Universitet auditoriyasından müharibə meydanlarına
Ikinci Dünya müharibəsinin başlanması ilə elmi işləri yarımçıq qalan alimlər sırasında onun da adı vardı. Elmi fəaliyyətə 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olduqdan sonra, tələbəlik illərində başlamışdı. Universitetdə oxuduğu 2 il müddətində SSRI EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya Institutunda laborant vəzifəsində çalışmışdı. Onun çoxlarından fərqlənən bilik və qabiliyyəti təhsil aldığı universitetin məşhur professoru Elpatevski və bir çox müəllimlərin nəzərindən qaçmadı.
Beləliklə, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyi zaman onu onurğalılar zoologiyası kafedrasında müəllim saxladılar. Təhsil aldığı universitetin ilk məzunlarından sayılan gənc alim 1 saylı diplomun sahibi oldu. 1940-cı ildə müəllimlik fəaliyyətini davam etdirməklə bərabər, Zoologiya Institutunda “Ixtiologiya” ixtisası üzrə aspiranturada oxumağa başladı…
Haqqında söz açdığımız bu görkəmli alim Azərbaycanda zoologiya-ixtiologiya elmləri sahəsində tanınmış mütəxəssis, AMEA-nın müxbir üzvüÿ Yusif Əbdürrəhmanovdur. Müharibə onun bütün planlarını yarımçıq qoydu. Milyonlarla gənc kimi, o da od püskürən savaş meydanlarına yola düşdü. Müharibənin ilk günlərindən 1943-cü ilədək Xəzər hərbi dəniz donanmasının gəmilərində radist vəzifəsində çalışdı. Çətin sınaq illəri alimi elmi işlərindən ayırsa da, müharibə başa çatan kimi, öz işinin başına döndü. Böyük çətinliklər dövrü idi. Amma o, elmi axtarışlarını dayandırmaq niyyətində deyildi…
AMEA Zoologiya Institutunun veb səhifəsində görkəmli Azərbaycan alimiÿYusif Ələkbər oğlu Əbdürrəhmanov haqqında təfərrüatlı bioqrafik məlumat yer alır. O, 1912-ci il may ayının 18-də Şəki şəhərində anadan olmuşdur. Valideynlərini gənc yaşlarından itirmiş, ibtidai təhsilini Şəkidəki nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə Şəki pedaqoji texnikumuna daxil olmuşdur. Bu texnikumu bitirdikdən sonra 4 il kənd müəllimi, kolxoz gənclər məktəbində müəllim və tədris hissə müdiri işləmişdir.
Y.Əbdürrəhmanovun əsas elmi işləri müharibədən sonra başlanmışdır. Hərbi xidməti başa vurduqdan sonra o, biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 1945-ci ilin iyul ayında “Xəzər şirbitinin biologiyası” mövzusunda dissertasiya işi müdafiə etmiş və Azərbaycan SSR EA Zoologiya Institutunun su heyvanları şöbəsində baş elmi işçi vəzifəsinə qəbul edilmişdir. Həmin şöbəyə o dövrdə məşhur alim, Azərbaycanın balıq faunasının öyrənilməsində əvəzsiz xidmətləri olmuş akademik A.N.Derjavin rəhbərlik edirdi.
Bu nüfuzlu alimlə birgə işləmək Əbdürrəhmanovun elmi fəaliyyətində mühüm mərhələ olmuşdur. Qısa zamanda Institutun su heyvanları şöbəsinin əsasında yaradılmış ixtiologiya laboratoriyasına rəhbərlik etmək Y.Ə.Əbdürrəhmanova həvalə edilmişdir. Alim 1952-ci ildən ömrünün sonuna kimi ixtiologiya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan balıqlarını öyrənən alim
Azərbaycanın və keçmiş SSRI-nin müxtəlif nəşriyyatlarında, habelə xaricdə nəşr olunan îjurnallarda görkəmli alimin 100-dən çox elmi əsəri çap edilmişdir. Y.Ə.Əbdürrəhmanov eyni zamanda 6 monoqrafiyanın müəllifidir.
Əbdürrəhmanov “Azərbaycan balıqları” (1955) monoqrafiyasında Respublika sularında yayılmış balıqlar haqqında mövcud məlumatları dərindən tədqiq etmiş və ümumiləşdirmişdir. Bu monoqrafiya ixtiologiya sahəsində Azərbaycan dilində yazılmış ilk əsər olmaqla bərabər, ali məktəb tələbələri üçün qiymətli tədris vasitəsi hesab edilir.
Y.Ə.Əbdürrəhmanov 1960-cı ildə “Azərbaycanın şirin su balıqları” mövzusunda dissertasiya işi müdafiə etmiş, biologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdir. 1965-ci ildə ona ixtiologiya ixtisası üzrə professor elmi adı verilmiş, 1968-ci ildən isə alim Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.
