Ismayıllı olaylarının ardınca bu olaylara bütünlüklə başqa don geydirən hakimiyət yalanları yayıldı. PA-da hüquq başqanı Fuad Ələsgərov da oxşar yalanlarda bulundu: Ismayıllı olayı iki xuliqan arasında baş verən dalaşmadan qaynaqlanır. Üstəlik, o, belə bir tezislə çıxış etdi: “Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan…”. Son iyirmi ildə bu sayaq qondarma, anlamsız çıxış-yalanları çox eşitmişik. PA-nın çoxillik hüquq yetkilisinin belə anlamsız, görəvi, hüquqçu statusu, hüquq normaları ilə bir araya sığmayan danışığı absurd əliyevçi hakimiyət görsənişidir. Bu, hüquq normaları bir yana, elementar dövlətçilik normalarını belə, tanımayan bir hakimiyətdir. Bizim 20 ilə çatan faciələrimiz də bundadır.
Bir sıra bilginlərimizin bildirdiyinə görə, Azərbaycan dövlətinin, dövlətçiliyinin yaşı 5 min ildir. Bəlli olduğu kimi, hər bir xalqın, onun ölkəsinin yaşı yaratdığı dövlətin yaşından qat-qat uzaqlara gedib çıxır. Qabaqca xalq gəlir, sonra ölkə, sonra dövlət. Belədə soruşulur: hələ yüz yaşı olmayan birisi Azərbaycanın “təməlini” necə qoya bilərdi? Bunlar oğru, quldur, korrupsioner hakimiyətlərini sürdürmək üçün xalqa hər cür yalan deməyi, xalqı nə yolla olur olsun aldatmağı özlərinin yönətim-davranış normalarına çeviriblər.
“Təməl”, ərəbcədir, bizim dildə ÖZÜL deməkdir. Qınamağa dəyməz: bunlar düşüncələri, baxışları, xarakter özəllikləri ilə ANTIMILLI ÜNSÜRLƏRDIR. Iyirmi illik bir dönəmdə bunlar dildən incəsənətədək Azərbaycana bir dənə də nəsnə qazandırmayıblar, bu ölkədə nəyisə gəlişdirib qabağa aparmayıblar – rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq kimi IŞĞALÇI görsənişlərdən savayı! Bildik, bunlar 1993-dən sonra baş verənlərə deyirlər “təməlini Hydər Əliyevin qoyduğu Aərbaycan”. Öyünməyə dəyər, ancaq… IŞĞALÇI olaraq! Işğalçı rejim başçıları olaraq! Azərbaycanı 20 ildən bəri söküb-dağıdan kimsələr olaraq! Bu gün bütün demokratik, humanitar, hüquq, normal yaşayış göstəriciləri üzrə Aərbaycan Afrikanın ən geridə qalmış ölkələri ilə yol yoldaşıdır – əliyevçi IŞĞALÇI, gerilikçi hakimiyət üzündən!
Universitet rektoru oğurlanmış qardaşı (MTN mayoru) ilə bağlı indi də PA-da hüquq başqanlığını yapan adama dönə-dönə üz tutur, PA başçısına 147, prezidentə 230 məktub yollayır… hamısı boşa çıxır! Bu nədir, bürokratiya? Yox, bürokratiya belə olmur; bürokratiyanın özünün də hansısa normaları olur. Burada hansısa normadan yox, yalnız cinayətkarcasına davranışdan danışmaq olar. Başa çıxmaq, xalqın başında durmaq o başa oturmaq üçün deyil (sizdə olduğu kimi!), o başı qorumaq, yaşatmaq üçündür. Sizin görəviniz də, qazancınız da buna bağlıdır. Status baxımından belədir. Bəs praktik baxımdan necə? Praktik baxımdan siz bu xalqın qatı düşmənlərisiz!
Yurddaş-hüquq professoru-universitet rektoru oğurlanmış qardaşına görə hakimiyətin ən yuxarılarına gedib çıxır, yuxarı qalxdıqca stavka da qalxır – qardaşını qaytarmaq üçün ondan 10 milyon manat istəyirlər. General (Z.Dünyamalıyev) özü də bunu “qanun pozuntusu” sayır: “indiyədək oğurlanmış adamlara görə 3 milyon istəyirdilər, indi çox istəyirlər”. Somali piratları da belə allahsızlıq-əxlaqsızlıq etmirlər. Birinci, onlar tamaha güc verib “qanunu” pozmurlar; ikinci, tutduqlarını pul alıb buraxırlar. Bunlar pul alır, sonra da… öldürürlər! Buna pirat hakimiyəti də demək olmaz – bu daha pisdir.
2008-ci ildə Ismayıllıdan böyük bir yazı yazmış, indiki olayların onda anonsunu vermişdim. Ələkbərov qardaşlarının Ismayıllıdakı, ayrıca olaraq Ivanovkadakı özbaşınalıqlarından yazmışdım. Rayondakı özbaşınalıqlarla bağlı illərlə PA-ya ayaq döyən ivanovkalılar indi Putinə üz tutublar. Bu isə ölkəni bürüyən özbaşınalıq, dərəbəyliklə bağlı Putinə üz tutmaq, ondan yardım ummaq deməkdir. “Təməl” belə qoyulub…

Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan
•