Azərbaycan yenidən dünyanın gündəminə gəlir

«Azərbaycana diqqətin artması, hakimiyyətin özü üçün çox riskli və təhlükəlidir»

Zəfər Quliyev: «Hakim dairələr hadisələrin bu cür inkişafından başqa məqsədlər üçün yararlana bilər»

Azərbaycan yenidən dünyanın gündəminə gəlib. Sonuncu dəfə belə vəziyyət “Avroviziya” ərəfəsində baş vermişdi. O zaman dünyanın aparıcı nəşrləri ölkədəki duruma, insan haqları və demokratiya sahəsindəki çatışmazlıqlara nəzər salır, hakimiyyəti problemləri aradan qaldırmağa çağırdı. O zaman bir çox ekspertlər prezident seçkiləri ərəfəsində də Azərbaycanın Qərb mətbuatının gündəminə gələcəyini ehtimal edirdi.
Lakin seçkilərə hələ bir neçə ay qalmış dünyanın aparıcı nəşrlərindən “Washinqton Post”, “Nyu-York Times” və digər qəzetlər, “CNN” və “Euronews” telekanalları, eyni zamanda Rusiya mətbuatı da ölkədə baş verən son proseslərə, xüsusən də son aksiyalara, Ismayıllı üsyanına diqqət yetirib, bununla bağlı bir sıra məqalələrlə çıxış edib. Azərbaycanın seçkilərdən xeyli əvvəl Qərb mətbuatının gündəmə gətirilməsi nə vəd edir və bundan sonra gözləntilər nədən ibarətdir?
Azərbaycanda proseslərin sürətlə inkişaf etdiyini deyən siyasi ekspert Zəfər Quliyev beynəlxalq diqqətin artmasını da bununla izah edir. Çünki son hadisələr seçki müstəvisində getmir. Ancaq hadisələrin bu cür gedişi, hakimiyyətin insanların etiraz aksiyalarına qarşı həddindən artıq sərt reaksiyası, bir çox məhdudiyyətlərin tətbiqi, kütləvi həbslər seçkilər üçün əlverişsiz mühit yaradır. Bu hətta seçki mövzusunu da arxa plana çəkir. Bəzi siyasi dairələr də hiss edir ki, ölkədə proseslər daha çox kortəbii, inqilabi istiqamətdə gedir. Hadisələr bu tempdə davam edəcəksə, hər gün hansısa rayonda narazılıq aksiyası, üsyan, qarşıdurma müşahidə olunacaqsa, bu, faktiki olaraq seçkiləri şübhə altına alır.
Ekspert hesab edir ki, hakim dairələr hadisələrin bu cür inkişafından başqa məqsədlər üçün istifadə edə bilər. Daha sərt qanunlar tətbiq edərlər, hətta istisna edilmir ki, seçkini təxirə salarlar. Bununla da siyasi fəallığı söndürmək üçün onsuz da məhdud olan azadlıqları daha da məhdudlaşdırmağa çalışarlar. Bu baxımdan Azərbaycana diqqətin artması, hakimiyyətə ünvanlanmış tənqidlər, xəbərdarlıq, eyni zamanda hadisələrin belə inkişafı hakimiyyətin özü üçün çox riskli və təhlükəlidir.
Ekspertin sözlərinə görə, Azərbaycanda yaranan vəziyyətdən burda maraqları olan qonşu dövlətlər, Iran və Rusiya da istifadə edə bilər. Sabitlik pozulursa, qarşıdurma güclənirsə, hansısa anda idarəolunmaz vəziyyət yaranarsa, bu, faktiki olaraq Qərb ölkələrinin, beynəlxalq institutların Azərbaycanda olan maraqlarına real təhlükə yaradar: “Azərbaycanın inkişaf perspektivlərini sual altına qoya bilər. Azərbaycan geosiyasi baxımdan əhəmiyyətli olduğundan ölkədəki proseslərin bu istiqamətdə inkişafı, təhlükəli bir vəziyyətə çatdırılması həm ölkə ictimaiyyətini, həm də beynəlxalq qurumları da ciddi narahat edir. Seçki yaxınlaşdıqca bu ziddiyyət davam edəcəksə, onların Azərbaycanla bağlı mövqeləri daha sərt xarakter ala, bu proseslərə daha intensiv reaksiya verə bilərlər”.

Fizzə