Böyük alim ixtiologiya laboratoriyasının müdiri olduğu 25 il ərzində respublikanın daxili su hövzələrinin, Xəzər dənizinin balıq faunasının və ehtiyatının tədqiqi sahəsində elmi məktəbin formalaşmasına mühüm xidmətlər göstərmişdir. Bu laboratoriyanın fəaliyyəti balıqçılıq təsərrüfatı idarələrinin işi ilə sıx sürətdə bağlıdır. Onun rəhbərlik etdiyi qurumun bir sıra elmi-tədqiqat işlərinin nəticəsi müvafiq əməli təkliflərlə balıqçılıq təsərrüfatı idarələrinə verilmişdir. Əbdürrəhmanov və başqa ixtioloqlar tərəfindən aparılmış tədqiqatlara əsasən demək olar ki, Azərbaycanın heyvanlar aləmi içərisində balıqlar ən yaxşı öyrənilmiş heyvan qruplarından sayılır.
Mingəçevir su anbarının biologiyası laboratoriyasının ilk yaradıcılarından biri də Y.Ə.Əbdürrəhmanovdur. Böyük alimin və onun Zoologiya Institutunda çalışan başqa ixtioloq həmkarlarının apardıqları tədqiqatlar sayəsində Mingəçevir su anbarı respublikanın yaxşı öyrənilmiş su hövzələrindən hesab olunur.
Y.Ə.Əbdürrəhmanovun “Azərbaycan faunası” (VII cild) seriyasından olan “Balıqlar” (1966) kitabında Azərbaycanın şirin sularında və Xəzərin Azərbaycan sektorunda yaşayan 95 növ və yarımnöv balığın təsnifat qaydası ilə morfologiyası, yayılması, həyat tərzi və təsərrüfat əhəmiyyətinə dair yeni məlumatlar verilir.
Böyük elmi dəyər daşıyan əsərləri
Görkəmli ixtioloqun əsərləri ümumilikdə böyük elmi əhəmiyyət daşıyır. Bu əsərlər haqqında mərkəzi jurnallarda, xarici mətbuat səhifələrində dərc olunmuş rəylər, o cümlədən Azərbaycan SSR EA Zoologiya Institutunun müdiriyyəti tərəfindən həmin əsərlər üçün müəllifə verilən xüsusi mükafatlar bunların yüksək elmi əhəmiyyətini bir daha sübut edir. Y.Ə.Əbdürrəhmanovun elmi fəaliyyəti Azərbaycan dilində zooloji ədəbiyyatın, dərsliklərin yaranmasına da öz gözəl töhfəsini vermişdir. Alim “Zoologiya terminləri lüğəti”nin (1961) müəlliflərindən biridir. O, “Azərbaycan dilinin izahlı lüğəti”nə (1965) daxil olan zooloji terminlərin izahını vermişdir. Əbdürrəhmanov Azərbaycan Sovet Ensiklopediyasının ayrı-ayrı cildlərinə daxil edilmiş bir sıra məqalələrin, eyni zamanda həmin ensiklopediyanın bütün cildlərinə daxil olan zoologiya üzrə sözlərin müəllifidir.
Bundan başqa, Y.Ə.Əbdürrəhmanov 1945-54-cü illərdə Azərbaycan Dövlət Universitetinin “Biologiya” fakültəsində ixtiologiya, balıqların ekologiyası, paleozoologiya fənlərindən mühazirələr oxumuş, tələbələrin diplom işlərinə rəhbərlik etmişdir. Alim ali və orta məktəblər üçün zoologiya dərsliklərinin yazılmasında və Azərbaycan dilinə tərcümə edilməsində də yaxından iştirak etmişdir. Y.Ə.Əbdürrəhmanov Moskva, Leninqrad, Kiyev, Bakı və başqa şəhərlərdə keçirilən ümumittifaq konfranslarında, elmi sessiyalarda məruzələrlə çıxış etmişdir.
Onun P.A.Qayıbova və H.S.Abbasovla birgə yazdığı “Bizim balıqlar” (1955) adlı kitabçası elmi-kütləvi kitabçalar içərisində xüsusi qiymətə malikdir. 1971-ci ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının Rəyasət heyəti Y.Ə.Əbdürrəhmanovu “Təbiəti mühafizəyə həsr olunmuş ən yaxşı mühazirələrin mətnin tərtib etmək” üzrə I Respublika müsabiqəsində I dərəcəli diplomla mükafatlandırmışdır.
Bir çox nüfuzlu ictimai vəzifələrin və mühüm titulların sahibi olan professor Y.Ə.Əbdürrəhmanov fəaliyyəti dövründə “Şərəf Nişanı” ordeni və 4 medalla təltif edilmişdir.
Böyük alim Y.Ə.Əbdürrəhmanov 1977-ci ildə 65 yaşında vəfat etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir