Təhrikçilər

Srağagün Zaqatalada baş verən qarışıqlıq göstərir ki, bıçaq sümüyə dirənib. Xalq artıq özü öz dərdlərinə çarə axtarmağa başlayıb. “Azadlıq” yazır ki, səhər saatlarında Muxax və Gözbarax kəndlərinin camaatı toplaşaraq Bakıya yürüş etməyə hazırlaşıblar. Məsələ təkcə IH başçısının gəlişi ilə bitməyib. Fövqəladə hallar nazirinin müavini general Orucəli Hacıyev və DIN-in səlahiyyətli şəxslərindən biri rayona gəlib. Orucəli Hacıyev əhali qarşısında çıxış edib və bildirib ki, onların Bakıya gəlmək istəklərindən xəbər tutduqdan sonra bura gəliblər: “Sizin Bakıya gəlməyinizə ehtiyac yoxdu. Biz sizin ayağınıza gəldik”. 
Beləcə, Zaqatala həyəcanı nisbətən dinc şəkildə bitib, O.Hacıyevin dediyi sözlər adamları qismən də olsa sakitləşdirib. Yəni alovun üstü müvəqqəti olaraq örtülüb. Lakin Zaqatala hadisələrində ən vacib məqam zənnimcə, nazir müavininin dediyi sözlərdi: “Biz sizin ayağınıza gəldik…”. Bu kəlmə Azərbaycanda bir ilkdi. Bu sözlərin deyilmə səbəbini müxtəlif cür yozmaq olar. Hakimiyyətin ən nəhayət xalqla necə davranmaq gərəkdiyini anlaması kimi, hakimiyyətin geri addımı və ya sadəcə, dilətutma kimi. Mənə elə gəlir ki, bu səbəblərin hər biri var. Lakin nazir müavininə bu sözü dedirdən o səbəblərdən heç biri deyil. O, sadəcə, bir fərd olaraq anlayır ki, xalqla yalnız bu cür davranmaq lazımdı. Xalq dövlətdə pir kimi, ocaq kimidi. Hər kəs ondan aşağıdı və gərəkəndə onun ayağına gəlməlidi. Bu sözləri nazir müavininin müdrikliyi kimi də qəbul eləmək olar. Heç bir kəs valideynindən üstün ola bilmədiyi kimi, heç bir dövlət məmuru və nəhayət heç bir dövlət onun özəyini təşkil edən xalqdan üstün ola bilməz.
Əslində isə kimsə kimsənin ayağına gəlməməlidi. Xalqı başdan çıxarıb ayağına getmək yox, elə başdanca xalqı başa çıxarmaq lazımdı. Məsələlər elə həll edilməlidi ki, ayağa getməyə gərək qalmasın. Zaqatalada sorun təkcə zəlzələnin vurduğu ziyanlar və bu ziyanın aradan qaldırılmasında hakimiyyətin yarıtmaz əməlləri deyil. Azərbaycanı başına alan bütün sorunlar bu rayonda da var, sadəcə, zəlzələ məsələsi yapışılası əsas maddi faktdı. Necə deyərlər, ağlamaq istəyənə yağış bir bəhanədi…
Məsələ ondadı ki, xalq artıq özünə, öz gücünə inanmağa başlayır. Hələlik, o bir yarıtmaz icra hakimiyyəti başçısını devirmək gücünü özündə hiss edir. Hətta bu baş tutmadıqda belə, yenə də onların ödünü partlada bildiyindən təskinlik tapır. Ismayıllıda davam edən həyəcanlı faktlar göstərir ki, həbslər belə, işə yaramır. Xalq öz istəyində israrlıdı.
Lakin hakimiyyət sanki nə baş verdiyini, niyə baş verdiyini anlamır və hadisələri daha pis məcraya sürükləməkdə davam edir. Ismayıllıda aksiyalar olan zaman rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov mətbuata açıqlama verərək bildirmişdi ki, aksiyanı keçirən 150-200 nəfər gənci istiqamətləndirən, bu hadisələrə təhrik edənlər var. Baxın, bu adamlar hələ də günahkar axtarır, hansısa naməlum təhrikçilərdən danışırlar. Görünür, ya bu adamlar heç nə anlamır, ya da sadəcə özlərini aldatmaqla məşğul olurlar. Yeri gəlmişkən, hakimiyyət mənsubları tam olaraq eyni cür düşünür, eyni sözləri deyirlər: “təhrikçilər”. Özlərini dağa-daşa niyə saldıqları aydın deyil. Məgər təhrikçinin kim olduğunu bilmək eləmi çətindi? Bütün bu hadisələrin yalnız bir təhrikçisi var – o da hakimiyyətin antixalq siyasəti. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına. Təhrikçiləri qıraqda axtara-axtara bir də ayılacaqlar ki, nəinki hakimiyyət, bütün Azərbaycan əldən gedir.
…Yazını bitirib redaktə eləməyə başladıqda Imişlidən həyəcan xəbərləri gəldi. Yenə təhrikçi axtarılacaq. Həyəcan dalğası isə bütün ölkəni bürüyür və bir köşə bitənə qədər yeniləri üzə çıxır. Bunun inqilabın başlanğıcı olduğunu deməmək üçünsə əldə heç bir dəlil yoxdu.