Mən də gəldim, qızım…

Bu gün (dünən – red.) Nigarın doğum günü olduğunu bilirdim. Yazı yazacaqdım. Hər ehtimala qarşı FB-dən Tofiq bəyə və Nərgizə mesac yollayıb dəqiqləşdirmək istədim. Nərgizdən cavab gəldi. Demə yanlışlıq olub, Nigarın doğum günü yayda imiş. Amma bu gün atasının doğum günü olduğunu da demədi. Ertəsi gün Tofiq bəyi həbs etdilər… Bəzən intuisiyalarım öncədən mənə nəsə deyir. Keşkə daha gözəl şeylər desə… 
Bu ailə haqqında dünyanın ən gözəl əsərini yazmaq olar. Nədən özünə boy verən bəzi yazarlarımız yaxın çevrədəki bu dəyərləri görməz olub, hey erməni simpatiyasından yazır, anlamıram ki… Azərbaycanda hər kəsin bir ailə albomu var. Evlərə yolum düşəndə, onlardan bir çoxunu görmüşəm. Bəzilərində sadəcə ömrün anlarından ibarət fotolar, bəzilərində xarici ölkə səyahətlərini, turist səfərlərini, əyləncə məclislərini göstərən səhnələr… Tofiq Yaqublu bu ölkədə azsaylı insanlardandır ki, ailə albomundan qarşına tam fərqli mənzərələr çıxır. Bu albomda daha çox Tofiq bəyin Qarabağ davasındakı savaş səhnələri, azadlıq mübarizəsi yolunu canlandıran rəsmləri var. Bu albomda ailənin iki gözəl balası – Nigarla Nərgizin atalarıyla bərabər yürüdüyü müqəddəs yolda yaşadığı tarixi anlar, meydanlarda polislərlə mücadilə səhnələri yer alır…
Şübhəsiz, totalitar düşüncəli ölkədə belə ailə nümunələri sevilməz. Çünki insani dəyərləri film kimi göstərən bu albomun fonunda əks tərəfin ailə albomlarındakı “boşluq” çılpaqlığı ilə daha açıq üzə çıxır. Nigar yol qəzasına düşməsəydi də, bu ailədən bir yolla qisas alacaqdılar. O hadisə sadəcə bəhanə oldu. Tofiq bəyin həbsi bu ehtimalı bir daha təsdiqləyir. Artıq bir şey yazmaq istəmirəm. Bircə onu bilirəm ki, bu ailə mənə çox yaxındır, mən həqiqətən bu ailəni çox sevirəm… Tofiq bəyin həbsini eşitdiyim an ağlıma onun tez-tez FB-də paylaşdığı “Nigardan nigaranam” sözləri və həmin məşhur mahnı gəldi. Bu şer də belə yarandı, Tofiq bəylə Nigara bir mənəvi dəstək olun deyə…
Mən də gəldim, qızım…
Tofiq bəy üçün

Mən də gəldim, qızım,
sən burda, mən orda-
bir həbsxananın iki ayrı hücrəsində
cəzalı altı ay
ömürdən qırılıb getmiş kimi…
Gəldim, qızım….
indi bu bağlı qapılar arxasında
içim daha hüzurlu,
altı aylıq məhkumluğum
yaşanıb bitmiş kimi…

Mən də gəldim, qızım…
Nə azadlıq?..
o azadlıq deyilən yerdə,
altı ay hər kəsdən gizli
bükülüb qaldım
nigaran, dərin gecələrin dibində…
bu soyuq köşədə
donan barmaqların girdikcə yuxuma,
yumruqlanmış əllərim qanayıb üşüdü
isti gödəkçəmin cibində…

Bilirsən, sevda elə bir şey ki…
könlünü çarpsan, yolun çaşar,
bir baxarsan,
çılğın qanadların buludları uçurarkən,
ya bir yol qəzasından,
ya da bir könül cəzasından məhkumsan…
Bir baxarsan,
sevgiyə açılmış qolların qandallı
dar ağacındasan…

Sevda elə bir şey ki…
hələ haqq sevdası, vətən, azadlıq sevdası…
bir baxarsan, uğruna baş qoyduğun davada
günahdan boynu yüklü,
pozuq sifətlər durar üzünə,
hələ yalançı, üzsüz bir hakimin
ölü vicdanıyla saxta hökm
oxudarlar üzünə…

Sevda elə bir şey ki,
çiləsi böyük, acımasız, zor…
mən nə deyim, qızım,
sevda necə bir şey,
cəzasını sən daha yaxşı bilirsən,
artıq öz könlünə sor…