İlham Əliyevin antidövlət siyasətləri

Dünən Şahvələd Çobanoğlu, Rövşən Hacıbəyli ilə Sabirabada gedirdik. Sözsüz, yolboyu Əkrəm Əylislinin “Daş yuxular” povesti ilə bağlı dartışmalar oldu. Biz dövlətin, xalqın, müxalifətin bu povestə baxışlarının necə olmasını da götür-qoy etdik. Bizə görə, bir sıra nədənlər üzündən “Daş yuxular”a dövlətin baxışı, dövlətin yanaşması başqa cür olmalıdır. Başqa cür, ən azı, siyasi konyunktura baxımından yanaşmaqla, demokratik hüquqi dövlətinin prinsiplərinə uyğun olmalıdır.
Biz Sabirabadda ikən telefonlarımıza, zəng, mesaj gəldi: “Ilham Əliyev Əkrəm Əylislini ”xalq yazıçısı” adından, prezident təqaüdündən məhrum etdi”. Biz hakimiyətin belə bir addım ata biləcəyindən qorxurduq, qorxumuz tezliklə gerçəkləşdi. I.Əliyev 20 illik ata-oğul hakimiyətləri boyunca dönə-dönə olduğu kimi, yenə də özlərinin hakimiyət maraqlarını dövlətçilik maraqlarından üstün tutdu. Özünün hakimiyət maraqları üzündən dövlət maraqlarına, özlərinin dililə desək, dövlətin imicinə səsi illərlə çıxacaq çox böyük zərbə vurdu: seçkiöncəsi xalqı aldadıb ələ almaqdan ötrü dövlət maraqlarından keçdi – “mili-mənəvi dəyərlərin qorunması” adı altında.
“Daş yuxular”la bağlı sosial şəbəkələrdə ardıcıl, prinsipial çıxışlar etmişəm, ayrıca olaraq böyük bir yazı yazıb sözümü demişəm, özü də kəskin demişəm. Ancaq mən öz sözümü demişəm, dövlətin sözünü deməmişəm. Bir çox yalançı millətçinin, antidemokratın etdiyi kimi, yazarı kəskin cəzalandırmağa deyil, ortadakı yalanlara, xalqı aşağıladığına görə qınamağa çağırmışam. I.Əliyev prezident olaraq dövlətin sözünü dedi, eləcə demədi, ortaya çox kəskin bir akt çıxardı. “Demokratik hüquqi dövlət, tolerantlıq” kimi anlayışlarla bir araya sığmayan bir akt. Bilindiyi kimi, bunlar I.Əliyevin çox sevdiyi, xalqı, demokratik dünyanı aldatmaq üçün çox işlətdiyi, çürüyünü çıxardığı anlayışlardır. Axı, tolerantlıq, demokratik hüquqi dövlət olan yerdə belə olmur. Bəs niyə oldu? “Milli-mənəvi dəyərlərimizi qorumaq üçün”. Bütünlüklə yalandır!
Ən aşağılardan ən yuxarılaradək planlı olaraq seçilib yerləşdirilən ANTIMILLI ÜNSÜRLƏR, KORRUPSIONER-KRIMINAL komanda ilə milli-mənəvi dəyərlərin qorunmasından deyil, o dəyərlərin bütün parametrlər üzrə aşındırılmasından, darmadağın edilməsindən danışmaq olar. Hakimiyətin boyunca rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirirsənsə, ölkənin yerüstü, yeraltı var-yatırına təkbaşına yiyələnirsənsə, xalqın, ölkənin milyardlarını oğurlayıb, ələ keçirirsənsə, sənin təhsil sistemin, sənin televiziyaların milli-mənəvi dəyərləri aşındırma faktoruna çevrilirsə, nədən danışırsan?!
Gənclərin keçirdiyi “Əsgər ölümünə son!” aksiyası faktiki olaraq Azərbaycan dövlətinin IMICINI (demokratik hüquqi dövlət!) qorumağa, Azərbaycan dövlətinin güclənməsinə (ordunun sağlamlaşdırılması baxımından) yönəlmiş çox önəmli aksiya idi. Kimliyindən asılı olmayaraq, milli-mənəvi dəyərlərə bağlı prezident-Ali Baş komandan o aksiyaya qtılıb, o aksiyada çıxış edib gəncliklə birgəlik sərgiləməli idi. Nə oldu? Illərdən bəri özünün korrupsioner komandası ilə milli-mənəvi dəyərləri aşındırma yolu tutan prezident-Ali Baş komandan aksiyaçıları – sağlam gəncliyi – “antimilli ünsürlər” adlandırdı.
Kim bu korrupsioner, oğru, soyğunçu rejimə qarşı çıxırsa, antimilli ünsürə çevrilir. Bu nə siyasətdir belə? Qabaqca ortaya milli siyasət faktı qoyun, sonra sizə qarşı çıxanlara antimilli ünsür damğası vurun. Mən “Daş yuxular”a görə yazarı qınayıram, ancaq bundan qat-qat artıq kəskinliklə hakimiyətin milli mənəvi dəyərləri xalqla alver obyektinə çevirməsini, dövlət maraqlarını özünün siyasi maraqlarına qurban verməsini də qınayıram. “Daş yuxular”da milli maraqlarımız tapdanıb” deyənlərin dövlət maraqlarını tapdaması faktına nə ad vermək olar?