlxalq təşkilatları dinləməyi bacarmır. Bu, hakimiyyətin düşüncə tərzinə uyğun deyil. Dövlətin idarəetməsi bərbad vəziyyətdədir. Gərək mətbuat vaxtaşırı ölkədə vəziyyətin gərgin olduğunu vurğulasın. Hakimiyyətdə bir nəfər sağlam düşüncəli insan, qrup tapılmır ki, bu qeyri-sağlam siyasəti yumuşaltsın. Hakimiyyət hər şeyə isterik, axmaq reaksiya verir. “Eurovision” ərəfəsində YAP gənclərin Iran səfirliyi qarşısında aksiyasın təşkil etdi. Bundan başqa, Almaniya ilə ABŞ-a qarşı mənasız təbliğat kampaniyası, Əkrəm Əylislinin hədəfə çevrilməsi Azərbaycan üçün dünyada yaxşı imic yaratmayacaq.
Hakimiyyət niyyətinə nail olmayacaq
– 2003-cü il seçkilərindən sonrakı repressiyalardan sonra müxalifətin bir daha özünə gələ bilməyəcəyi düşünülürdü. Amma 2005 və 2010-cu il seçkilərində daha böyük etiraz dalğası yaşandı. Baş verənlər Azərbaycanı hara aparır?
– Belə getsə, Azərbaycanda partlayış olacaq. Çünki bu, qaçılmazdır. Elə olacaq ki, cəmiyyətdəki etirazlar bir yerə toplanacaq və müəyyən nöqtə də partlacayaq. Biz proseslərin belə gedişini istəmirik. Demokratik qüvvələr istəmir ki, ölkəmiz bu vəziyyətə düşsün. Elə həbslər, isterika ilə ölkəni böhrandan saxlamaq mümkün deyil. Hazırda cəmiyyət elə vəziyyətdədir ki, o represiyları görmür. Belə biabırçılıqlarla ölkəni idarə etmək olmaz.
– Hazırda gündəmi əsas zəbt edən məsələ Əkrəm Əylisli olayıdır. Hakimiyyət bu məsələ ilə bağlı ciddi kampaniya aparır. Hakimiyyət yetkililərinin bəyanatları vətənpərvərlikdir, yoxsa gündəmi dəyişmək cəhdi?
– Bu, vətənpərvərlik deyil. Bu, vəziyyətdən istifadə etmək cəhdi və isterikadır. Bəli bir məqsəd də gündəmi dəyişmək ola bilər. Digər tərəfdən, bu təbliğatla hakimiyyət ziyalılardan da qisas ala bilər. Çünki Əkrəm Əylislinin üzvü olduğu Ziyalılar Forumu son zamanlar öz aktiv mövqeyi ilə seçilirdi.
– Belə bir fikir də var ki, Əkrəm Əylisli olayından Azərbaycan dövləti öz xeyri üçün istifadə də edə bilərdi. Hüquq müdafiəçisi Leyla Yunusun fikrincə, Əkrəm Əylislinin kitabından ermənilərə qarşı əks təbliğatda istifadə oluna bilərdi ki, Azərbaycan tolerant ölkədir, amma Ermənistanda belə bir əsərin yazılmasına hətta imkan belə yoxdur…
– Bəli, bu, ağıllı bir siyasət olardı. Amma hakimiyyət bunu etmədi. Halbuki beynəlxalq aləmə bəyan etmək olardı ki, biz Əkrəm Əylislinin fikirləri ilə razı olmasaq da, onun sərt fikirlərinə dözürük. Ermənilərə onu da demək olardı ki, biz dözümlü cəmiyyətik. Hakimiyyətin addımlarında daha çox qisasçılıq hökmrandır. Halbuki o kitabda hakimiyyətə qarşı heç nə yoxdur və Heydər Əliyev orada tənqid olunmayıb. Kitabdakı fikirlərlə razılaşmıram. Amma bu fikirlərə görə insanı ölkədən çıxarmağa çalışmaq, oğlunu işlədiyi yerdən məhrum etmək Stalin dövrünü xatırladır.
