Ramiz Mehdiyev icra başçılarını toplayır

Bölgələrdəki üsyanlar hakimiyyətin ciddi narahatlığına səbəb olub

Bu həftənin sonu Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə icra başçılarının müşavirəsi keçiriləcək. Bu barədə “Bizim Yol” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, iclasda PA rəhbərinin onlara seçkilərlə bağlı tapşırıqlar verəcəyi gözlənilir. Mənbə bildirib ki, Ismayıllıda baş verən olaylar, bundan çıxan nəticələrin geniş müzakirə olunması da nəzərdə tutulur.
“Azadlıq”a daxil olan xəbərə görə, bölgələrdə baş verən etirazlar Azərbaycan hakimiyyətində ciddi narahatlıq yaradıb. Icra başçıları ilə müşavirədə də əsasən bu məsələnin müzakirə olunacağı deyilir. Hakimiyyət indiki həssas dönəmdə rayonlarda sosial problemlərin müəyyən qismini həll etmək və bununla da gərginliyi minimuma endirməyə çalışır. Gözlənilir ki, icra başçılarına bu istiqamətdə tapşırıqlar veriləcək.
Onlara sakinlərlə münasibətlərdə diqqətli olmaq, vətəndaşların hiddətinə səbəb ola biləcək addımlar atmamaq tapşırılacaq.