Son günlər baş verən olaylar rejim sahiblərinin artıq sağlam mühakimə qabiliyyətini itirdiyini göstərir. Sizə bütün qəlbimlə inandığım bir fikri demək istəyirəm. Mənə elə gəlir ki, hakimiyyətin atdığı addımlarda, həbslərdə heç bir siyasi məna, məntiq axtarmaq lazım deyil. Bəs nə? Bəli, bəs nə?
Bu adamların istənilən addımı yalnız ibtidai instinktlərə əsaslanır. Vəssalam. Ayrı bir şey axtarmağa dəyməz. Uzanan bir barmağa fərq edən kimi göz necə qırpılırsa, bədəndə qaşınma baş verərkən əllə necə qaşınırsa və s. və i.a. burada da eynən o cür.
Məsələn, Ismayıllıdakı üsyanın yatırılma metodu, sonrakı həbslər gicişən yerin qaşınmasından başqa bir şey deyil. Halbuki bədəndəki hansısa gigiyenik diskomforta görə dırnaqlarının içi qanla dolanacan, dərinin qabığı gedənəcən qaşımaq yox, sadəcə yuyunmaq, təmizlənmək, bədənin çirkini təbii və natural vasitələrlə yox etmək lazımdı. Yox, bu da mümkün olmasa, onda mütləq həkimə müraciət etməlisən. Müayinədən keçməli, analizlər verməlisən. Sonuclara uyğun yazılan müalicəni keçməlisən. Müalicə əsər eləməyəndə, bu dəfə məcbursan əməliyyat etdirəsən.
Qubada üsyan baş verir. Dərhal ordu yeridib dağıdırlar. Sonra həbslər başlayır. Istintaq gedir. Və üsyanın səbəbi məlum olur sanki. Icra başçısının təhqiramiz çıxışını lentə alan jurnalistləri həbs edirlər. Sanki bununla da məsələ həll edilir. Ondan sonra arın-arxayın oturub yenidən ölkəni çapmağa davam eləyirlər. Ancaq bir az keçir, “Binə” yarmarkasında üsyan qalxır. Əslində üsyan da deyil. Etiraz aksiyası. Yenə eyni instinktlə hərəkət eləyirlər. Yırtıcının instinktləri işə düşür. O, ovlanmaqdan boyun qaçırmaq istəyənləri nəfəsi kəsilənə qədər qovub yaxalamalı və parçalamalıdı. Kim bilmir ki, üstünə hücum edilən istənilən şikar, hətta dovşan kimi qorxaq məxluq da özünü qorumağa çalışacaq. Və beləcə, xırda aksiya müdafiə və qıcıqlanma zəminində üsyana çevrilir. Sonra şikara xuliqanlıq və itaət göstərməməklə bağlı cinayət işi açılır. Həbslər olur. Bu, meşə qanunlarına xasdı. Intəhası, bura meşə deyil axı. Instinkt nə qədər ibtidai olsa da, axı Yaradan onlara az da olsa şüur verib. Verib ki, vəhşi təbiəti insan cəmiyyətindən ayıra bilsinlər. Fəqət şüuru işə salmağa həvəs yoxdu.
Ona görə də ardıyca Ismayıllı gəlir. Artıq təkcə dırnaqlar qanla dolmur, qan ələ-üzə belə bulaşır və yenə də instinktiv olaraq günahkar axtarışı və həbslər başlayır. Tofiq Yaqublu və Ilqar Məmmədov həbs edilir. Sanki Ismayıllı üsyanını törədən, yenə də bənzətmə üçün deyim, dərini qaşındıran onlar imiş. Rayondakı mənəvi anti-gigiyenik şəraiti yaradan, əxlaqsızlıq yuvası açan, rayon camaatını öz parasıyla təhqir edən, rüşvəti, korrupsiyanı, dözülməz sosial şəraiti, işsizliyi, özbaşınalığı, qanunların çeynənməsini də yaradan onlarmış.
Hakimiyyətdə zərrəcə sağlam zehniyyət olsa, səbəbi aradan götürməyin yolunu tapa bilərdi. Əlbəttə, o yer elə o orqanizmin, yəni hakimiyyətin öz içindədi. Ancaq içində olsa belə, müalicə edilməsinə gərək var. Yoxsa təkcə o orqanizm deyil, bütün cəmiyyət onun mərəzinə yoluxub cüzama, ya hansısa başqa yoluxucu xəstəliyə ürcah olacaq. Onda bu hakimiyyət də, cəmiyyət də bəşəriyyətdən təcrid edilməli, ya da yandırılmalıdı.
Bu arada Əliyev Əylislini xalq yazıçısı adını aldı, təqaüdünü kəsdi. Görəsən yazıçı bu rejim qədər bu xalqa sitəm etsəydi nəyini kəsərdilər? A) qulağını; B) başını; C) əl-ayağını; D) heç bir yerini… Mən “D” deyirəm.

Mən “D” deyirəm
•
•