Hakimiyyət Qərbə əzələ nümayiş etdirir
– Ismayıllı hadisələrindən dərhal sonra Qərb ekspertləri vurğuladılar ki, ərəb dünyasında inqilablar məhz bu cür hadisələrdən sonra başlayıb və Azərbaycan hökuməti baş verənlərdən narahat olmalıdır. Amma bu narahatçılığı hakimiyyət başqa formada ifadə etdi və repressiya dalğası ilə cavab verməyə başladı. Bunu hakimiyyətin Qərbə bir mesajı kimi dəyərləndirmək olarmı?
– Bəli, hakimiyyət bu addımları ilə Qərbə əzələ nümayiş etdirməyə cəhd göstərə bilər. Hakimiyyətin mahiyyəti bundan ibarətdir. Hakimiyyət həmişə hədə-qorxu siyasətini gündəmdə saxlayır. Bu baxımdan daxildə nümayiş etdirilən güc bir mesaj formasında da Qərbə ünvanlanır.
– Hakimiyyət təmsilçilərindən Mübariz Qurbanlı bu günlərdə açıqlamasında bir daha iqtidarın namizədinin seçkilərdə Ilham Əliyevin olacağını vurğulayıb. Sizcə, ölkədə baş verənlərin fonunda və beynəlxalq diqqətin Azərbaycana artdığı bir zamanda Ilham Əliyevin 3-cü dəfə namizədliyi hakimiyyətə nə vəd edir?
– Qərb Azərbaycana qarşı sanksiya tətbiq etməklə bağlı qərar çıxarmağa tələsmir. Bunun bir neçə səbəbi ola bilər. Ola bilər ki, Qərb Azərbaycanla münasibətlərin korlanmamasına çalışır. Burada səbəb kimi Əfqanıstana uçuşlarda Azərbaycanın hava limanlarına ehtiyacın duyulması və Iran məsələsində Azərbaycanın oynadığı rol göstərilə bilər. Amma Azərbaycanla bağlı sərt bəyanatlar, sərt təzyiqlər müşahidə olunacaq. Azərbaycana bu tip addımların demokratiyaya zidd olduğu anladmağa çalışılacaq. Ola bilsin ki, hakimiyyət bütün bu təpkiləri hazırda nəzərə almır və onların sadəcə kağız olduğunu düşünür. Amma bütün bunlar boş söhbətlər deyil. Bu sərt sənədlər, Azərbaycana qarşı sərt mövqe hamısı yığılır və zamanı gələndə hakimiyyətə qarşı istifadə olunacaq. Hazırda hakimiyyətə müvəqqəti vaxt verilib. Bu vaxt limitinin bitməsinə az qalıb.
– Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi və seçkidə iştirakı Avropada Lukaşenkodan sonra 2-ci bu cür presedent olacaq. Bu addım Azərbaycan dövlətinə nə vəd edir?
– Artıq Azərbaycanın beynəlxalq nüfuzu demək olar ki, qalmayıb. Azərbaycanda kriminal dəstə ölkəni zəbt edib.
– Azərbaycanın Avropa Şurası və başqa nüfuzlu beynəlxalq təşkilatlarda “kürü diplomatiyası”ndan istifadə etməsini “New-Üork Times” sərt şəkildə tənqid edib. Qəzetdə vurğulanır ki, Avropa Şurasının bu tipli hallara yol verməsi bir “üz qarasıdır” və ümumilikdə demokratik prinsiplərə xələl gətirə bilər. Ekspertlər bu mövqeni ABŞ administrasiyasının yanaşması kimi dəyərləndirirlər?
– Əlbəttə, bu, təqdiredici haldır. Bu onu göstərir ki, dövlətlərin reaksiyasının ləngiməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət və mətbuat bu məsələdə sərt mövqedədir və bu getdikcə daha da artacaq.
Xəyal