Əkrəm Əylisli İlham Əliyevin sərəncamlarına münasibət bildirdi: “Bunun qiymətini və cavabını zaman verəcək”
Yazıçı Əkrəm Əylisli ölkə başçısının onu “Xalq yazıçısı” adından məhrum edilməsi barədə sərəncamına münasibət bildirib. “Mən belə bir fərmanın çıxacağına inanmırdım, amma buna zəmin hazırlanırdı. 30-cu illərin ruhunda bir vəziyyətdir. Xəbərlər gedirdi ki, məndən bu ad götürülsə, Azərbaycan xalqı rahat nəfəs alacaq”, – deyə Əkrəm Əylisli BBC-ə deyib.
Yazıçı “media forum” saytına isə bu barədə geniş danışmaq istəmədiyini qeyd edərək deyib: “Mənim “Xalq yazıçısı” adından məhrum edilməyimə dair qərarın qiymətini və cavabını zaman verəcək. Buna qiymət vermək mənim işim deyil. Mənim “Xalq yazıçısı” və digər titullardan məhrum edilməyimə dair fikirləri müxtəlif adamların dilindən səsləndirirdilər. İndi isə bunu həyata keçirdilər. Amma bu haqda geniş danışmayacam”.
Əkrəm Əylisli deyib ki, o, Azərbaycan tarixində “Xalq yazıçısı” adından məhrum edilən ilk yazıçıdır. “Bununla presedent yaratdılar”, – deyə o əlavə edib.