Hava haqda məlumat: 88-90…

Istənilən mövzu qarşısında duruxub matdım-matdım baxmağımdan hiss eləyirəm ki, nələrsə dəyişir. Özü də çox sürətlə. Içimdə yazmaq istəmirmişəm kimi bir duyğu var. Üzdən baxanda olayların özündən əvvəlkilərdən elə bir fərqi yoxdu. Dünən də kimisə yalan-yanlış ittihamlarla həbs edirdilər, indi də. Əvvəl də hakimiyyətin əməlləri haqda azca xatalı fikir söyləyən ziyalıları tərk-silah eləmək, susdurmaq üçün iyrənc addımlar atırdılar, indi də.
Ama yox e, nə qədər bənzərlik olsa da, nələrinsə ağılalmaz şəkildə dəyişdiyini hiss eləyirəm. Yoxsa içim bu qədər qeyri-müəyyən duruma düşməzdi. Sanki hər şey öz əvvəlki məna və məzmununu itirir. Bu duyğular da mənə pıçıldayır ki, əski düzən pozulub, geri dönüşü olmayan bir proses başlayıb və bu proseslər heç də yaxşı məcraya aparmır. Dəyişikliyin olacağı gün kimi aydındı. Ancaq necə? Nələrdən keçərək. Bu, bizi rahatsız eləyir, əndişəyə salır, ancaq bu yolu tutan hakimiyyət hələ də toplumu hara sürüklədiyinin fərqinə varmır, ya da istənilən qan-qada onun vecinə deyil. Bütün diktaturaların sonunda olduğu kimi korluq onların da yaxasından bərk-bərk yapışıb. Allahlıq iddiasında olanlar heç vaxt yenilə biləcəklərini öz kor qürurlarına sığışdıra bilmirlər.
Mübariz gənc xanım Nigar Yaqublunun həyatında baş verən faciəvi hadisə ona baha başa gəldi. Hakimiyyət fürsəti əldən vermədi. “Bir zərbə də məndən olsun” dedi. Yol qəzası törətmiş bir xanıma analoqu olmayan hökm çıxarıldı. Bununla həm onun özündən, həm atası Tofiq bəydən qisas alırdılar.
Indi tamamilə qondarma bir ittihamla Tofiq bəyin özünü həbs ediblər. Ittihamın absurdluğunu hətta Fazil Qəzənfəroğlu kimi biri də Tofiq Yaqublu və Ilqar Məmmədovun həbsi ilə bağlı suala cavab verərkən dilə gətirir: “Əgər bu partiyalar camaatı küçələrə çıxara bilirlərsə, elə meydanlara çıxarıb mitinqlərini keçirsinlər də…”. Əlbəttə, bu cavabda ilan zəhəri yetərincədi. Partiya sədri həqiqəti belə zəhərə bulaşdırmadan, hirs-hikkəsiz və yarımçıq həqiqət şəklində deməkdən özünü saxlaya bilməyib. Kimsəyə sirr deyil ki, bölgələrdə baş verən qanlı hadisələrdən müxalifətin xəbəri yoxdu. Xeyr, məsələ bu deyil. Əsas odur ki, qisasını alasan. Ismayıllıya sadəcə getmək belə, hakimiyyəti özündən çıxarıb. Bu düşmən toyuna gedənlərlə haqq-hesab çəkmək kimidi. Bəs düşmən kimdi? Kim olacaq – əzilən, alçaldılan, təhqir edilən vətəndaşlar.
Ilqar Məmmədovun həbsi də eyni məqsədlə həyata keçirilib – qisas almaq üçün düşən ilk cüzi fürsətdən maksimum yararlanmaq. Məmmədov bir neçə ay əvvəl parlamenti zooparka bənzətmişdi.
Professor, böyük alim Rafiq Əliyevin ADNA-da kafedra müdirliyindən çıxarılmasından başlayan qisasçılıq Rüstəm Ibrahimbəyovla özünün ən idbar nöqtəsinə çatdı. Ona qarşı aparılan qara kampaniya, Ittifaqının parçalanması, ofisindən atılması, cinayət işinin qaldırılması, Rasim Balayev kimi bir sənətkarın ən murdar üsulla ittifaqdan uzaqlaşdırlması, hava limanında şübhəli saxlamalar və s. Qisasın bitib-tükənməz həddə qədər alınması. Qarşıda qisasın hansı şəkillərindən istifadə olunacağını isə zaman göstərəcək.
Ardıyca Əkrəm Əylisli bombası. Yazarın “Daş yuxular”ı qisas almaq üçün əla fürsət oldu. Bu günə qədər marığa yatan qisas hissi məqamın yetişdiyini görən kimi özünü ac qurd kimi şikarının üstünə atıb, onu parçalamağa başladı. Əylislini vurmağın bundan gözəl məqamı ola bilməzdi. Çünki yazıçı hakimiyyətə kütlənin hisslərini cuşa gətirmək üçün gözəl dəstəvuz vermişdi. Oğlu və həyat yoldaşı işdən atıldı. “Yazığam, sevmə məni” pyesi əsasında hazırlanan tamaşanın premyerasını ləğv ediblər.
Indi ölkədə eynən “Daş yuxular”ın əvvəlində göstərilən durum yaranıb. Istədiyin şəxsə barmağını uzadıb “Bu, filankəsdir” de, səni bir anda parça-parça eləsinlər. Ölkə 88-90-cı illər havasına bürünüb. Bundan belə qisasın bütün xalqdan alınacağı era başlayır.