Məhəmməd Əmin Rəsulzadənin «Iran türkləri» əsəri kitab şəklində nəşr edilib
Xəbər verdiyimiz kimi, 31 yanvar – milli öndər Məhəmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsində onun “Iran türkləri” adlı çox dəyərli bir əsəri ayrıca kitab şəklində çap olunub. Kitab fəlsəfə elmləri doktoru Yadigar Türkelin tərtibatı və elmi redaktorluğu ilə nəşr edilib.
Hələ Azərbaycan Xalq Cümhuriyyəti qurulmazdan xeyli əvvəl məfkurə ustadımız M.Ə.Rəsulzadə çalışdığı mətbu orqanlarda Azərbaycan və azərbaycançılıq qayəsini yayır, Vətənini həm xalqa, həm də dünyaya tanıtdırırdı. Bu, o zamanlar idi ki, hətta xalqın özünə milli kimliyini, dünyaya isə Azərbaycan adlı məmləkətin mövcudluğunu isbat etmək gərək idi… Bu məmləkət isə o zaman Rusiya və Iran arasında bölünərək – Şimal tayındakılar ruslaşdırılır, Cənub tayındakılar isə farslaşdırılırdı. Məhz “Azərbaycan qayəsi”ni yaymaq məqsədilə M.Ə.Rəsulzadə öncə “Iran türkləri”, sonralar “Qafqaz türkləri” əsərlərini qələmə almışdır.
“Iran türkləri” silsilə məqalələr şəklində ilk dəfə 1911-1912-ci illərdə Istanbulda “Türk yurdu” jurnalında dərc edilib. Bununla da M.Ə.Rəsulzadə Türkiyədə ilk dəfə olaraq Irandakı azəri türkləri haqqında geniş bilgi verir. Burada azəri türklərinin yaxın keçmişi, ictimai-siyasi və iqtisadi durumu, mədəniyyəti və ədəbiyyatından təbii bir şəkildə bəhs olunur.
M.Ə.Rəsulzadə bu məqalələri 1908-1910-cu illərdə Iranda iştirakçısı olduğu hadisələr, müşahidə və təəssüratları əsasında qələmə almışdı. Ustad yazırdı ki, Iran türkləri və Iran türklüyü deyildiyi zaman xatirə Azərbaycan gəlir. Iran türkləri başlıca olaraq Azərbaycanda yaşayır; Iran Azərbaycanı Iranın şimalında yerləşir və Iranda mövcud səkkiz əyalətin ən mühümüdür.
O zaman 10 milyonluq Iran əhalisinin azı 3 milyon nəfərinin türk olduğunu yazan M.Ə.Rəsulzadə, onların Iran həyatında çox fəal olduqlarını vurğulayır: “Beş yüz sənədən bəri Iranda hökmran olan padşahlar həp türk irqindən gəldilər… Iranda yaşayan türk qəbilələri (Şahsevən, Qaşqai, Tükmən… i.a.) Iran dövlətinin təbii əsgərləridir? Nəsrəddin şah zamanında həqiqətən yalnız kağız üzərində mövcud olan yüz min nizam əskərindən 33 mini yalnız Azərbaycandan əxz ediliyor idi… Zabitlərin çoxu türkdür…”.
Daha sonra ustad yazır ki, Azərbaycanın mərkəz vilayəti olan Təbriz Iranın ikinci paytaxtı kimi qəbul edilir və Tehrandan sonra şahlar məmləkətinin ən mühüm şəhəridir: “Təbriz Iran inqilabının atəşlər yağdıran bir mənbəyi idi. Azəri türklərindən təşəkkül edən hürriyyət mücahidləri bütün Iran zülmətpəsəndanına qarşı mərdanə köks gərmiş, dayanmışdır. Iranın ənvar və niyazisi Səttar Xan ilə Bağır Xanın komandası altında Təbrizin on bir aylıq bir mühasirəyə qarşı göstərdiyi qəhrəmanlıqların öylə şanlı səhifələri vardır ki, bu bahadır türklərin iranlılar arsında ”övladi-qəyuri Azərbaycan” – deməyə təməyyüz etmələri pək haqlıdır”.
