Beynəlxalq təşkilat tələb edir: “Saxlananlar dərhal azad olunmalıdır”
“Çıraq”ın inzibatşısı günahı boynuna götürdü; 10 nəfərə qarşı cinayət işi başlanıb
Ismayıllıda vəziyyət hələ də gərgindir. Rayon polis qüvvələrinin ciddi nəzarətindədir. Icra hakimiyyətinin binasına gedən bütün yollar bağlanmasa da, insanlar daim diqqətdə saxlanılır. Rayondan aldığımız məlumata görə, Bərdə, Zaqatala və Hacıqabulda yerləşən Daxili Qoşun hissələri Bakıdan gələn Daxili Qoşun hissələri və Çevik Polis Alayını əvəz edib. Talıstan kəndinin rayona gələn hissəsində polis postu qurulub…
İsmayıllılara da qubalılar kimi eyni maddə irəli sürülüb
Ombudsman Aparatının əməkdaşları DIN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş Idarəsində (MCMBI) həbs edilmiş 12 nəfərə baş çəkiblər.
“Bu şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər”, deyə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında bildirilir.
10 nəfər barəsində CM-in 186.2.1 (əmlakı qəsdən məhvetmə və ziyan vurma, zərərçəkmişə böyük ziyan vurulduqda), 233 (ictimai asayişin pozuntusunun təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq göstərilməsi) maddələri üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ötən il Quba hadisələri iştirakçılarına da bu maddələrlə ittiham irəli sürülmüşdü.
Daha iki nəfər – “Çıraq” hotelinin inzibatçısı və başqa bir nəfər isə xuliqanlıqda ittiham edilir. Təqsirləndirilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin edilib, bu barədə iğtişaşlar zamanı Ismayıllıda olmayan ombudsman işçiləri məruzə edir.
Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və onun köməkçisi Elçin Şirinov da MCMBI təcridxanasına baş çəkiblər. Elçin Behbudovun “Turan”a verdiyi məlumata görə, o, “Çıraq” hotelinin inzibatçısı Emin Şəmdinov və Bakı sakini Elməddin Məmmədov da daxil olmaqla, 12 məhbusla görüşüb.
Emin Şəmdinov təqsirini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu bildirib. Elməddin Məmmədova gəlincə, o özünü təqsirli bilmir. O, Şəmdinova hücum olduğunu görərək, onun köməyinə gəlib.
Elçin Behbudov Ismayıllı sakinləri ilə də söhbəti etdiyini deyir: “Biz onların bədənlərinə baxdıq, amma döyülmə izləri görmədik. Onlar saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər”.
Ancaq rayon sakinləri hüquq müdafiəçisinin dedikləri razılaşmır. Onlar bildirirlər ki, polis idarəsinə aparılan bütün rayon sakinlərinə işgəncə verilib. 10 nəfərdən artıq insan isə elə iğtişaş günü xəstəxanaya yerləşdirilib.
“Azərbaycan hakimiyyəti saxlananlarla pis rəftar üzrə dəhşətli ad çıxarıb”
“Azərbaycan hakimiyyəti Ismayıllıda etirazlarla bağlı saxlanan hər kəsin vəkilə çıxışını təmin etməlidir və saxlanan heç kəslə pis davranmamalıdır”. Bu bəyanatla “Human Rights Watch” təşkilatı yanvarın 30-da çıxış edib. “Hakimiyyət Ismayıllıda baş verənlərlə bağlı Bakıda dinc aksiya keçirən hər kəsi azad etməli, müstəqil müşahidəçilərin Ismayıllıya əngəlsiz çıxışını təmin etməli, saxlanan hər kəsi azad etməlidir”, – deyə bəyanatda vurğulanıb.
“Human Rights Watch” bildirir ki, polis iğtişaşları yatırtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Onlarla şəxs həbs olunub, hakimiyyət isə yanvarın 29-da bildirib ki, 12 nəfər saxlanıb, onlar talama və iğtişaş yaratmada təqsirli bilinir.
“Azərbaycan hakimiyyəti saxlananlarla pis rəftar üzrə dəhşətli ad çıxarıb. Hökumət Ismayıllı iğtişaşları ilə bağlı saxlanan heç kəslə pis rəftar edilməsinə imkan verməməlidir. Bunun qarşısını almaq üçün əsas təminat saxlananların vəkilləri ilə konfidensial görüşlərinə dərhal icazə verməkdir”, – bunu qurumun Cənubi Qafqaz üzrə tədqiqatçısı Georgi Qogia deyir.
