Nazirin “bəyanat kampaniyası” özünə qarşı çevrildi
Yanvarın 26-da Ehtiyatda Olan Zabitlər Birliyinin rəhbəri Yaşar Cəfərli Müdafiə Nazirliyi rəhbərliyinin yarıtmaz idarəçiliyinə etiraz olaraq imza kampaniyasına başladığını açıqlayıb. Elə həmin gün general-leytenant Yaşar Aydəmirov başda olmaqla bir qrup hərbi qulluqçu bəyanat qəbul edib. Bəyanatda Müdafiə Nazirliyinə qarşı aparılan imza kampaniyası Azərbaycan ordusunun inkişafına vurulan zərbə kimi qiymətləndirilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu bəyanata indiyədək 10 min nəfərdən çox hərbici qoşulub.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Media forum” saytına açıqlamasında deyib ki, məsələyə ictimai xarakter vermək üçün kimlərsə insanların imzasını qazanmağa çalışa bilər, amma məsələ bir, yaxud bir neçə nəfərin istefa verib-verməməsində deyil: “Daha vacib məsələləri gündəmdə saxlamaq lazımdır. Hər kəs Azərbaycan ordusunun güclü, modern olmasını, ölkənin təhlükəsizlik maraqlarını qorumasını istəyir. Vətəndaşların orduda xidmət keçməyə hazırlanması işinin yüksəldilməsi, orduda islahatların aparılması, rəhbər sahədə kollegial idarəçiliyin təmin edilməsi, bu məqsədlə dövlət proqramının qəbulu, beynəlxalq hərbi əlaqələrin, silah-sursat təminatının gücləndirilməsi kimi məsələlərin hər biri ayrılıqda mühüm və milli məsələdir. Hesab edirəm ki, Milli Məclisin qarşıdakı sessiyasında bu məsələlərlə bağlı müəyyən addımlar ata biləcəyik”.
Zahid Oruc imza kampaniyasının məsələni nə dərəcədə həll edib-etmədiyinə münsif olmaq istəmədiyini vurğulayıb: “Mənim üçün başlıca ideya mühüm dövləti addımların atılmasıdır. Imza kampaniyası keçirmək və ya onu şərh etməkdənsə düşünməliyik ki, ordu hazırkı dönəmdə ən mükəmməl səviyyəyə gəlib çatıbmı? Idarəetmədə hansısa yanlışlıqlar varmı, yoxmu? Vətəndaşların orduya etibarının ən yüksək səviyyəyə çatması üçün hansı tədbirlər həyata keçirilməlidir? Çağırış sistemində, orduda xidmət zamanı, əsgərin əsgərlə və zabitlərlə münasibətində hansı problemlər var? Sanki ordunun qabiliyyəti imza ilə formalasdırılır. Ölkə imza ilə qorunmur”.
YAP-çı deputat Siyavuş Novruzov isə ordu zabitlərinin bəyanatını səhv addım adlandırıb: “Bu, tamamilə səhv addımdır. Bununla kim məşğul olursa, çox səhv yoldadır, yanlış iş görür. Ordu yalnız orda çalışan zabitlərin, insanların ordusu deyil, bütün xalqındır. Ordu Azərbaycan cəmiyyətinə məxsusdur. Hərbi xidmətdə olan zabitin borcu qanuna tabe olmaqdır. Gündə bir bəyanat yazmaq, kimisə müdafiə etmək, digərini müdafiə etməmək zabitin işi, borcu deyil. Belə işlərlə məşğul olmaq Silahlı Qüvvələrin daxili nizamnaməsinə də, digər qanunvericilik aktlarına, hüquqi prosedurlara da ziddir. Hesab edirəm ki, bu, çox səhv addımdır. Orduya atılan böhtanın, əsassız ittihamın hər birinə fərdi qaydada cavab verilə bilər. Hansı zabit istəsə, bunu fərdi qaydada həyata keçirə bilər. Amma orduda kampaniya ola bilməz. Bu, qəti şəkildə qadağandır”.
YAP-çı deputat əlavə edib ki, bu işlə məşğul olanlar cəzalandırılmalıdır: “Bu səhvlə məşğul olanlar cəzalandırılmalıdır. Bunun ideya verəni, qapı-qapı düşüb imza toplayan, bununla məşğul olan kimlərdirsə, ciddi şəkildə cəzalanmalıdır”.
Zahid Orucla Siyavuş Novruzovun ordu zabitlərinin bəyanatına sərt reaksiya verməsi bəzi mülahizələrə səbəb olub. Heç şübhəsiz bu kampaniyanın arxasında Səfər Əbiyev dayanıb. Hər halda zabitlərin müdafiə nazirinin razılığı olmadan belə təşəbbüs irəli sürmələrinə inanmaq sadəlövhlük olardı. Ona görə də ehtimal edilir ki, “bəyanat kampaniyası” hakimiyyətdə müdafiə naziri Səfər Əbiyevin güc nümayişi kimi dəyərləndirilib. Iqtidarda düşünürlər ki, müdafiə naziri bununla zabitlərin onu dəstəklədiyi, “vurulacağı” təqdirdə ordunun ayağa qalxa biləcəyinin mesajını verir. Məhz bu baxımdan hakimiyyət zabitlərin “bəyanat kampaniyası”nı müsbət qarşılamayıb.