M.Ə.Rəsulzadə 1910-cu ildə Iranda yaradılan Avropa tipli ilk iki partiyanın aparıcı qüvvələrinin də azəri türkləri olduğunu, hətta Iranda ilk modern qəzeti də azərbaycanlıların yaratdığını qürur hissilə qələmə alır. Lakin təəssüflə bir məsələni də vurğulayır: “…türk inqilabçıları, türk məbusları, türk əncümənləri dediyimizdə, bunların məhz türklük naminə hərəkət etdikləri düşünülməsin. Iran türk məşrutiyyətpərvərləri türklüklərini düşünmədilər, bütün fədakarlığı ancaq iranlılıq və vətənin müştərək naminə icra etmişlərdir”.
O da diqqətə çatdırılır ki, azərbaycanlılar Iranın rəsmi məzhəbi olan şiəliyə tabedirlər. Şiəlik Iran türklərini o qədər farslaşdırmışdır ki, onlar özlərini türkləşmiş fars, yəni əslən iranlı kimi qəbul edirlər.
“Iran türkləri”ni qələmə almaqda məqsəd Iranda tarixi torpaqlarında yaşayan azəri türklərini, buranın Azərbaycanın bir parçası olduğunu dünyaya tanıtmaq idi. Nə yazıq ki, o zamanlar təkcə Iranda yox, Qafqazda da azərilərin mövcudluğundan hətta qardaş Osmanlıda – indiki Türkiyə Respublikasında da çox adam xəbərsizmiş… M.Ə.Rəsulzadə yazır ki, bir-iki il əvvəl istefada olan istanbullu bir paşaya özünü azərbaycanlı bir türk kimi təqdim edərkən, möhtərəm paşa həzrətləri: “Imperatorluq xaricində də əcəba türk varmıdır?”- deyə soraraq, onu çox təəccübləndirib…
Yeri gəlmişkən, M.Ə.Rəsulzadə 1914-1915-ci illərdə Bakıda “Dirilik” jurnalında dərc etdirdiyi “Milli dirilik” adlı digər silsilə məqalələrində də yazırdı ki, nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımızdan “hansı millətdənsiniz” – deyə soruşsanız, “müsəlmanam” – deyə cavab verər. Ustad daha sonra yazır: “Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman ”müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik”.
M.Ə.Rəsulzadə qeyd edir ki, bütün bunlar özümüzü lazımi qədər tanımamaqdan irəli gəlir. Aramızda hələ bir çoxları var ki, türklüklərinə şübhə etmədədirlər. Türk gəncliyi dərk etməli və düşünməlidir ki, bu gün türk milləti böyük bir tarixə sahib olduğu halda tarixsiz yaşayır. Türk tarixi tarixlərin ən az tədqiq olunmuşu, ən az öyrənilib yazılmışıdır. Tarix yazanlar isə türklərə məğlub olan millətlərdən olduqları üçün bu işə qərəzli yanaşmışlar.
Bütün bu deyilənlər bu gün də aktuallığını itirmir. Bu baxımdan, vətəndaş ziyalı Yadigar Türkelin “Iran türkləri” kitabını çap etdirməsini tamamilə məqsədəuyğun görür və bu nəşrin böyük maraqla qarşılanacağına əminik.
Sonda xatırladaq ki, Y.Türkel bundan öncə M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” (2008), “Milli birlik” (2009), “Azərbaycan şairi Nizami” (bitkin nəşri, 2011), “Qafqaz türkləri” (2012) və “Panturanizm. Qafqaz sorunu” (2012) əsərlərini də ayrıca kitab şəklində nəşr etdirib.
“Azadlıq”
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir