«Erməni xalqını böyütmək üçün öz xalqını bu qədər aşağılamalı deyildi»
«O deputatlar bir az abırlı olsunlar, yazmağı onlardan öyrənməyəcəm»
Yazıçı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında dərc olunmuş “Daş yuxular” romanı əməlli-başlı qalmaqal yaradıb. Artıq sosial şəbəkələrdə də roman geniş müzakirəyə səbəb olub. Əsərlə bağlı tənqidi mövqe səsləndirənlərin arasında siyasətçilər də var.
Deputat, şair Musa Quliyev hesab edir ki, “Daş yuxular” romanında Azərbaycana və türk dünyasına qarşı heç bir erməni yazarının nail olmadığı təhqirlər, töhmətlər və rişxəndlər var: “Əkrəm Əylisinin əsərinin qəhrəmanı şübhəsiz ki, onun öz prototipi, sünnət olunmuş Əylis ermənisidir. Bir erməni obrazını yaradıb. Bu onun öz işidir, dediyinə görə, bu onun öz təxəyyülünün məhsuldur. Amma xalq yazıçısı adını daşıyan adam erməni xalqını böyütməkdən ötrü öz xalqını bu qədər aşağılamalı deyildi. Bunun başqa yolları var, başqa fəndlər tapa bilərdi. Əslində, bu, ermənilərin uzun illərdən bəri Azərbaycan torpaqlarına iddiasının Əkrəm Əylisli tərəfindən təsdiqi və dəstəkləməsidir”.
Millət vəkili bildirib ki, bu cür əsərlərlə bəşərilik qazanmaq olmaz: “Bəlkə də Əkrəm Əylisli fikirləşir ki, bu cür əsərlər yazmaqla ona da Nobel mükafatı verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar. Düşünürəm ki, bu onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına atan yazıçı ümumbəşəri ola bilməz”.
“Ermənilər Andronikin yerində, ya da yanında Əkrəm Əylislinin heykəlini qoyacaqlar”. Bu sözləri isə YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib: “Bütün erməni yazıçıları birləşsəydi, ”erməni həqiqətlərini” rus dilində, beynəlxalq jurnalda dünyaya çatdırmaq istəsəydi, bunu edə bilməzdi. Bu qədər azərbaycanlını, türkü, nə qədər çalışsaydılar, aşağılaya bilməzdilər. Əkrəm Əylisli bunların hamısını bir dəfəyə onların yerinə həll elədi” (Modern.az).
“Daş yuxular” əsərinin mətbuatda çap olunan fraqmentləri orijinalda olduğu kimidirsə, Əkrəm Əylisli bu xalqdan üzr istəməlidir”. Bunu da “Trend-ə açıqlamasında YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib: “Əsəri tam oxumamışam, qəzetlərdə əsərdəki fraqmentləri oxumuşam. Oxuduğum həmin fraqmentlər onun orijinal əsərində olduğu kimidirsə, min təəssüf və min heyrət. Əkrəm Əylisli Orxan Pamukun yolunu getmək istəyirsə, ondan Orxan Pamuk çıxmaz”.
YAP rəsmisinin sözlərinə görə, Ə.Əylisli bu yazısı ilə erməni dəyirmanına nəinki su tökür, hətta elektrik mühərriki yerləşdirir: “Təəssüf edirəm ki, Əkrəm Əylisli belə əsər yazıb və onu rus dilində nəşr etdirib. O kimin üçün yazıb? Xocalı faciəsini etiraf etməyən, uşaqları qaz borusunda qaynaq edib havasızlıqda boğub öldürən, 250 mindən çox azərbaycanlını oradan çıxardan erməni faşistlərinə dəstək üçünmü yazır? Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyir? Öz millətinin tarixini təhrif edərək kiməsə xoş gəlmək istəyir?”.
Yazıçı Pərviz Cəbrayıl isə “Qafqazinfo”ya açıqlamasında əsər ətrafında yaranmış ajiotajın səbəbinin ona gün kimi aydın olduğunu deyib: “Hələ kimsə romanı oxumayıb, ancaq fitnəyə, küyə gedən qara-güruh az qalır ki, Əkrəm Əylislini daş-qalaq eləsin. Məni dəhşətə gətirən bu korafəhmlikdi. Nə vaxta qədər azərbaycanlıları bir dəqiqənin içində qızışdırıb kiminsə üstünə salmaq mümkün olacaq? Axı olmazmı bu güllə kimi özündən çıxan zavallılar belə olmayalar? Hövsələlərini basalar, kitabı əldə eləyələr və oxuyandan sonra öz fikirlərini formalaşdıralar”.
P.Cəbrayıl qeyd edib ki, Əkrəm bəyin son vaxtlar hakimiyyət üçün səsləndirdiyi fikirlərin isti olmadığı hamıya məlumdur: “O, Rüstəm bəy, Cəmil bəy və başqa vicdanlı ziyalılarla bir cəbhədədi. Deməli, fürsət düşən kimi birinin ittifaqını dağıtmaq, birinin kitabını bağlamaq lazımdı. Bunlar uşaq əməlləridir. Yürüməz. Ziyalı ilə qədeş dilində danışmaq yaxşı heç nə vəd eləmir. Əylisli Azərbaycan nəsrinə damğa vuran 3-4 yazardan biridir. Son iki kitabını çıxmaqla bütün əsərlərini oxumuşam. Əsərlərinin səhifələrindən işıq damcılayır. Bu adam erməni olsaydı belə, mən yenə onu sevə-sevə oxuyardım. Yazıçı qan salan deyil, körpü salandı. Siyasətinki qandı, yazıçınkı can. ”Yeraz” kəlməsinə gələndə, bu, Əylislinin deyil, rəhmətlik Ziya Bünyadovun tapıntısıdır. Bu kəlməyə nifrət edirəm. Ancaq onun əsərdə işlənməsində yazıçının heç bir suçu yoxdur. Nə isə, kitabı oxumaq lazımdır. Ancaq ara yerdə əsərin yaxşı reklamı oldu. Hakimiyyətin hər bir işi kimi bu də əks-effekt verdi”.
Ə.Əylisli özü isə məsələyə münasibətində bildirib ki, qəhrəmanın dili ilə deyilənləri yazıçının ayağına yazmaq olmaz: “Əsərdə Azərbaycan xalqının ləyaqətini bir zərrə qədər də alçalda bilən söz yoxdur. Bu, bədii əsərdir, hər bir oxucu özü bildiyi kimi qavrayır. Mənim 75 yaşım var, xalqın əleyhinə yaza bilmərəm. Yazıçı Çingiz Hüseynov əsəri oxuyub və ”Zerkalo” qəzetinə müsahibəsində onu estetik şedevr adlandırıb. Bir şey demək istəyirəm, Qafqaz xalqları bir-birinə düşmən olmamalıdır, körpüləri yandırmaq olmaz. Əsəri oxuyanların təsəvvürlərində birtərəfli münasibətlər yarana bilər. Mövzu elə yazılıb ki, cəmiyyətdə maraq doğurmaya bilməz. Mən istəməzdim ki, əsəri oxumadan insanlar mülahizələr yürütsünlər və məni nədəsə ittiham etsinlər. Yeganə istəyim məsələyə obyektiv yanaşılmasıdır. Mənim üçün Azərbaycan xalqının ləyaqəti hər şeydən üstündür. Bu əsəri düşmənçiliyin aradan götürülməsinə bir səy kimi qiymətləndirmək olar. Azərbaycan xalqı humanist, vicdanlı, bəşəri dəyərlərlə yaşayan bir xalqdır”.
YAP-çı deputatların ittihamlarına gəlincə, Ə.Əylisinin cavabı belə olub: “Ən azı deputat Konstitusiyadan xəbərdar olmalıdılar. Konstitusiyanın 51-ci maddəsində yaradıcılıq azadlığı ilə bağlı maddə var. O maddədə hər kəsin öz düşündüyü və istədiyi kimi yazmaq hüququ var və buna dövlət tərəfindən təminat verilir. Mən Konstitusiyanı pozmamışam. O deputlar başa düşsünlər ki, bədii ədəbiyyata bu cür nadan münasibət bəsləmək olmaz. Bu münasibətdən əl çəksinlər. Yazıçını öyrətmək gülünclükdür. Mən 50 ildir yazıram, 50 ölkədə əsərələrim dərc olunur. Durub hansısa deputatdan yazmaq dərsi öyrənməyəcəm. Ədəbiyyatdan xəbərsizlərin hər birinə cavab vermək fikrində deyiləm. Sadəcə olaraq deyirəm ki, bir az abırlı olsunlar. Mənə hörmət etmirlərsə, Konstitusiyaya hörmət etsinlər”.
Gültəkin


