“Hakimiyyət repressiyanı artırdıqca qəbrini daha dərin qazır”

qurban memmedov“Azadlıq mücadiləsi aparanlar həbsdən qoxsaydılar, özlərini rus tanklarının altına atmaz, ölümün qapısını açmazdılar”

Qurban Məmmədov: «Ortadakı nəticələr son iyirmi ildə Əliyevlər hakimiyyətinin xalqın başına gətirdiyi müsibətlərin obyektiv sonluğudur»

Hakimiyyət Ismayıllıda baş vermiş üsyana görə günahı müxalifətin üzərinə atmağa cəhd edir. Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri Ilqar Məmmədovun Ismayıllı hadisələrinin təşkilində günahlandırılaraq həbs olunması bunun sübutudur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində Tofiq Yaqublu və Ilqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlərin təşkili və ya onlarda iştirak) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.ÿHakimiyyətin iki müxalifət təmsilçisinin həbs olunması ilə hadisələrin mahiyyətini dəyişərək, demokratik düşərgəni təşkilatçılıqda ittihamı nə vəd edir? Tanınmış vəkil Qurban Məmmədovla müsahibəmizə məhz bu sualla başlamaq qərarına gəldik.

– Bu rejim qanunsuz bir quruluşdur. Ona görə hakimiyyətin hərəkətlərində hər hansı məntiq, qanunauyğunluq axtarmaq mənasızdır. Hakimiyyət sadəcə olaraq xof mexanizmini bərkitmək üçün bu cür addımlar atır. Məqsəd aydındır.

– Bəzi ekspertlərin fikrincə, hakimiyyətin buradakı məqsədlərindən biri etirazçıları müxalifətin dəstəyindən məhrum etmək və siz dediyiniz kimi əhalidə xof yaratmaqdır. Sizcə, seçilən yol bir nəticə verə bilərmi?
– Hakimiyyət sadəcə olaraq xof mexanizmini gücləndirərək başqalarına dərs verməyə çalışır. Hakimiyyət o mesajı verməyə çalışır ki, etiraz səsini qaldıran hər kəsi həbs edə bilər. Amma hakimiyyət anlamır ki, Milli Azadlıq mücadiləsini aparanlar həbsdən qorxsaydılar, özlərini vaxtında rus tanklarının altına atmazdılar, ölümün qapısını açmazdılar. Hamımız vaxtilə həbsxanadan keçən adamlarıq. Insanları həbs etməklə haqqın səsini boğmaq mümkün deyil. Bu mümkün olsaydı, ən qəddar tiranlar Mübarək, Qəzzafi hakimiyyətdə qalardılar. Azərbaycan hakimiyyəti də bu diktatorların getdiyi yolu təkrarlayır və aqibətləri də eyni olacaq.

Xalqın narazılığı daha da artacaq

– Bu ilin yanvar ayında cəmiyyəti silkələyən bir sıra hadisələr baş verib. Bunlara misal olaraq “əsgər ölümünə son”, Ismayıllı və Imişlidə baş verən etiraz aksiyalarını göstərmək olar. 2013-cü ilin gərgin keçəcəyi proqnozlaşdırılırdı. Amma hadisələrin ilin əvvəlindən bu cür sürət qazanacağını heç kim gözləmirdi. Baş verənlər nəyi göstərir?
– Bunlar birdən baş verən hadisələr deyil. Hazırda üzdə olan nəticələr son iyirmi ildə Əliyevlər hakimiyyətinin xalqın başına gətirdiyi müsibətlərin obyektiv sonluğudur. Bu narazılıq getdikcə aratacaq və nəhayət, ümumxalq hərəkatına çevriləcək ki, bu hərəkat da bir sel olaraq hakimiyyəti aradan qaldıracaq. Burada təsadüfi, qeyri-adi heç nə görmürəm. Baş verənlər qanunauyğun hadisələrdir. Xalq iradəsi ilə formalaşmayan bütün diktatura rejimlərinin aqibəti belə olur.

