guler ahmedova

Gülər Əhmədova hakimiyyətə müharibə elan edir?

guler ahmedovaSabiq deputatın yeni sayt yaradaraq əlindəki kompromatları ictimailəşdirəcəyi bildirilir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı “mandat videosu”nun qəhrəmanı, sabiq YAP-çı deputat yeni xəbər portalı təsis edib. Bu barədə məlumatı “Aznews.az” saytı yayıb. Xəbərə görə, Gülər Əhmədovanın yaratdı sayta köməkçisi Əhməd Şahidov rəhbərlik edəcək. Artıq yeni saytın hazırlanması ilə bağlı texniki işlər tamamlanıb və saytda çalışacaq yaradıcı kollektiv də müəyyənləşib.
Gülər Əhmədova sözügedən saytın kollektivini şəxsən özü müəyyənləşdirib və artıq fəaliyyətinə xitam verilmiş “Mərkəz” qəzetinin köhnə əməkdaşlarından heç kim burada işləmək üçün təklif almayıb.
Məlumata görə, yaxın zamanlarda fəaliyyətə başlayacaq saytda cəmiyyəti şoka salacaq və ölkə gündəmini dəyişdirəcək gücdə olan yeni videomateriallar yer alacaq.
Elşad Abdullayev məlum videonu yayandan sonra hakimiyyət bu problemi həll etmək üçün Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın həbsini qərarlaşdırıb. Bu iş üzrə başlanan cinayət işinin istintaqı əvvəlcə məhz bu istiqamətdə aparılıb. Gülər Əhmədovanın oyundan çıxarılması sabiq deputatın danışa bilməsi narahatlığından irəli gəlib. Yeri gəlmişkən, sabiq deputata YAP tərəfindən hücumlar olanda o, “məndə də videolar var”, “ağzımı açdırmayın” deməklə hakimiyyəti hədələmişdi.
Istintaq “mandat alveri”ndə əsas fiqur kimi Sevinc Babayevanı “ilişdirmək” niyyətində olduğu bir vaxtda Gülər Əhmədovanın rəfiqəsi Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişdi. “Azadlıq”a daxil olan məlumata görə, Sevinc Babayevanın qəfil müəmmalı ölümündən sonra qərara alınıb ki, oxşar plan Gülər Əhmədova ilə bağlı həyata keçirilsin. Lakin sabiq deputat həbs olunacağı təqdirdə bildiklərini danışacağını bildirib. Bundan sonra Gülər Əhmədovanın əleyhinə kompromatlar toplamağa başlanılıb. Məlumatlara görə, hazırda onun həyat yoldaşı və oğlunun adı keçdiyi hansısa tikinti şirkətilə və hansısa avtoqəza ilə bağlı qalmaqal araşdırılır. Bütün bunlar Gülər Əhmədovaya təzyiq məqsədilə edilir, məqsəd onu “mandat alveri”ndə bütün məsuliyyəti öz üzərinə götürməyə məcbur etməkdir.
Gülər Əhmədovanın yeni sayt yaratması barədə xəbər həqiqətdirsə (məlumatı Gülər Əhmədova ilə dəqiqləşdirə bilmədik), ehtimal etmək olar ki, sabiq deputat geri çəkilmək niyyətində deyil və Gülər Əhmədovanın sayta hansısa videomateriallar yerləşdirəcəyi inandırıcı görünür.

Azad