Yüzlərlə rayon sakini yerli məmurların özbaşınalığına etiraz olaraq aksiya keçirdi
Imişlidə də insanlar ayağa qalxıb etiraza başladılar. Yanvarın 31-də səhər saatlarında yüzlərlə sakin rayonun mərkəzindəki Heydər Əliyev prospektində, hərəkətin ən gur olduğu “dördyol” deyilən yerdə yolu bağladılar…
Aksiyaçılar istefa şüarına görə həbs olundu
Aksiya iştirakçıları əsasən Rayon Kommunal Təsəsrrüfat Birliyinin aylardır əmək haqlarını ala bilməyən işçiləri, məişət qazının olmadığı kəndlərin sakinləri və bölgədəki təbii fəlakətdən zərər çəkən, ancaq kompensasiya ala bilməyənlər idi. Sakinlər itirilən əmlaka və ziyan dəymiş evlərə görə ədalətli kompensasiyanın verilməsini tələb edirlər. Məmurların özbaşınalığından, dövlət orqanlarının korrupsiyasından əziyyət çəkən başqa vətəndaşlarda onlara qoşulub.
Aksiyanı Mənzil Kommunal Istismar Sahəsinin əməkdaşları başlayıblar. Bundan bir qədər sonra aksiyaya çoxlu sayda insan qatılıb. Aksiya iştirakçıları şüarlar səsləndirdikdən sonra əraziyə polis qüvvələri gətirilib. Rayondan aldığımı xəbərə görə, aksiya iştirakçılarıilə polis arasında qarşıdruma yaşanıb. Aksiya iştirakçılarından 2 nəfər həbs olunduğunu bildirilib. Qəzetimizə məlumat verən başqa bir qaynaq deyir ki, həbs olunanların sayı onlarladır: “Rayon sakinlərini həbs edilməsinin əsas səbəbi icra başçısının istefasını tələb etmək olub”.
Aksiya 1 saata yaxın davam edib. Polislərin müdaxiləsindən sonra aksiya iştirakçıları dağılıb. Etirazçılar problemləri tezliklə həll olunmasa yenidən toplaşıb, aksiya keçirəcəklərini deyiblər.
İcra başçısı və deputat aksiyanın olmadığını deyir
“Imişli rayonunda heç bir aksiya olmayıb. Bu tamamilə yalan məlumatdır. Sadəcə üç şikayətçi qadın evinin qəzalı olması ilə bağlı rayon icra hakimiyyətində olublar. Onların şikayəti əsassızdır. Bundan sonra həmin qadınlar küçəyə çıxıb qışqırıblar. Başqa heç nə olmayıb. Nə aksiya olub, nə də saxlanılan var. Saytlarda yayılan şəkillər də köhnədir və Imişlidə belə inzibati yoxdur”. Bu sözləri musavat.com-a açıqlamasında Imişli-Beyləqan zonasından deputat olan Çingiz Qənizadə bildirib. Onun sözlərinə görə, Imişlidə əhalinin mərkəzi yolu bağlayıb mitinq keçirməsi barədə yayılan xəbərlər yanlışdır. Imişli rayon Icra Hakimiyyətinin (RIH) hüquq şöbəsinin müdiri Rahim Zahidov da musavat.com-a bildirib ki, rayonda icra başçısının vətəndaşlarla görüşü təşkil olunub. Əhalinin problemləri dinlənilib, kimin nə sözü varsa deyilib: “Ancaq aksiya olmayıb və bu məlumat dezinformasiyadır. Saytlarda olan şəkillər də nə vaxt, haradasa çəkilib və indi yerləşdirilib. Imişlidə böyük abadlıq-quruculuq işləri gedir. Heç bir narazılıq və narahatlıq yoxdur”.
Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev də rayonda keçirilən etiraz aksiyasını inkar edib. Onun sözlərinə görə, aksiyanı əks etdirdiyi deyilən fotolar və oradakı bina ümumiyyətlə Imişli rayonunda yoxdur: “Indiyə qədər rayonda o qədər insan bir yerə yığışmayıb. Mən hər həftə kəndlərdə görüşlər keçirirəm. Rayonda o cür hadisə baş verməyib”.
Icra başçısı qəbul gününün olduğunu bildirib: “Bu gün (dünən-red) qəbul günümdür. Sakinləri bir-bir qəbul etmişəm. Polis rəisi də yanımda olub. Həmişə olduğu kimi hamı da razılıqla gedib. Üç nəfər qadın mədəniyyət işçisi maaşla bağlı müraciət etmişdi. Onlar elektron imza gecikdiyi üçün maaşalarını ala bilməyiblər. Mədəniyyət Idarəsinin rəisi ilə danışdım, bu gün (dünən-red) saat üçdən sonra maaşlarını ala biləcəklər”.
Imişlidən “Azadlıq”a daxil olan məlumatda isə deyilir ki, fotolarda əks olunan bina rayon icra hakimiyyətinin arxa hissəsində yerləşir. Bu bina Imişlidə “Çoban evi” adı ilə məşhurdur. Hazırda həmin binada Həmkarlar Ittifaqı yerləşir.
Vilyam Hacıyevin aldatdığı sahibkarlar Bakıya yürüş edəcəklər
Rayondan aldığımız başqa bir məlumata görə, Vilyam Hacıyev Imişlidə sahibkarlıq faəliyyəti ilə məşğul olan şəxsləri də narazı salıb. “Azadlıq”ın əldə etdiyi xəbərə görə, Vilyam Hacıyev sahibkarları istismar edərək talançılıq siyasəti yürüdür. Rayonda aparalan bütün abadlıq işləri də məhz sahibkarların şəxsi hesabına həyata keçirilsə də onların haqqı verilmir. Imişli rayonun abadlıq işlərinin icraçıları və bir qrup sahibkar pullarını ala bilməyəcəyi təqdirdə Prezident Administrsiyasına yürüş edəcəklər.