– İctimai Palatanın məşhur “2 aprel” aksiyasında tanınmış ictimai-siyasi xadimlər həbs olunmuşdu. Amma sonra baş verən hadisələr göstərdi ki, hakimiyyətin bu repressiyaları heç bir nəticə vermədi. Bu dəfə necə, hakimiyyət istədiyinə nail ola biləcəkmi?
– Əslinə qalsa, hakimiyyətin atdığı bu addımlar məni çox sevindirir. Repressiya nə qədər artırsa, həbslər nə qədər çoxalırsa, müqavimət bir o qədər artır. Əslində bunların ikisi arasında bir düzmütənasib asılılıq var. Həbs olunan adamın qohumu, ailəsi, qonşusu var. Dünənə qədər ölkədə nə baş verdiyi ilə maraqlanmayan adam qohumunun həbsini eşidəndə istər-istəməz maraqlanacaq ki, nə baş verir. Ona görə də hesab edirəm ki, hakimiyyət repressiyanı artırdıqca öz qəbrini daha tez və dərin qazır.

– Hakimiyyət ölkədə rəsmən sərbəst toplaşmaq azadlığına qadağa qoyub. 2013-cü il seçki ilidir və seçki kampaniyası müddətində hakimiyyət məcbur olacaq ki, bəzi meydanları, toplantı salonlarını insanların üzünə açsın. Belə olan halda hazırda cəmiyyətdə mövcud olan narazılığı, gərginliyi seçkiyə qədər təxirə salmaq iqtidara nə vəd edir?
– Bu rejimin vaxtında seçki keçirilməyəcək. Sadəcə olaraq seçki oyunbazlığı, saxtalaşdırılması olacaq. Ona görə də seçki zamanı kütləvi tədbirlərə ümid etmək lazım deyil. Azərbaycan xalqının və dövlətinin taleyi seçkiyə qədər həll olunmalıdır. Bu, inşallah, baş verəcək. Ona görə də hakimiyyət rəsmi olaraq oyunbazlıq keçirsə də, istər-istəməz kütləvi tədbirlərin qarşısını alacaq, buna imkan verməyəcək və öz namizədlərini qalib elan etməyə çalışacaqlar. Azərbaycan xalqı öz haqları uğrunda kütləvi mübarizəyə hazırlanmalıdır. Bunu da müxalifət liderləri etməlidir. Müxalifət bir-birilə vuruşmaq əvəzinə birləşib Azərbaycan xalqının müqavimətini təşkil etməlidir. Inanıram ki, biz xalqın mütləq əksəriyyətinin narazılığını təşkil edə bilsək, hakimiyyət millətə qarşı güc işlətməyə cürət etməyəcək. Buna cəhd edərlərsə, hakimiyyət özü tapdaqlar altında qalacaq və Qəzzafinin aqibətini yaşayacaq. Hakimiyyət hazırda bir-birinin ardınca səhv addımlar atır və iqtidar özünün səhv addımlarının qurbanı olacaqdır. Hakimiyyət düzgün addımlar atsaydı, xalq ondan narazı olmazdı. Bu rejimin düz addım atmaq fikri, qabiliyyəti yoxdur. Hazırkı rejim cinayətkar mahiyyətlidir. Ona görə də hakimiyyətin atdığı addımları təbii qəbul etmək lazımdır və biz də bir xalq olaraq bu addımlara qarşı tədbirlərimizi görməliyik.

