İsmayıllı aksiyasında daş kimi yatanlar

İlham Hüseyn

Son günlər ölkə telekanalları, hökumət qəzetləri bütün yaradıcılıqlarını Əkrəm Əylislinin “Daş yuxular”ını yozmağa sərf eləyiblər. Bu romana haqq qazandırmaq fikrindən uzağam, hətta tənqid yazmaq fikrim də var. Söhbət ondan gedir ki, son aylar ölkədə bu qədər taleyüklü məsələlər cərəyan etdiyi halda, susan, özünü görməzliyə vuranlar, bu gün vətənpərvər, millətçi olublar. 
Elşadın videosuna baxıb Ramizə söz deyə bilməyənlər, Əylislinin romanın oxuyub “ziyalı”, “millətçi” olublar. Əsgər ölümlərinə etiraz aksiyasında, Ismayıllıya dəstək aksiyasında fəallıq göstərən bizlərə erməni deyənlər, indi erməni sözünə qənim kəsiliblər. Necə olur ki, Əkrəm üçün killer axtarışına çıxanlar, əsgər killerlərinə etiraz edə bilmirlər? Yoxsa Ismayıllıdakı etiraz edən xalq da, ölən əsgərlər də ermənipərəstdir? Necə olur ki, Ismayıllıya dəstək aksiyasında tutulan gənclərə 13 sutka həbs verən hakim, Əkrəm Əylislinin evinə təşrif buyuranlara analoji cəzanı vermir? Necə olur ki, Milli Məclisin deputatı ekranda söyüş söyəndə tərif, yazıçı roman yazanda təhqir olur? Yeməzlər.
Artıq bu ölkədə insanlar bir reallığı qəbul edib, hakimiyyət kimi tənqid edirsə, həmin şəxs haqlıdır. Cənablar, sizin muzdlu gənclərinizdən fərqli olaraq, son aksiyalarda həbs olunan gənclər ölkənin intellektual, cəsarətli, ictimai fəal gəncləridir. Biz başa düşürük, ömründə 13 gün ləyaqətlə yaşaya bilməyənlər, ömrünün hər gününü ləyaqətlə yaşayanlardan, 13 sutka həbslə qisas alır. Son olaylar bir daha sübut etdi ki, bu hakimiyyət ümummilli məsələlər gündəmə gələndə, daş kimi yuxuya gedir, öz bostanına daş atılanda isə “Daş yuxular”dan yararlanır. Amma heç bir əsər, heç bir yazı, Elşadın videolarını, rejim mənsublarının oğurluqlarını unutdura bilməyəcək. Çünki bütün bunlar xalqın sabahını zülmətə çevirib. Bu gün məlum romanı o adamlar tənqid etməyə başlayıb ki, onların, ümumiyyətlə, milli maraqlardan danışmağa mənəvi haqqı yoxdur.ÿ
Biz bu ölkənin gəncləri olaraq bir şeyi dəqiq anlayırıq ki, bizlər öz ölkəmizdə qərib kimi yaşayırıq. Biz bu hakimiyyətin yarıtmaz idarəetməsinə görə varlı ölkənin səfil sakinlərinə çevrilmişik.ÿ
Mən bu sətirləri yazarkən Tofiq Yaqublunun və Ilqar Məmmədovun həbs olunduğu xəbəri yayıldı. Onlar hansı romanda erməniləri tərifləyib?..
Bu ölkədə ləyaqətli insanlar ona görə cəzalanır ki, bu insanlar öz həyat romanlarında quldur rejimi ifşa eləyiblər.
Mən bir yazıçının səhvini bağışlaya bilərəm, bir hakimiyyətin bütün xalqın həyatını qaraltmasını, dostlarımızın haqsız yerə həbsə atılmasını isə əsla. Sizlər, bağışlanmaz günahların müəllifisiniz. Xalq isə, susmuş oxucu. Vampirlərin “kitabının” bağlanmasına çox az qalıb.