
Xətai rayonu, Xəqani Rüstəmov 1210 ünvanında yaşayan məcburi köçkünləri evlərindən didərgin salmaq istəyirlər. Səbəb isə həmin ərazinin bir iş adamına satılması olub. Sakinlər isə buradan köçməyəcəklərini deyirlər.
Ötən gün yenidən sözügedən ünvanda toqquşma baş verib. Belə ki, əraziyə gələn şəxs özünü təqdim etmədən sakinləri mənzillərindən əşyalarını çıxarmağa tələb etdi. Jurnalistlərin suallarına da cavab verməyən həmin şəxs “Qaçqınkom”un deyil, Nəqliyyat Nazirliyinin əməkdaşı olduğunu söylədi. Bildirdi ki, əşyaları yük maşınına doldurduqdan sonra onlara yeni mənzillərin orderləri təqdim olunacaq.
Əsasən Ağdam və Füzuli rayonundan olan məcburi köçkünlər verilən bu vədlərə inanmırlar. Deyirlər ki, onları bir bahənə ilə buradan çıxarmağa çalışırlar.

“Yalandan deyirlər ki, bizə ev verəcəklər. Mənzil verən şəxs öncə orderi təqdim edər, evin sənədlərini sahiblərinə göstərər, sonra bizi buradan çıxarar. Bunlar isə tərsinə iş görürlər”,- deyə sakinlər bildirirlər.
Sakinlər deyirlər ki, ərazini bir iş adamı alıb, bir il əvvəl tikintiyə başlamaq istəsə də, qazılan ərazidə bir uşağın boğulması ilə nəticələnən hadisədən sonra işlər dayandırılıb: “Indi isə yenidən tikinti aparmaq istəyən şəxs görünür, bizə məxsus gecəqonduların ərazisini də özəlləşdirərək evləri köçürməyə çalışır”.
“Biz hər an köçərik, ancaq bunu qanuni yolla etsinlər. Gəlib bizi aldatmasınlar. Deməsinlər ki, sizin mənziliniz hazırdır, köçün. Mənzilimiz hazırdırsa, öncə gedib baxaq. Sonra köçək”.
Başqa bir sakin isə açıqlamasında bildirdi ki, əgər ona mənzil vermədən buradan zorla köçürsələr özünü və uşağını yandıracaq: “Bundan başqa yolumuz yoxdur. Bir dəfə evlərimizi itirmişik. Ikinci dəfə mənzilimizi itirmək niyyətində deyilik. Ya ev versinlər, ya da indiki şəraitdə tikilən komamıza toxunmasınlar”.
Ramin DEKO


