Xalq üsyanları niyə davam edəcək?

YAP hakimiyyətinin axırına onun şövqlə istifadə etdiyi, dayağı saydığı, xoşallandığı, yağ kimi udduğu məddahlıq, yaltaqlıq və tərifbazlıq çıxacaq. Necəsini izah etməyə çalışacağam. Baxın, ata və oğul Əliyevlərin tərifi, mədhiyyələri, onların göylərə qaldırılması bu hakimiyyətin siyasi işinin əsasını təşkil edir. Ümummilli lider, uzaqgörən siyasətçi, bənzərsiz təfəkkür sahibi, millət fədaisi və s. obrazların yaradılması həm də hakimiyyətin möhkəmləndirilməsi məqsədi daşıyır. Bütün xalqı bu kəlmələrin altına yığmağa çalışıblar. Uzun illərdir iqtidarın təbliğat maşını, informasiya kanalları gecə-gündüz yalnız bununla məşğul olub. Elə hesab edilib ki, təbliğ etdikləri obrazlar bu hakimiyyətin üz ağlığıdır, onları böyük və güclü göstərmək, onların xalq üçün çalışdıqlarını inandırmaq və nümayiş etdirmək xalqı məmnun edəcək və iqtidarın siyasəti illə barışmağa, hesablaşmağa hazırlayacaq…
Tutaq ki, iqtidarın təbliğat maşını Ilham Əliyevin obrazı üzərində işləyir. Onun gücünü və xalq üçün çalışdığını nümayiş etdirir. Onun tez-tez qırmızı lentləri kəsməsini xalqa sevgi kimi qələmə verir. Tərif və məddahlıq burada siyasi işin nüvəsini təşkil edir – padşahı xalqa qəbul etdirmək istəyirlər. Amma bir şey unudulur…
O unudulur ki, xalq böyük padşahın monoton təbliğinə hər gün qulaq assa da, bu təbliğat bəlkə kiməsə hətta inandırıcı görünsə belə, gündəlik həyatda əhali bölgələrin balaca padşahları ilə üz-üzə dayanıb. O padşahlar ki, ilk gündən iti tamah dişi ilə düşürlər xalqın canına və başlayırlar qanlarını sormağa. Böyük padşahın tərif siyasəti burada daşa dəyir. Xalq qarşısında boz, tamahkar, kobud, insafsız, savadsız, ədalətsiz, dağıdıcı bir balaca padşah görür. Iqtidar öz böyük padşahının təbliğinə arxayın olunca, xalq tamam başqa bir reallıqla üz-üzə qalır və onun canına qəzəb yığılır.
Dünya dəyişir, Azərbaycan dəyişir, Internet yeni situasiya yaradır, ölkədəki zülmlər insanları boğur, əhali iqtidarın yalanlarını görür, böyük əksəriyyət böyük padşahın da kim olduğunu çoxdan anlayır – bütün bunlar öz yerində. Dəyişiklik istəkləri və tələbləri artıb. Amma bölgələri cana doyduran xüsusi bir səbəb icra başçılarının – balaca padşahların dözülməz əməlləridir. Sən yüz də Bakıdan Ilham Əliyevi regionun ən bacarıqlı siyasətçisi say, adamlar öz kiçik regionunda at oynadan balaca padşahları görür qarşısında.
Ilham Əliyevi min də tərifə mindir, icra başçısı Əhəd Abıyevlərdir, Nizami Ələkbərovlar, Rauf Həbibovlardır. Xalq da gündəlik həyatında, əsl gerçəklikdə onları görür. Və indi bölgələri qəzəbə gətirən, üsyana sürükləyən bir amil də budur…
Bölgədəki insanın anlamında Ilham Əliyev artıq nağıllardakı padşaha oxşayır, onun tərifi və təbliğinin bu insanlara isti-soyuğu yoxdur. Onun qarşısında öz padşahı, yaxud padşahları (icra başçısı, polis rəisi, icra nümayəndəsi, bələdiyyə sədri və s.) var və onların əməllərini gördükcə qəzəbindən alışıb-yanır…
Sonra da yandırmaq eşqi yaranır. Ya başqasını, yaz özünü. Ismayıllı olaylarının alovu çox olduğundan, onun fonunda başqa bir hadisə yaddan çıxdı. Füzuli sakininin özünü yandırması.
Baxın, yanvarın 26-da Füzuli sakini Dünyamin Adıgözəlov polis idarəsinin qarşısında özünü yandırdı. Onun atası deyir ki, oğlu polis idarəsinin yüksək vəzifəli əməkdaşı ilə mübahisə etdikdən sonra özünü yandırmaq fikrinə düşüb. Mübahisə pul üstündə yaranıbmış. Ata bildirir ki, bir müddət öncə həmin polis əməkdaşı Dünyamin Adıgözəlovdan 3500 manat pul alıb. Dünyamin Adıgözəlov həmin pulu geri almaq üçün polis idarəsinə gedib və mübahisə də bundan sonra yaranıb.
Çox güman ki, o mübahisəli pul hansısa rüşvət və ya haqq olacaq. Yüz faiz əmin olun ki, o olayın arxasında balaca padşahlığın bir insanı həyatdan doyduran ədalətsizliyi dayanır. Böyük layihələrə başı qarışan böyük padşahın bu vəziyyət vecinə də deyil, amma elə bu vəziyyət əhalini oda-alova sürükləyən amillərdən ən ciddisidir. Vəziyyəti özünüz düşünün, insan artıq özünü də yandırmağa hazırdır…