Herkel son həbslərlə maraqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin sədri Andres Herkel Real Alternativ Hərəkatının sədri, blogger İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini, jurnalist Tofiq Yaqublunun həbsi ilə maraqlanıb. Bu barədə gozetci.az portalına Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva məlumat verib. 
A.Abdullayeva bildirdi ki, Nəsimi Rayon Məhkəməsi T.Yaqublu və İ.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçəndən sonra A.Herkerlə telefon söhbəti olub: “Andres Herkelə hər iki şəxsin həbsi ilə bağlı məlumat verdim. Söhbət zamanı Herkel mənə “Bu həbslər AŞPA-nın qəbul etdiyi qətnamə ilə bağlıdır? ” sualını verdi. Mən ona cavab olaraq bildirdim ki, ölkədə vəziyyət mürəkkəbdir. O, bildirdi ki, iclasa tələsir və bu həbsləri orada qaldıracaq. O tələsdiyi üçün hansı iclasa getdiyini soruşmaq imkanım olmadı”.
A.Abdullayeva onu da bildirdi ki, A.Herkel 26 yanvar aksiyasında saxlanılan jurnalist Xədicə İsmayılova, blogger Emin Milli və digərlərinin işi ilə də maraqlanıb.