Dünya maliyyə güclərinə bağlı “Bloomberg” agentliyi Azərbaycanda hakimiyyətə qarşı son etirazlar, İsmayıllı hadisələri və onun ardınca iki müxalif siyasətçinin – REAL sədri İlqar Məmmədovun və Müsavatət başqanının müavini Tofiq Yaqublunun həbs edilməsindən yazıb.
“İranla qarşıdurma şəraitində olan Bakıdakı neft səltənəti facebook yürüşləri ilə çalxalanır” deyə yazan “Bloomberg” qeyd edir ki, İsmayıllıda etiraza qalxan əhali “prezident Əliyevin nazirlərindən birinə məxsus hoteli” yandırıb, hökumət isə bu hadisələrə görə məsuliyyəti prezidentliyə iddiaçı İlqar Məmmədov da daxil olmaqla, “dağıdıcı qüvvələrin” üzərinə qoyub. Agentlik qeyd edir ki, hotel yananda və hakimiyyət qüvvələri etirazçıların üzərinə zirehli texnika yeridəndə Əliyev İsveçrədə, Davos forumunda ölkəsinin iqtisadi uğurları, onun Davos forumunun potensial investorlarından biri ola biləcəyi haqda danışırdı.
Məqalədə İ.Məmmədova istinadən deyilir ki, Azərbaycanda xırda insidentlər də üsyana səbəb ola bilər. Bunlar ölkədəki korrupsiyalaşmış və disfunksional sistemdən narazılığın nə dərəcədə güclü olduğunu göstərir. Agentlik qeyd edir ki, Azərbaycan hakimiyyəti ərəb ölkələrindəki rejimləri devirən xalq etirazlarından sonra aksiyaları ümumiyyətlə qadağan edib. İ.Məmmədov həbsindən az əvvəl telefonla agentliyin əməkdaşına bildirib ki, builki prezident seçkilərində facebook hərəkətverici qüvvə olacaq. Belə ki, ölkədə bu sosial şəbəkənin 1 milyona yaxın üzvü var və oradakı əhval-ruhiyyə əhalinin rejimdən necə narazı olduğunu göstərir. “Gərginlik durmadan artır, Əliyevin hökumətinə qarşı real təhlükə var”, deyə o bildirib.
“Bloomberg” İsmayıllı hadisələrinə görə onlarla insanın həbbs edildiyini də yazır və qeyd edir ki, “Amnesty İnternational”, digər beynəlxalq insan haqları təşkilatları həbs edilənlərə işgəncə verildiyini bildirir.