Keçmiş polis Qaralova üsyan etdi

Seyidəmir Əmirov qızına təcavüz edənlərin prokurorluq orqanları tərəfindən himayə olunduğunu deyir

Təqaüddə olan polis əməkdaşı, Qarabağ veteranı Seyidəmir Əmirov “Azadlıq”a dəhşətli faktdan bəhs edən məktub göndərib. S.Əmirov yazır ki, iki il yeddi ay əvvəl Səadət adlı qızı Mahmudov Vaqif Əbdül oğlu tərəfindən zorlanıb. Özü də V.Mahmudov bu hadisəni soyuq silah gücünə törədib.
Baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna, Bakı Şəhər Prokurorluğuna, Baş Prokurorluğa, eləcə də Prezident Administrasiyasına dəfələrlə yazılı müraciət edən atanın harayına səs verən olmayıb. S.Əmirov deyir ki, təxminən üç ildir ünvanladığı aramsız şikayətlərin nəticəsiz qalması prokurorluq orqanlarının əsl mahiyyətini ortaya qoyur: “Çoxsaylı müraciətlərimin nəticəsiz qalması sübut edir ki, prokurorluq orqanlarına dövlət nəzarəti yoxdur”.
Qeyd edək ki, prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini Ramiz Nəbiyev ötən ilin iyun ayında S.Əmirova cavab məktubu göndərib. Məktubda qeyd olunur ki, Səadət Əmirovanın 2009-cu ilin noyabrında zorlanmasına dair müraciətə Yasamal Rayon Prokurorluğunda baxılıb. Və sonuncu dəfə 2011-ci ilin may ayında prokurorluğun istintaq idarəsində cinayət işinin başladılmasına dair qərar qəbul edilib. Sonradan iş üzrə Bakı Şəhər Prokurorluğunda əlavə araşdırma aparılıb, işdə cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinə xitam verilməsinə dair qərar qəbul edilib.
S.Əmirov qızına təcavüz edən şəxsin açıq-aşkar himayə olunduğunu və prokurorluq orqanlarının ölkədə cəzasızlıq mühiti yaratdığını deyir: “Belə çıxır ki, prokurorluğu idarə edən bir qrup qanunu pozan dəstədir. Ona görə də ərizəmə cavab vermək əvəzinə bildiriş göndərirlər. Zakir Qaralov, budur sənin rəhbərlik etdiyin qurumun iç üzü”.