Müdafiə Nazirliyi baş verənləri şərh etmir
Üzeyir Cəfərov: «Siyavuş Novruzovun fikirlərinin arxasında yüksək rütbəli məmurlar dayanır»
Müdafiə Nazirliyi rəhbərliyinin yarıtmaz idarəçiliyinə etiraz olaraq başlanan imza kampaniyasına cavab olaraq bir qrup hərbi qulluqçu bəyanat qəbul edib və bu kampaniya Azərbaycan ordusunun inkişafına vurulan zərbə kimi qiymətləndirilib. Artıq 10 min nəfərdən artıq hərbçinin bu bəyanata qoşulduğu deyilirdi.
Lakin son günlər Müdafiə Nazirliyinin müdafiəsinə yönələn bu addıma hakim partiyanı təmsil edən, eyni zamanda hakimiyyə yaxınlığı ilə seçilən deputatlarlan sərt reaksiya gəldi. Xüsusilə də YAP icra katibinin müavini Siyavuş Novruzov ordu zabitlərinin bəyanatını səhv addım adlandırıb. Onun sözlərinə görə, bununla məşğul olanlar səhv yoldadır və onlar cəzalandırılmalıdır. Şübhəsiz ki, zabitlərin başladığı kampaniyanın arxasında Müdafiə Nazirliyinin rəhbərliyi dayanır. Eyni zamanda buna qarşı çıxan deputatlar da müstəqil mövqeyi ilə seçilmir. Onların bu etirazı daha çox hakimiyyətin mövqeyi kimi qəbul edilməlidir. Görünür, hakim dairələr Səfər Əbiyevin müdafiəsinə yönələn kampaniyanı güc nümayişi kimi qəbul edib və buna cavab özünü çox gözlətməyib. Deputatların bu etirazı əslində nəyin göstəricisidir?
Məsələyə Müdafiə Nazirliyinin mövqeyini öyrənmək istəsək də, qurumun mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev deyilənlərə münasibət bildirməyəcəklərini dedi.
Hərbi ekspert Üzeyir Cəfərov isə ilk növbədə Siyavuş Novruzova ciddi işlərlə məşğul olmağı tövsiyyə etdi. Onun sözlərinə görə, ordudakı nöqsanlar tənqid olunmalıdır, lakin bütövlükdə ordunu gözdən salmaq olmaz: “Orduda kasıbların balaları xidmət edir, sabah müharibə əmri veriləndə, yenə həmin uşaqlar gedəcək. Ancaq Siyavuş Novruzov bir dəfə də olsun mətbuatın yazdığı haqlı məsələlərə, ordudakı nöqsanlara münasibət bildirməyib. Prezident bu nöqsanları deyənlərə ünsür deyir. O ki qaldı Siyavuş Novruzova, parlamentin ən uğursuz deputatlarından biridir. Getsin həmin zabitlərlə görüşsün, problemlərini öyrənsin”.
Siyavuş Novruzovun idarə olunan deputat olduğunu deyən ekspert onun fikirlərinin arxasında yüksək rütbəli məmurlarının dayandığını qeyd etdi: “Bu şəxslər özləri görünməsələr də, bəzilərini qabağa veriblər. Orduda baş verən neqativ hallara görə cavabdeh olanlar çoxdan cəzalanmalı idi. Bunun zərbəsi bütövlükdə ordumuza dəyir”.
Fizzə


