Biz həmişə deyirik ki, bu rejimin, onun müdafiəçilərinin vətənpərvərlik çıxışları sadəcə ikraha layiqdir, çünki onlar üçün bu, arxasında hansısa kirli məqsədlərin, niyyətlərin dayandığı şoudur, kampaniyaçılıqdır.
“Kampaniyaçılıq” dedim, yadıma düşdü. Xalqsız xalq yazıçısı Anar Rzayev “AYB katibliyi adından bəyanat” kimi mətbuata ötürdüyü iki qəzet səhifəsi həcmində “anti-Əkrəm Əylisli” məqaləsində heç “kampaniya” sözünü düz yaza da bilməyib, “kampaniya” əvəzinə “şirkət” anlamına gələn “kompaniya” yazıb. Mən buna qətiyyən təəccüblənmədim – o da sistemin digər müdafiəçiləri kimi, bazar təfəkkürünə sahibdir, AYB-ni isə çoxdan ədəbiyyat holdinqinə çevirib.
Bəli, rejimin Əkrəm Əylislinin bir romanı üzərindən qurduğu vətənvərvərlik şousunu elə rejim özü ifşa etdi, bir yandan guya vətən, torpaq, millət dərdi ilə alışıb yandığını gözə soxmağa çalışarkən o biri yandan da Qarabağ qazisini – Tofiq Yaqublunu şərləyərək, qondarma ittihamla həbsə atdı. Indi Yaqublu ailəsinin iki üzvü haqsız yerə həbsdədir, bir Qarabağ qazisinin ailəsinə qarşı müharibə açmış adamların “vətənpərvərlik şousu”nda rol alan, əsib-coşan adamlar isə buna riyakarcasına susur.
Ümumiyyətlə, fikir verirsinizsə, artıq rejim müxalifətçiləri ailəliklə repressiya hədəfinə çevirməkdədir. Təzəxan Mirələmlinin ailəsinin üç üzvü – oğlu, qardaşı və atası həbsdədir. Indi də Yaqublu ailəsi – ata və qız dəmir barmaqlıqlar ardında. Bu, ölkədə bir ailəni çıxmaqla, başqalarına yer olmadığına dair orta çağ təfəkkürünün görsənişidir. Bir ailə hakimiyyətdədirsə, yerdə qalanlar hamısı həbsdə olmalıdır – yəqin demək istədikləri budur!
Indi mən Avropa dəyərlərini ailə institutunun düşməni kimi qələmə verən boşboğazlardan soruşuram: hardasınız, hansı siçan deşiyindəsiniz? Niyə susursunuz? Bu rejimin qisas hissi, intiqam duyğusu ilə Azərbaycanın ləyaqətli ailələrinin başına gətirdiyi zülmü, zilləti niyə görmür və buna niyə səsinizi çıxarmırsınız?
Bir halda ki, ailə mövzusu yazımızdan qırmızı xətlə keçir, Vaqif Səmədoğlunun bir neçə gün əvvəlki müsahibəsindən bir parçaya da toxunaq. Sitat: “Ictimai fəaliyyətlə məşğul olmuram. Səhhətimə görə Əfv Komissiyasının da iclaslarına getmirəm. Başqa səbəblər də var. Ancaq bunları ölsəm də demərəm. Çünki Prezident və deputat təqaüdü alıram. Üç ailə saxlayıram, iki dənə də it”.
Bir xalqsız xalq şairi adına bu, çox gözəl, səmimi etirafdır. Vaqif müəllim boynuna alır ki, onun ictimai məsələlərdən uzaq durması, haqsızlığa qarşı susması, üstəlik, ədalətsiz rejimin çörəyinə yağ sürtməsi heç bir mənəvi, ruhi, ideoloji ehtiyacdan irəli gəlmir, bütün bunlar olsa-olsa, prezident və deputat təqaüdü aldığına görədir, artıq-əskik danışıb başını dərdə soxmaq istəmir. Sonra da bəzi zəvzəklər deyirlər ki, hakimiyyətdən titullar, təqaüdlər, vəzifə, maaş alıb da şəxsiyyətini, vətəndaş mövqeyini, ziyalı məsuliyyətini qorumaq olar. Qoy belələrinə Vaqif Səmədoğlunun etirafı, türklər demiş, “kapak olsun!”.
Xalqsız xalq şairinə isə demək istəyirəm ki, üç ailə saxlamasını üzünə tutalğac eləməsin, guya o üç ailə saxlayır, amma başqaları evində toyuq-cücəmi saxlayır? Bəs onlar niyə hər cür basqıyı, hər cür təhdidi, hər cür məhrumiyyəti göz önünə alıb həqiqəti söyləyirlər? Belələrinin gözünə hansı haqla baxa bilər yoldaş Səmədoğlu?
Yəqin soruşsanız, o da bütün xalqsız xalq yazıçıları, xalqsız xalq şairləri kimi xalqın kitab almamasından şikayətlənəcək. Xalqsa əcəb eləyir: prezident, deputat təqaüdlərini kimlər üçün alıb susursunuzsa, qoy kitablarınızı da onlar alsınlar.
Yoxsa camaatın sizə borcu-zadımı var?

Ailə məsələləri
•
•