Sakinlər danışmağa qorxduğu üçün informasiyanı təsdiqlətmək çətin olsa da, “Human Rights Watch” üç vəkillə danışıb, onlar bir neçə proses pozuntusu sadalayıblar, bir halda isə saxlanan döyülüb.
Bəyanatda polisin yanvarın 29-da Ismayıllıya səfər edən 20 nəfərlik qrupu saxladığı xatırlanır.
Hökumət insan haqları müdafiəçiləri və jurnalistlərin Ismayıllıya əngəlsiz girməsinə icazə verməlidir. Onlar yanvarın 23-də başlamış hadisələri sənədləşdirmək, eləcə də saxlananlara rəftarı, polisin iğtişaşları yatırmaq üçün aşırı gücdən yararlanmasını dəyərləndirmək istəyirlər.
“Ismayıllıda baş verənlərə dair çox suallar cavabsız qalır. Gücdən istifadə lazım idimi? Polis etirazçıları dağıtmaq üçün qeyri-zorakı metodları tükətdimi? Belədirsə, tətbiq olunan güc hədəyə uyğun idimi? Hakimiyyət insan haqları müdafiəçilərinin bu məsələləri maneəsiz araşdırmasına icazə verməlidir”, – Qogia belə deyib.
8 ay öncədən ismayıllılılar hökuməti xəbərdar etmişdilər
Ismayıllıda aksiyalar olan zaman rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov mətbuata açıqlama verərək bildirmişdi ki, aksiyanı keçirən 150-200 nəfər gənci istiqamətləndirən, bu hadisələrə təhrik edənlər var: “Aksiyanın iştirakçılarından, təşkilatçılarından heç bir müraciət daxil olmayıb. Onların görüşmək haqqında təşəbbüsü olmayıb. Ona görə də aksiya iştirakçıları ilə görüş olmayıb. Mən kiminlə görüşüm? 20-25 nəfər səpələniblər küçələrə, fit verirlər, hay-küy salırlar. Heç bir müraciət olmayıb, öz tələblərini səsləndirməyiblər, sözlərini deməyiblər. Amma nə istədikləri bilinmir. Gəlib tələblərini irəli sürmək, sözlərini demək, fikirlərini bildirmək məsələsi yoxdur”.
Bəli, icra başçısı açıq-aydın deyir ki, 150-200 nəfəri olayı törətməyə təhrik edənlər var. Üstəlik, ona heç bir müraciət olmadığını bildirir. Müsahibəsində deyir ki, rayon sakinləriylə daim təmasda olub, onların problemləriylə maraqlanıb.
Ancaq biz “Azadlıq” olaraq hələ ötən ilin mayın 3-də Prezident Administrasiyasına (PA) yürüş edən rayonun Ivanovka kəndinin 100-dən çox sakininin problemini işıqlandırmışdıq. Onların əsas narazılığı yerli icra orqanlarından, Icra Hakimiyyətinin başçısı Nizami Ələkbərovdan, polis idarəsindən idi. Son beş ildə çoxlu qanunsuzluqlarla üzləşdiklərini deyən sakinlər onlara rahat yaşamağa, işləməyə imkan verilmədiyini söyləyirdilər.
Bu da video-fakt:
Videonun stenoqramını da təqdim edirik: “Prezidentimiz deyir ki, 200 manatdan çox maaş almalıyıq. Ancaq onu ala bilmirik. Gündə sədrimizi çağırıb deyirlər ki, pay ver, pul ver, onu ver, bunu ver. Qoymurlar bizi işləməyə. Camaatı sıxışdırırlar, qoymurlar ki, camaat öz işini işləsin. Sədrimizi dəyişmişik deyirlər ki, niyə dəyişmisiz. Xalq dəyişib deyirik. Deyirlər ki, xalq kimdir”.
Şikayətçilərin bir neçəsini PA-da qəbul etsələr də onlara verilən vədlər ivanovkalıları razı salmayıb.
Indi yenidən icra hakimiyyətinin dediklərinə qayıdaq. Tutaq ki, aksiya edən 150-200 nəfəri kimlərsə yönəldib. Bəs, bu Ivnovka sakinlərini PA-ya kim göndərib? Kənd sakinlərinin problemlərinə niyə diqqət edilməyib? Icra başçısı sakinləri vaxtında dinləsəydi, kim bilir bəlkə də bu problemlər olmazdı.
***
Bu videoları isə yanvarın 29-da Bakıdan gedən ictimai fəallar və jurnalistlər çəkiblər və onlar İsmayıllı camaatının narsazılığının hələ də qaldığını göstərir:
Ramin DEKO