“Heydər pulu…”

Elçin Həsənov Fb-də bir məktub yayıb. Məktubda deyilir ki, Sumqayıtda 38 saylı məktəbin 3-cü sinif şagirdinin, Heydər Əliyevin məktəbdəki büstü üçün gül pulu vermədiyinə görə məktəbdən qovulmaq təhlükəsi var.
Elçin bəy yazır: “Bu gün mənə Qarabağ müharibə veteranı, bədənində Qarabağ döyüşlərindən bir neçə qəlpə gəzdirən Qurban Novruzov adlı valideyn şikayət edərək bildirdi ki, sinif rəhbəri Quliyeva Rüxsarə onun qızı Novruzova Şəbnəmi gözümçıxdıya salıb. Heydər Əliyev büstünə hər həftə 2 manat pul vermədiyinə görə məktəbdən qovulacağı ilə bağlı hədə-qorxu gəlib. Uşağın valideyni deyir ki, biz artıq məktəbdə yığılan fond pulu, süpürgə pulu, ”Günəş”, “Savalan” jurnalına abunə pulu, son aylarda isə Heydər pulu verməkdən bezdik. Bilmirik, uşağımızı məktəbə oxumağa göndərmişik, yoxsa rüşvət verib-almağı öyrənməyə. Qurban bəyin sözünə görə, pul vermədiyi üçün müəllimə qızını elə təhqir edib ki, uşaq iki gündür qorxusundan gözünün yaşını tökür, deyir məktəbə getsə, müəllimə onu döyüb, uşaqların yanında biabır edəcək. Valideynin sözünə görə, məktəbə Nadir Atakişiyev adlı yeni direktor təyin ediləndən orda oxuyan uşaqların günü göy əskiyə bükülüb. Dəfələrlə Təhsil Nazirliyinin 012-496-34-82 nömrəli qaynar xəttinə və Sumqayıt Təhsil şöbəsinin 64-213-20 nömrəli telefonlarına zəng edib şikayət etsələr də, bu günə kimi şikayətlərinə baxılmayıb”.
Bu məktubun Əkrəm Əylisliyə qarşı aparılan iyrənc, hər bir məsələdə olduğu kimi yanlış düşünülmüş kampaniya ilə birbaşa əlaqəsi var.
Əkrəm bəy də məhz, bunu yazıb yeni romanında. Vəhşilik, qaniçənlik. Həm də öz uşaqlarımıza qarşı. Əylislinin evinin qarşısında sarsaq aksiya keçirirlər. Bu tip aksiyaların necə keçirilməsi də kimsəyə sirr deyil. Dünən gənc bloqçu dostumuz Etibar Salmanlıya bir tələbənin göndərdiyi məktub bu cür aksiyaların anatomiyasını açıb göstərir. Həmin tələbə dərsdə darıxdığı bir vaxtda dekan gəlib bir neçə aktiv gəncin Icra Hakimiyyətinə getməli olduqlarını söyləyir və bu gənc də sevinə-sevinə yola düşür, orda lazımi işi başa vurandan sonra aradan çıxacağını planlaşdırdığı vaxt bir də gözünü açır ki, gəlib Əli Kərimlinin evinin qarşısına çıxıblar… Lakin onların içində gerçəkdən xüsusi canfəşanlıq eləyib sonradan hakimiyyət tərəfindən mükafatlandırılanlar da olur. Bəs görəsən onlar belə vətənpərvər olduqları halda nədən elə Əkrəm Əylislinin “yaxşı” qələmə verdiyi ermənilərin deyil, idbar komandirlərin öldürüb yola saldığı əsgərlərin ölümünə etiraz eləmirlər? Ya nədən bu deputatlar bir romana görə şüvənliyə çıxır, ama ölkəni bürüyən vəhşiliklərə səslərini belə çıxarmırlar?
Yaxşı, Əkrəm bəy romanında qəddar erməniləri yaxşı göstərib. Bu məktub isə yaxşı azərbaycanlıların qəddarlığından bəhs edir. Uşaq başı kəsən ermənilər uşaqları kor qoyan bir rejimin mənsublarından dahamı qəddardırlar? Erməni yaraqlısı, faşisti, deyək ki, lap yüzlərlə uşağın başını kəsib. Axı bu milli cəlladlar bütöv millətin başını kəsirlər. Təhsil millətin başı deyil də, nədir? Elə isə hanı o vətənpərvər gənclər, millətçi deputatlar? Nə olub? Yoxsa Əkrəm Əylislini söyməkdən səsləri batıb?
Bəli, Əylisli doğru yazıb. Qəddarıq, zalımıq, amansızıq. Ancaq öz başımızı kəsməyə. Başımızı kəsənlərin bir də millət deyib haray çəkməsi istər yaxından, istər uzaqdan nə qədər iyrənc görünür. Bunu görməmək üçün insan yalnız kor olmalı. Görəsən hələ çoxmu bizə korlar yol göstərəcək…