“Daş yuxular”ı oxuyub dəhşətə gəldim”

Tanınmış vəkil hakimiyyətə və ziyalılara çağırış etdi

Tanınmış vəkil Aslan İsmayılov yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri və onun ətrafında yaranan qalmaqalla bağlı yeni açıqlama verib. “Azadlıq”a göndərdiyi açıqlamada vəkil yazır:

“Əkrəm Əylislinin “Daş yuxular” əsərini oxuyub bitirmək üzrəyəm. Oxuduqlarımdan dəhşətə gəlmişəm. Vəkillik peşəmlə əlaqədar vaxtımın məhdud olduğundan, əsərin həddən artıq mürəkkəbliliyi ilə bağlı, problemin çox həssaslığından əlavə araşdırmaya ehtiyac duyulur. Bu baradə ən yaxın zamanda fikrimi bildirəcəm. Hakimiyyət təmsilçilərindən bir daha xahiş edirəm, əgər sizlərdə zərrə qədər dövlətçilik məsuliyyəti varsa ona qarşı apardığınız ağılsız, çirkli, Azərbaycan xalqına Əkrəm Əylisinin yazısından da artıq zərbə vuran, dövlətçiliyi sarsıdan, Qarabağ probleminin həllini mümkünsüz edən təbliğatı dayandırın. Azərbaycanda qeyri-ciddi insan kimi qəbul olunsa da “Balıq Hafiz”in dövlət qeydiyyatından keçmiş partiyasının qərarı ilə “Əylislinin qulağının kəsilməsinin partiyanın cavan üzvlərinə tapşırılması” bəyanatı Ermənistan hökuməti tərəfindən dünya ictimaiyyətinə rəsmi partiyanın verdiyi bəyanat kimi çatdırmağının Azərbaycan dövlətinin nüfuzuna hansı zərbənin vuracağını dərk edirsinizmi? Təşkil etdiyiniz bu tipli təbliğatı isə sadalamıram. Sizlərin bu işə qarışdığınızdan, ancaq şəxsi məqsədlər güddüyünüzdən, danışdığım bir çox ziyalıların susmağa üstünlük verdiklərinin şahidi oldum. İmkan verin bu işlə tarixçilər, ziyalılar, həqiqətən Dövlətini, Vətənini, Millətini dəyərləndirənlər məşğul olsunlar.

Azərbaycan ziyalıları, Əkrəm Əylisliyə qarşı olan təbliğatın əleyhinə olmanızı mən də bölüşmüşəm. Ancaq konkret romanla bağlı niyə fikir bildirmirsiniz? Qorxursunuz siyasi reytinqinizə zərbə olar? Əgər belədirsə mən vaxtilə hər birimizə rəğmən siyasətdən aralı durmaq lazımdır deyib forumdan çıxdıqda susmağınızı indi başa düşürəm.

P.S. Mən heç də ağılsız deyiləm. Elə bu fikirlərimə görə də çoxlu düşmən qazanacağıma əminəm. Ancaq bu mənim mövqeyimdir”.