İqtidar da böyük satqınlıqla məşğuldur

– Hakimiyyət təmsilçiləri Əkrəm Əylislinin yazdığı kitab üzündən onu hədəfə alıblar. Sizcə, bu bir vətənpərvərlikdir, yoxsa hakimiyyət sadəcə olaraq baş verənlərdən istifadə edərək gündəmi dəyişməyə çalışır?
– Məgər bu hakimiyyətdə olanların, başda Ilham Əliyev olmaqla, hansı Əkrəm Əylislidən yaxşı hərəkət edib ki? Korrupsiya və rüşvət sistemini bərpa etmək məgər yaxşı işdir? Insanları süründürmək, milləti tapdalamaq, ac və işsiz qoymaq bir xəyanət deyilmi? Şəxsən mən Əkrəm Əylislinin romanını mənfi qarşılayıram. Bu əsər sözlə ifadə oluna biləcək tənqidə də məruz qala bilməz. Əkrəm Əylislinin bu hərəkətini millətə xəyanət kimi dəyərləndirirəm. Əgər Əkrəm Əylislinin yazdıqları düz olsaydı, mən onu dəstəkləyərdim. Amma Əkrəm Əylisli sadəcə olaraq tarixi faktları saxtalaşdırıb. Ilk növbədə Ermənistanda yaşayanların başına müsibətlər gətirildi. Həmin şəxslər ata-baba yurdlarından didərgin salındı, alçaldıldı, təhqir olundu və məhz bu olaylardan sonra buradakı ermənilərə qarşı narazılıq başladı. Mən o narazılığı dəstəkləyirəm. Öldürmə ki, öldürməsinlər deyiblər. Erməni öldürməsəydi, onu öldürərdilərmi? Hansı azərbaycanlı durduğu yerdə ermənini öldürüb? Amma mən Əkrəm Əylislinin əsərinə qarşı bu cür təbliğatın da lehinə deyiləm. Baş verənlər diqqəti bu əsərə qarşı yönəldir və ermənilərin əlinə əlavə manevr imkanları verir. Yazılan əsər tarixi faktlar baxımdan tərifə layiq deyil. Amma hakimiyyət məgər Əkrəm Əylislidən daha yaxşı iş görür? Iqtidar da böyük satqınlıqla məşğuldur. Əkrəm Əylisli milləti mənəviyyatca alçatdısa, bu hakimiyyət millətin maddi və mənəvi sərvətlərini talamaqla, onun büdcəsini oğurlamaqla dövləti ac-susuz qoyur. Ona görə bütün diqqət Elşad Abdullayevin ortaya qoyduğu videolara yönəldilməli, meydana çıxan faktlara münasibət bildirilməlidir. Prezident və başqa məmurlar cavab verməlidirlər. Əkrəm Əylislinin yazdıqları heç bir rəsmi nəticə doğurmur. Amma Ilham Əliyev və onun komandasının elədikləri rəsmi nəticə doğurur.

Hakimiyyətin vətənpərvərliyi psevdo-vətənpərvərlikdir

– Nəyə görə hakimiyyət ölkədə bir müddət əvvəl baş verən səsli-küylü olaylara münasibət bildirmədi? Mandat alveri, insan oğurluğu, vəzifəsindən sui-istifadə faktlarına heç bir reaksiya verilmədi?
– Peyğəmbərimizin gözəl bir hədisi var. Deyir, yetimin malını yeyən bizdən deyil. Bu addımı atan prezident də olsa, nazir də olsa kafirdir. Bu hakimiyyətin sahibləri kasıb, yetim malını yediklərinə görə, xalqdan deyillər. Onlar heç zaman vətənpərvər ola bilməzlər. Bu hakimiyyətin vətənpərvərliyi psevdo-vətənpərvərlikdir. Əkrəm Əylisli böyük səhv buraxıb. Hakimiyyət də bu səhvdən istifadə edərək xalqın ona qarşı yönələn nifrətini ôÿâazdırmağa çalışır.

– Qurban bəy, Elşad Abdullayevin videolarında adları çəkilən şəxslərlə bağlı məsələnin gündəmə qaytarılmasının vacib olduğunu dediniz. Uzun müddətdir ki, istintaq getsə də ortada konkret faktlar yoxdur. Necə düşünürsünüz, videoda adları çəkilən vəzifəli şəxslər postlarında qala-qala hər hansı obyektiv araşdırma aparıla bilərmi?
– Nəticə çoxdan var. Elşad Abdullayevin ortaya qoyduğu sübutlar özü elə nəticədir. Sadəcə olaraq kim-kimə qarşı tədbir görəcək? Hansı cinayətkar digər cinayətkarı tutacaq. Bu rejim qaldıqca heç bir qanuni tədbirlər görülməyəcək. Bütün cinayətlər ört-basdır ediləcək. Hakimiyyət dəyişəndən sonra yalnız kimin kim olduğu ortaya çıxacaq.

Xəyal