Üşüyən kəndlərin yanğını…

Bir köy gördüm ta uzaktan,
Dağlar ardında kalmış, bilmezsiniz,
Kar örtmüş, göremezsiniz karanlıktan,
Yalnızlıkta üşür, üşür de çaresiz…
(Ceyhun Atuf Kansu)
Bakıdan uzaq bölgələrdə həyat tam başqadır. Oralarda yaşamağın nə demək olduğunu yalnız yerli insanlar bilər. Qışda soyuq divarlarını isitmək üçün meşədən odun daşıyan, içməli su üçün qarlı yollar keçib bulaqdan su götürən, dolanışıq adına gözünü zorla saxladığı 4-5 mal-qaraya dikən insanlar. Axı o yerlərdə tikilən böyük-böyük parıltılı mülklərin, bahalı istirahət mərkəzlərinin, otellərin bu insanlara faydası nə? Bir zamanlar təbiətin içində rəngli tablo kimi açılmış həmin o gözəl məkanlarda sakit və qayğısız ömür sürən insanların dərdi indi başından aşır. Çünki daha şəhərli nazirlərin plantasiyasına çevrilən bu yerlərdə insanların su götürməyə bulağı, odun daşımağa meşəsi, qoyun-quzu otarmağa otlağı da qalmayıb. Bu insanların gündəlik qayğısı çörək dərdindən başqa bir şey deyil…
Keçənlərdə Qax rayonundan olan bir tələbə yoldaşımla qarşılaşdım. Söhbətində “rayonun vəziyyəti çox çətindir, iş yox, güc yox, insanlar yay gəlməmiş fındıq ağaclarını borca verirlər” dedi. Lombard borcu, kredit borcu, pul borcu, hətta can borcu belə eşitmişdim. Amma fındıq ağaclarının məhsulunu borca vermək mənim üçün yeni bir şey idi. Demək, bölgələrdə durum bu qədər ağır imiş. Qaxlı tələbə yoldaşımın dediklərini sonradan Yardımlıda eşitdiyim bir söhbət də qüvvətləndirdi. Sən demə, bölgələrdə apteklər əhalinin çarəsizliyi üzündən, dərmanları dənə-dənə satırlar, eynən siqaret kimi…
Əslində, Qax da Ismayıllı, Quba, Zaqatala kimi ölkəmizin ən barlı və yaşamalı yerlərindəndir. Əgər bu cür məhsuldar bölgələrin sakinləri güzəran dərdindən qan ağlayırsa, o birilərin halı məlum. Elə bu gün həmin bölgələrdən qalxan alovlar da kimsəsizlikdən, dərddən üşüyən kəndlərin yanğınıdır. Insan boş-boşuna qalxıb birinin maşınını, malikanəsini, otelini niyə yandırsın ki… Amma bir də baxarsan, insanın canını elə yaxarlar ki, o oddan baisin tifağına öz-özünə yanğın düşər. “Atəş düşdüyü yeri yaxar” deyirlər. Görünür, hələ bu atəş çox can yaxacaq…
Dünən Imişlidən də həyəcanlı səslər gəldi. Aylardır əməkhaqqı ala bilməyən insanlar yolu bağlayıb maaşlarını tələb ediblər. Rayonun icra başçısı da dad-haray çəkir ki, Imişlidə tam sakitlikdir, qurd quzu ilə otlayır. Daha belə yalanlar keçmir. Hamı bilir ki, o bölgələrdə “qurdlar”ın üzündən quzulara otlaq adına bir qarış da yer qalmayıb. Sosial şəbəkələrdə hər gün bölgələrdən bənzər həyəcan siqnalları eşidilir. Gəncə, Göyçay, Neftçala və neçə-neçə rayonlarımız yayı çəkilmiş ox kimidir. Əsəblər tarıma çəkilib, insanlar qəzəb qaynayır. Bu qəzəbi gözardı edənlər böyük səhvə yol verirlər. Bölgələrdə ərşə dirənən haqsızlığa üsyan edən insanları həbsxanalara doldurmaqla sabitlik yaradacaqlarına inananlar özlərinə qəbir qazırlar. Narazıların gözünü qırmaq üçün işgəncə və repressiya maşınını işə salanların təlaşı bu rejimin sonunu yaxınlaşdırmaqdan başqa heç nəyə yaramayacaq.
Ölkə boyu haqqı yeyilən sadə insanların miskin durumunu, məmur dərəbəyliyindən yaranan zorakılıqları və zülmü görməzliyə vurmayın! Ölkədə hüququ tapdanan insanların haqq davası başlanıb. O qığılcım bölgə-bölgə yayılacaq və zülm taxtını uçurmadan dayanmayacaq.
Bu davadan qorxun!