«Xanəndələr məclisi»ndən el məclislərinə…
“Mən Islama kamil oxuyan kimi baxıram. O, ”Yetim Segah”ı elə oxuyur ki, bütün məclisi əlinə alır. Islamın yaxşı cəhəti odur ki, onun “Segah”larında Azərbaycan ruhu daha çoxdur”. Bu sözləri vaxtilə xalq şairi Səməd Vurğun Islam Abdullayev haqqında demişdi.
Islam Abdullayev həqiqətən də Azərbaycan musiqi mədəniyyətinə misilsiz töhfələr verən sənətkarlardan biri olub. Azərbaycan vokal sənətinin və Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən olan sənətkar “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. Ona görə də xalq arasında onu Segah Islam deyə çağırıblar. Islam Əbdül oğlu Abdullayev 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuşdur. Ilk təhsilini şəhər məktəbində almış, hələ məktəb illərindən musiqiyə böyük həvəs göstərmişdir. Oğlunun musiqiyə olan həvəsini hiss etsə də, atasının ona müəllim tutmaq imkanı yox idi. Lakin bir təsadüf Islamın musiqi aləminə gəlib çıxmasına təkan verdi. O, şair Nəvvabın “Xanəndələr məclisi”nə dəvət olundu.
Azərbaycanın görkəmli musiqişünası Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri” kitabında yazır ki, Islam Abdullayev sonralar həmin hadisəni belə şərh edirdi: “Sərin yaz günlərinin birində atam evimizi təmir etdirirdi. Ustalar bütün işi qurtardıqdan sonra böyük, sal bir daşı ikinci mərtəbəyə qaldırıb pilləkənin başına qoymalı idilər. Üç usta, atam və mən nə qədər çalışdıqsa, daşı yerindən qaldıra bilmədik…
Ustalar tut ağacının kölgəliyində oturub çay içir, dincəlirdilər. Bu zaman atam məni çağırıb dedi:
– Bala, sən də bizim üçün bir-iki ağız de.
Mən pilləkəndə oturub “Qarabağ şikəstəsi” oxudum. Bir də nə görsəm yaxşıdı: darvazamızın ağzı adamla doludu. Camaatı görəndə utanaraq evə qaçdım.
Həyətə yığışanlar atamdan xahiş etdilər ki, mən bir də oxuyum. Atam əlacsız qalıb dedi:
– Xahişinizi yerinə yetirərəm, bu şərtlə ki…
– Əbdül əmi, axı şərtin nədir?
Atam gülümsəyərək dedi:
– Bu daşı pilləkənin başına qaldırasınız.
Gənclər qollarını çırmayıb, ustaların köməyi ilə daşı lazım olan yerə qoydular. Atam məni yanına çağırıb mehribanlıqla dedi:
– Islam, çıx daşın üstə, camaat üçün bir şey oxu.
Mən o zaman təzəcə öyrəndiyim “Qarabağda bir dənəsən” mahnısını oxudum. Qurtaranda hamı məni alqışladı. Bir qoca kişi atama dedi:
– Ay Əbdül, elə deyirsən kasıbam. Bundan da böyük var-dövlət istəyirsən?”.
Ilk dəfə Sadıqcanın oğlunun toyunda…
Islam Abdullayev öz xatirəsində yazır ki, “Mən Nəvvabın məclisində ilk dəfə o dövrün məşhur xanəndələrindən Məşədi Isini, Hacı Hüsünü, Mirzə Muxtarı, Dəli Ismayılı, Keştazlı Həşimi dinləmişəm, onlardan dərs almışam. Mən həmin məclisdə Hacı Hüsüdən ”Segah”, Məşədi Isidən “Mahur”, Keştazlı Həşimdən “Bayatı-Qacar”, Mirzə Muxtardan “Rast”, Dəli Ismayıldan “Rahab” və s. muğamları öyrəndim. Lakin özüm də bilmirəm, nədənsə bu muğamlar içərisində məni daha çox cəlb edən “Segah” muğamı idi. Rəhmətlik Sadıq tarını döşünə alan kimi mənim üçün “Segah” çalardı. Məni dinləyən usta Hacı Hüsü isə bu muğama yeni-yeni guşələr, xallar əlavə edib məndən onları təkrar etməyi tələb edərdi…”.
Islam Abdullayevin xanəndə kimi ilk müstəqil çıxışı görkəmli tarzən Sadıqcanın oğlu Əsədullanın toyunda olmuşdur. Toyun axırıncı gecəsində şair Nəvvab toyun “padşahı” Əllaf Kərbəlayı Şükürdən xahiş edir ki, Islamın “Segah” oxumasına icazə versin. Həmin gecə Islamın yanıqlı bir səslə oxuduğu “Segah” məclis əhlini, orada iştirak edən musiqiçiləri heyran edir. Buradakı ilk çıxışdan sonra Islamın şöhrəti artır və bundan sonra tez-tez Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarının el şənliklərinə dəvət edilir. Artıq onun səsi Iran məclislərindən gəlməyə başlayır və Iranın Rəşt şəhərində məclislərin birində Tehran xanəndələri Rübabə xanım, Sidqiyyə xanım və Qəmər Mülük xanım ilə yaxından tanış olur. Həmin məclisdə Islam Abdullayev tarzən Məşədi Zeynalın müşayiəti ilə oxuyur. Onun oxuduğu “Segah” tamaşaçıları heyran qoyur.
