Əkrəm Əylislinin daş labrintləri

Hacı İlqar İbrahimoğlu

Son günlər ən çox müzakirə olunan mövzu – Əkrəm Əylislinin bəlli romanıdır. Bu xüsusda yaranmış fenomenal situasiya, sıradan bir olay olmadığı üçün, buna münasibətsiz keçinmək qeyri-mümkündür. Baş verənlərə münasibət, sözsüz ki, müəyyən vurğu ilə təqdim olunmalıdır ki, yanlış sui-istifadələrə yer qalmasın. Bu mənada aşağıdakı ardıcıllıqla münasibətin bildirilməsi, zənnimcə, daha uyğundur:
– Məmuriyyətin təşkil etdiyi qaragürüh “vətənpərvərlik” şousu;
– Bəlli romanın qnoseoloji kökləri;
– İctimai rəyin qarşılaşdığı unikal vəziyyət.
 
Qaragüruh “vətənpərvərlik” şousu

Bu, ilk dəfə deyildi ki, Qarabağ mövzusunda bu kimi görüntülər meydana çıxır. İstər paytaxt küçələrində, istərsə də TV-də. O qədər səmimiyyətdən uzaq və sünidir ki, artıq heç nəzərdə tutulduğu və hesablandığı effekti də verməməkdədir (həmd olsun Allaha). Qeyd olunan çalar hər kəsə aydındır. Bu şounu təşkil və icra edənlərin Qarabağ dərdinə iddialığa nəinki haqqı çatır, əksinə, gündəlik mövcudiyyət və fəaliyyətlərilə əslində neçə-neçə Qarabağımızı verdirməkdədirlər. Söhbət tək coğrafi ərazidən getmir. Mənəviyyatda, təhsildə, tibdə, orduda, sahibkarlıqda, mülkiyyətdə, hüquq və azadlıqlarda, ləyaqətdə – sözün kəsəsi, bütün Azərbaycan insanının mövcudiyyətində Qarabağ verilməkdədir.

Romanın qnoseoloji kökləri

Romanı rusca mütaliə etdim. Rus dilində roman olaraq dəyəri ortababdır. Məzmunca da – epataja hesablanmışdır desək, nəinki yanılmarıq, əslində, bütün təqdimat üslubu elə buna yönlənmiş kimi görsənir. Bir azərbaycanlının etiraf-romanına iddialıdır.
Roman müəllifinin bir neçə müsahibəsini oxudum, qulaq asdım, videolara baxdım. Əsas gətirilən arqument – xalqların dostluğunu və birgəyaşayışı möhkəmləndirməyə yönəlik bir təşəbbüs olması iddiasıdır. Belə ki, “xalqlar başlatmayıb bu savaşı. Müəyyən qüvvələr başladıb və s.” kimi fikir – romanın leytmotividir. Lakin, buna rəğmən, romanda bilmərrə olaraq məhz xalq aşağılanır. Təhqir və söyüşlər “bəzi qüvvələrə” yağdırılmır, bütövlükdə xalqa, topluma yağdırılır. Sanki, demək istənilir ki, bu olaylar “bizlik” deyil, “filan”lar belə etdilər.
Əcəba, bu nə biçim xalqlararası dostluq yaratmaqdır?! Bir xalqın içində zonalara görə ayrıntılar yapıb, ardınca xalqlararası dostluq haqqında danışmaq – ən azından səmimi deyil. 75 yaşlı insan üçün isə, təcrübəsizlik də sayıla bilməz.
Deyəsən, Əkrəm Əylislinin “Daş yuxuları” əslində yazar üçün çıxılmaz əxlaqi labirint oldu axı…

İctimai rəyin qarşılaşdığı unikal vəziyyət

Bir insanın despotizmə qarşı çıxması, ona milləti, dini aşağılamağa imkan verirmi?
Bir insanın istedadlı olması, ona “yaradıcılıq azadlığı” pərdəsi altında ksenofobiya və islamofobiyanı həyata keçirməyə haqq verirmi?
Və ən əsası – qaragürüh “vətənpərvərlər”in hücumuna görə, səmimi tənqidçilik sükutmu etməlidir?!
Düşünürəm ki, ictimai rəydə bu suallar ciddi dartışdırılmalıdır. Çünki, nəticə etibarilə, əndərəbadi bir situasiya meydana çıxmış olur. Hər kəs anlayır bəlli romanın ksenofobik mahiyyətini, dağıdıcılığını, lakin bəlli qaragüruhçu hücuma görə (həmin cəbhəyə aid edilməmək üçün), susur. Hətta, bəzən, haqq da qazandırmış kimi görsənir. Və bunu yaradıcılıq azadlığı kimi ibarələrdən istifadə edərək, həyata keçirir.
Cənablar və xanımlar! Söyüş, təhqir, aşağılama necə yaradıcılıq azadlığı kimi yeridilə bilər?! Nə vaxtadək biz məfhumların bilərəkdən əvəzlənməsinə, qəlp kateqoriyaların ictimai şüura sırınmasına rəvac verəcəyik?

Sonluq əvəzi: “Mən yerazam”!

80-lərin sonu idi. Repetitorlara getdimiyiz illər idi. Müəllimlərə gedərkən, yol fasilələrində həmyaşıdlarımızla çox şeydən danışardıq. Bu söhbətlərinin birini xatırladım – bəlli romanı oxuyandan sonra. Kifayət qədər savadlı həmyaşıdımdan aşağılayıcı tonla “yerazlar” haqqında ibarələr eşitdim. Narazılığımı bildirdim. Dedim: “Axı belə olmaz. Bu yanaşma düzgün deyil, bölücülükdür”. Dedi: “Onlardır, gəliblər şəhərimizin bütün ab-havasını korlayıblar”. Onun kökəncə Göyçədən olduğunu bilirdim. Dedim: “Hər şey bir kənara, axı səninlə eyni eldəndirlər”. Dedi: “Yox. Mənimlə onları birləşdirən heç nə yoxdur”. Əl çəkmədim. Axırı, ona, səhvini etiraf etdirdim. O isə mənim Cəbhəyə aid olduğumu, xalq hərəkatında fəal olduğumu bildiyi üçün, yəgin ki, bu amillər ucbatından belə etdiyimi düşünürdü…
Bu romanı oxuyanda və orada “yerazlar”a qarşı söyüşü görəndə, çox narahat oldum. Savadlılığa, ziyalılığa iddialı, özü də ki, özünü kosmopolit sayan bir insan, axı necə, müsbət saydığı personajın dililə müəyyən insan cəmi haqında belə söyüşlər işlədə bilər?! – içimdə belə hayqırdım. Sabahı günü, tələbələrimin qarşısında bu haqda danışarkən, onlara dedim: “bu söyüşlərdən, aşağılamalardan sonra hesab edin ki, hər birimiz “yeraz” olmalıyıq. Bu söyüşü millət oğlu olaraq, özümüzə götürməliyik. Milli bölücülüyə qarşı öz etirazımızı belə bildirməliyik”.
Dünən tələbələrimizin birindən rusca “Ya – yeraz” (“Mən – yerazam”) adlı məqalə gəldi. Onun əslən Göyçə mahalından olmadığını bilirəm. Məqaləyə çox sevindim. Çünki milli ruhu olmayan toplumun gələcəyi yoxdur.
“Mən – insanam, Allahın bəndəsiyəm” hayqıran hər kəs: “Mən – bakılıyam, ermənistanlıyam, şuşalıyam, naradaranlıyam!” deyə hayqırmağı da bacarmalıdır. İllər öncə “ruslara qarşı kimsə nə isə edəcəksə, qarşısında məni görəcək”, deyən insan olaraq, bunu yazıram ölkəmizin 75 yaşlı yazarına – Əkrəm Əylisliyə. Romanda hədlər aşılıb! Hədləri aşmaq isə – Allah Kitabında zülm adlanır. Bu zülmü ilk olaraq, özünüzə etmisiniz. Bunu ürək ağrısı ilə yazıram Sizə!
Allah hamımızın günahlarını əfv etsin. Allah hamımıza səmimi peşmançılıq və tövbə nəsib etsin.