Sahibkar Müqais Verdiyev deyir ki, bir neçə iş adamıyla “Regionların sosial iqtisadi inkişafı proqramı əsasında” Imişlidə abadlıq işləri gördük: “Ölkə başçısının iştirak etdiyi bir sıra obyekt və bayraq meydanı şəxsən bizim əl işimizdir. Ancaq biz işi görüb qurtardıqdan sonra icra başçısı Vilyam Hacıyev bizə və material götürdüyümüz sahibkarların pulunu vermək istəmədi”.
Sahibkarın sözlərinə görə, Bakıdan gələn audit yoxlaması icra başçısı ilə görüşdə görülən işlərin məbləğini açıqlayıb: “Audit yoxlaması abadlıq işlərini 2 milyon 650 min manat civarında olduğunu qeyd etdi. Icra başçısı da yanvarın 25-dən sonra bizim pullarımızı qaytaracğını vəd etdi. Ancaq ortada heç bir şey yoxdur. Biz Azərbaycanımızın gözəlləşməsi üçün müxtəlif rayonlarda abadlıq işlərinin icraçılarıyq. Hələ indiyə qədər bir rayonun icra başçısı bizi bu şəkildə aldatmayıb və gördüyümüz işin hesabını tam ödəyib. Ancaq Vilyam Haciyev bizə və fəhlələrə bildirir ki, bizə ayrılan pulu yuxarıda rüşvət verdiyindən artıq pul qalmayıb”.
Sahibkarlar qeyd edir ki, icra başçısı onlara hədə-qorxu gəlib: “Vilyam Hacıyevə son müraciətimizdə isə bizə bildirdi ki, şikayət etsək, bizi tanımadığını deyəcək. Baxmayaraq ki, minlərlə şahidimiz və işin gedişatı zamanı çəkilmiş minlərlə də fotolar var”.
Aksiyanı keçmiş futbolçu təşkil edib?
“Azadlıq”a şikayət edən, daha doğrusu icra başçısının aldatdığı iş adamlarının siyahısı da təqdim olunub. Bunlar Pərviz Zahirov, Maşallah Əhmədov, Vaqif Məmmədov, Üzeyir Məmmədov, Müqais Verdiyev, Qəşəm Hüseyinov, Fərman Məmmədov, Nadir Feyziyev, Yaqub Babazadə, Samir Xəlilov, Rasim Abbasquliyev, Əsgər Quluyev, İlqar Cəfərov, Məmmədağa adlı sahibkarlardır.
“musavat.com” saytı Imişlidəki etirazın səbəbini yuxarıda adlarını qeyd etdiyimiz sahibkarlardan biriylə bağlayır. Sən demə, Maşallah Əhmədov adlı sahibkar, 80-ci illərdə “Neftçi”nin məhşur hücumçusu imiş.
Maşallah Əhmədov Imişli aksiyasının yetişməsində müəyyən qədər pay sahibi olub.
Sayt yazır ki, Maşallah Əhmədovun həmyerlisi sayılan Vilyam Hacıyevlə dostluq münasibətləri var. Bu dostluq Vilyam Hacıyev hələ Gəncə aeroportunda təyyarə bileti ticarəti ilə məşğul olandan başlayıb. O, Imişliyə icra başçısı təyin olunandan sonra rayondakı yenidənqurma işlərini Maşallah Əhmədova tapşırıb. Təmir-abadlıq işləri, tikinti materiallarının alınıb gətirilməsi, fəhlələrin inşaata cəlb olunması, inzibati binaların müasirləşdirilərək təhvil verilməsi, usta-fəhlə korpusunun maaşının ödənilməsi vəzifəsi korifey futbolçuya həvalə olunub. Vilyam Hacıyev dostuna vəd də verib: “Prezident rayona gəlib-getsin, hər şey yaxşı olacaq…”
Maşallah Əhmədov da öz növbəsində missiyasının öhdəsindən gəlib. Rayonda Heydər Əliyev Mərkəzinin, şahmat məktəbinin və s. bu kimi binaların tikilməsini reallaşdırıb, parkları, küçələri abadlaşdırıb. Ölkə başçısı oktyabrda rayona səfər edib və görülən işlərlə tanış olub. Əsl həngamə də bundan sonra başlayıb. Vilyam Hacıyev Maşallah Əhmədova çatacaq vəsaiti verməyib, fəhlələr pulsuz qalıb, işçilərin maaşı gecikdirilib, tikinti materialları dükanlarına borclar ödənməyib. Bir sözlə, icra başçısı dostuna “atıb”.
Bu qədər borcun yükünü çiynində gəzdirən Maşallah Əhmədov isə hələ bir müddət əvvəl işçilərin, dükan sahiblərinin şikayətlərini dinləyərək problemin həllinə söz verib. Lakin icra başçısı narazılığı aradan qaldıracaq addım atmayıb. Ona görə də narazı sahibkarlar və fəhlələr yanvarın 31-də Maşallah Əhmədovla birlikdə icra başçısının qəbuluna gediblər. RIH-in binası önünə xeyli adamın yığışdığını görən yerli narazı sakinlər də onlara qoşulub.
Ramin DEKO