“İslam dünyasında çox önəmli dəyişikliklər baş verir”
İranda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül həmkarı Mahmud Əhmədinejadla keçirdiyi birgə mətbuat konfransında Ərəb dünyasında baş qaldıran inqilabi hadisələrə də münasibət bildirib və bunun sürpriz olmadığını deyib.
Abdulla Gül Tehrana İran prezidenti Əhmədinejadın rəsmi dəvəti ilə gedib. O, iranlı həmkarı ilə bir araya gəlib. Təkbətək görüş təxminən 40 dəqiqə çəkib. Daha sonra xarici işlər nazirləri Əhməd Davudoğlu və Əli Əkbər Salihi də görüşə qatılıb. Təxminən 50 dəqiqə da ikinci görüş davam edib.
Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib.
Jurnalistlərdən biri “Yaxın Şərqdə yaşanan hadisələri necə dəyərləndirirsiniz?”, deyə Gülə sual edib. Suala cavabında Gül bildirib:
“Bölgəmizdə, özəlliklə Yaxın Şərqdə, İslam dünyasında çox önəmli, köklü dəyişikliklərə şahid oluruq. Bunları da dəyərləndirdik. Mənim baxışım bundan ibarətdir ki, bütün bu olub bitənlər əslində sürpriz sayılmamalıdır. Bugünkü xəbərləşmə çağında, hər kəsin bir birindən xəbəri olduğu bir dönəmdə xalqların tələbləri, istəkləri çox real məzmun alıb.
Xalqların arzularını diqqətə almaq lazımdır. Bu baxımdan da istər siyasi, istər iqtisadi sahədə köklü islahatlar aparılmalıdır. Dolayısı ilə bəzən yönətimlərin, liderlərin etmədiyini xalq məcbur edir. Əslində bölgədə gördüklərimiz budur. Liderlərin öndərlik etmədiyinə, xalq öndərlik edir. Arzumuz budur ki, bütün bu olub bitənlərdən hər ölkə güclü, xalqları şərəflə və daha xoşbəxt bir şəkildə çıxsın və bu proses qısa zamanda bitsin”.
Abdulla Gülün səfəri Türkiyədən İrana son 9 ildə prezident səviyyəsində ilk səfərdir və bu baxımdan tərəflər onun önəmini qabardırlar.
Mətbuat konfransında Gül İran-Türkiyə münasibətlərinin qədimiliyinə, hər iki ölkənin çox qədim və zəngin tarixə malik olduğuna diqqət çəkib.
İranın nüvə proqramı ətrafında yaranan beynəlxalq problemə də baxışını açıqlayan Gül məsələnin dialoq yolu ilə həllinə tərəfdar olduqlarını deyib.
Səfər çərçivəsində Gül Tehranda qərargahlaşan İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Yahya Maroofi və İslam Konfransı Təşkilatı Parlamentlərarası Birliyinin baş katibi Mahmud Erol Kılıçla görüşəcək, Türkiyə-İran biznes forumuna qatılacaq. Daha sonra o, İsfahan və Təbrizə gedəcək.