“Hakimiyyət kobud səhvə yol verdi”

AXCP-dən son həbslərlə bağlı sərt bəyanat

Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu gün ölkənin tanınmış iki siyasi xadiminin uydurma və sifarişli qərarlarla həbsə alınmasına öz kəskin etirazını bildirir.
AXCP Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədova qarşı İsmayıllı hadisəllərinə görə verilən ittihamı tamamilə əsassız, absurd, cəmiyyətdə qarşıdurma mühütinin şiddətlənməsinə səbəb olacaq addım kimi dəyərləndirir.
AXCP hesab edir ki, hakimiyyət bu həbslərlə avtoritarizmin əzəmətini yüksəltmək, xof  yaratmaq istəyir. Lakin, onlar bu dəfə də məqsədlərinə çatmayacaq.
AXCP xatırladır ki, avtoritar rejimlərin hamısının tarixi belə qondarma, şər-böhtan məzmunlu həbslərlə zəngindir. Buna baxmayaraq həbslərin, repressiyaların heç biri öz azadlığı uğurunda mübarizəyə qalxan xalqları yolundan saxlaya bilməyib.
Azərbaycan xalqı da istisnalar kateroriyasından deyil və bunu Azərbaycan hakimiyyətindəkilərdən başqa hər kəs dərk edir.
AXCP hakimiyyətə növbəti dəfə kobud səhvə yol verdiyi barədə xəbərdar edir ki, bu səhv siyasətdən əl çəksin. Xalqla konfrontasiya bütövlükdə nə xalqa, nə hökumətə yaxşı heç nə vəd etmir.
AXCP bəyan edir ki, əsassız yerə həbs olan siyasi xadimlərin azad olunmasına sonacan çalışacaq, onların müdafiəsində fəal iştirak edəcək, bu prosesdə bir anlıq da səngimə olmayacaq.
AXCP son həbslərə vurğu salaraq cəmiyyətə çağırış edir: hər kəs fərqində olmalıdır ki, ayrı-ayrı şəxs və regionların avtoritarizmlə ayrıca mübarizəsi uğurlu nəticə doğura bilməz.  Son həbslər də ölkədəki bütün regionların, ictimai fəalların ən geniş formatda birləşib geniş xalq hərəkatına başlamasını diqtə edir.