F.Şuşinskinin yenə də yuxarıda adını çəkdiyimiz kitabında oxuyuruq: “Seyid Şuşinski söyləyərdi ki, Islam olan məclisdə nə Cabbar, nə Ələsgər, nə Keçəçi Məhəmməd, nə də mən ”Segah” oxumazdıq. Həqiqətən, belə idi. Islamın oxuduğu “Segah”, xüsusilə “Yetim segah” nəinki Zaqafqaziyada, hətta bütün Yaxın Şərqdə məşhur idi. Məhz buna görə də, xalq onu “Segah Islam” adlandırmışdı”.
Böyük müğənni Bülbül də Islam Abdullayevin ifaçılıq qabiliyyətinə yüksək qiymət vermişdir: “Islam fars qəzəli oxumazdı. O, Azərbaycan şairlərindən, xüsusilə Füzulinin və Zakirin qəzəllərini oxuyardı. ”Segah”ı o qədər gözəl oxuyardı ki, ona qulaq asdıqca adamın ürəyi titrəyirdi…”.
1901-1905-ci illərdə Islam Abdullayev tarzən Qurban Pirimovla birlikdə Qarabağ, Gəncə məclislərində çıxış etmişdir. Qurban Pirimov deyirdi ki, Mən birinci dəfə məclisdə Islamla çıxış etmişəm. Islamın “Segah”ına söz ola bilməz. O, “Yetim segah”ı oxuyanda elə bil dağı-daşı dilə gətirirdi.
“Segah” onun təxəllüsü oldu
Islam Abdullayevin “Segah”ı həmin dövrün gənc xanəndələri üçün məktəb olub. Təsadüfi deyildir ki, o zaman gənc xanəndələrdən Əsgər Qurbanov, Cəmil Məmmədov, Bülbül, Xan Şuşinski, sonralar isə Zülfü Adıgözəlov, Həşim Kələntərli, Sürəyya Qacar və başqaları “Segah” oxuyarkən məhz Islam Abdullayevi təqlid ediblər.
F.Şuşinskinin həmin kitabından: Seyid Şuşinski xatirələrində belə bir maraqlı əhvalat söyləyir: “Bir gün mən Ağdaşda toy məclisində olarkən məndən ”Segah” oxumağı xahiş etdilər. Mən camaatın xahişini yerinə yetirərək “Mirzə Hüseyn segah”ı oxudum. Mən “Segah”ı oxuyub qurtaran kimi dinləyicilərdən biri mənə müraciət etdi:
– Ağa, biz “Segah” istəyirik.
Mən belə güman etdim ki, o, “Zabul Segah”ı oxumağımı istəyir. Mən onu da oxudum. Lakin gördüm ki, tamaşaçılar yenə razı qalmadılar. Vəziyyəti belə görən tarzən Rzabala mənə dedi:
– Ağa, yəqin bunlar “Yetim Segah”ı istəyirlər.
Mən:
– Neynək onda tarı köklə.
Mən “Yetim Segah”ı da oxuyub başa vuranda məclisdə əyləşən bir ağsaqqal dilləndi:
– Ağa, sən nə cür “Segah” oxuyursan ki, orada “Keçər qürbətdə ömrüm ah ilə, bir həmzəbanım yox” sözlərini eşitmirik?
Mən həmin dəqiqə dərk etdim ki, məclis hamılıqla Islamın “Segah”ını oxumağımı istəyir. Təzədən “Yetim Segah”ı başladım və Islamın həmişə oxuduğu şair Qumrinin məşhur qəzəllərindən istifadə etdim. Məclisi görünməyən alqış və razılıq sədaları bürüdü. Onda mənə aydın oldu ki, nə təhər deyərlər: “Qara qızın dərdi var imiş”, yəni tamaşaçıların dərdi adicə “Segah” yox, məhz Islamın “Segah”ını dinləmək dərdi imiş”.
Islam Abdullayev bir müddət məşhur tarzənlərdən Məşədi Zeynal, Məşədi Cəmil Əmirovla, sonralar isə Şirin Axundovla birlikdə çalıb-oxuyub. O, 1910-1915-ci illərdə “Sport-Rekord” və “Ekstrafon”, “Primer-Rekord” aksioner cəmiyyətlərinin dəvəti ilə səsini qrammofon valına yazdırmışdır. O, “Yetim Segah”, “Bayatı-Kürd”, “Kürdü-Şahnaz”, “Bayatı-Qacar”, “Şüçtər”, “Mahur-hindi”, “Şikəsteyi-fars”, “Çalpapaq”, “Səttarxan”, “Süsən sünbül”, “Axşam oldu” və sair muğam, təsnif və el mahnılarını son dərəcə orijinal, lirik tonla oxumuşdur.
Görkəmli sənətkar Islam Abdullayev 1964-cü ildə 88 yaşında Bakıda vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir